Azərbaycan milli mətbuatı 151 illiyini qeyd edir. 1875-ci ilin bu günündə Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuat 151 illik inkişaf yolu keçərək bu gün rəqəmsallaşma, süni intellekt, multimedia jurnalistikası və qlobal informasiya məkanında yeni çağırışlara layiqincə cavab verir.
Azərbaycan mətbuatı çox məhrumiyyətlər yaşayıb, çox çətinliklərdən keçib. Həsən bəy Zərdabi iki il ərzində “Əkinçi”nin 56 sayını çap etdirə bildi. Həsən bəy bəzi nüsxələri öz hesabına, Bakı Real Məktəbində müəllimlikdən qazandığı vəsaiti ilə çap etdirirdi. Ancaq onun və xələflərinin çəkdiyi əziyyətlər, yaşadığı məhrumiyyətlər boşa getmədi. Onlar elə bir yol açdılar ki, bu yolun ziyası 151 ildir, Azərbaycan mətbuatını işıqlandırır.
XIX əsrin sonlarından başlayan mətbuat yolu Azərbaycan Xalq Cümhuriyyəti illərində davam etdi, yeni çalar qazandı. Müstəqil Cümhuriyyətin tarixinin yazılmasında, insanların maarifləndirilməsində milli mətbuat əvəzsiz rol oynadı.
Sovet hakimiyyəti illərində də Azərbaycan mətbuatı inkişafından qalmadı, ana dilində qəzet və jurnallar nəşr olundu, radio və televiziyalar yarandı, layiqli jurnalistlər, yerli kadrlar yetişdi.
Heydər Əliyev müasir Azərbaycan mediasının hüquqi əsaslarını formalaşdırdı

Müstəqillik illərində isə Azərbaycan mediası yeni çağırışlarla üz-üzə qaldı. Müstəqilliyin ilk illərində Azərbaycan mətbuatı Birinci Qarabağ müharibəsi, ölkədə qeyri-sabitlik, iqtisadi böhran, hüquqi bazanın zəifliyi, dövlət senzurası və maliyyə çatışmazlığı səbəbindən ciddi problemlərlə üzləşmişdi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra media sahəsində ardıcıl islahatlara başlanıldı, söz, fikir və mətbuat azadlığının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edildi.
1998-ci il avqustun 6-da imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanla dövlət senzurası tamamilə ləğv olundu. Bu qərar postsovet məkanında media tarixinin ən mühüm hadisələrindən biri hesab edilir və müstəqil medianın inkişafı üçün yeni imkanlar yaratdı.
1999-cu ildə qəbul edilən "Kütləvi informasiya vasitələri haqqında" qanun mətbuatın hüquq və vəzifələrini, jurnalistlərin peşə fəaliyyətinin təminatlarını və dövlət-media münasibətlərinin əsas prinsiplərini müəyyənləşdirərək uzun illər media fəaliyyətinin əsas hüquqi bazasını təşkil etdi.
Bu dövrdə müstəqil mətbuatın inkişafı üçün əlverişli mühit formalaşdı, yeni qəzetlər, jurnallar, informasiya agentlikləri yaradıldı, özəl televiziya və radio kanallarının fəaliyyəti genişləndi. Eyni zamanda Azərbaycan jurnalistlərinin ATƏT, UNESCO, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndi.
Heydər Əliyev jurnalistlərlə mütəmadi görüşlər keçirir, mətbuatı "cəmiyyətin güzgüsü" adlandıraraq onun dövlət və cəmiyyət üçün əhəmiyyətini vurğulayırdı.
Beləliklə, Ulu öndərin rəhbərliyi dövründə söz və mətbuat azadlığının hüquqi əsasları yaradıldı, senzura aradan qaldırıldı, müasir media qanunvericiliyinin təməli qoyuldu və dövlət-media münasibətlərinin institusional modeli formalaşdırıldı. Sonrakı islahatlar da məhz bu baza üzərində quruldu.
Medianın inkişafında yeni mərhələ

2003-cü ildən başlayaraq isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediası inkişafın yeni mərhələsinə qədəm qoydu. Əgər əvvəlki dövrdə əsas məqsəd hüquqi bazanın yaradılması idisə, bu mərhələdə prioritet institusional inkişaf, iqtisadi dayanıqlılıq, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq və innovativ media modelinin qurulması oldu.
Media qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, qanunvericiliyin müasirləşdirilməsi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl addımlar atıldı.
2008-ci ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond vasitəsilə media layihələri maliyyələşdirildi, qəzetlərə dövlət dəstəyi göstərildi, jurnalist müsabiqələri keçirildi və media subyektlərinin iqtisadi dayanıqlığı gücləndirildi.
Jurnalistlərin sosial müdafiəsi istiqamətində 2013-cü ildə 155 mənzilli, 2017-ci ildə isə 255 mənzilli yaşayış kompleksləri istifadəyə verildi. Bu layihələr postsovet məkanında jurnalistlərin sosial rifahına yönəlmiş ən iri dövlət proqramlarından biri hesab olunur.
Azərbaycan mediası Vətən müharibəsində

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan mediasının tarixində dönüş nöqtəsinə çevrildi. Müharibə göstərdi ki, qələbə təkcə döyüş meydanında deyil, informasiya məkanında da qazanılır.
Yerli media cəbhədən məlumatları, ordumuzun zəfər yürüşünü operativ şəkildə ictimaiyyətə çatdırdı, cəbhədən reportajlar hazırladı, Ermənistanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə raket hücumlarını, mülki əhaliyə qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə təqdim etdi. İşğaldan azad olunan ərazilərdən yayımlanan ilk görüntülər də məhz Azərbaycan mediası vasitəsilə ictimaiyyətə çatdırıldı.
Həqiqətlərin dünyaya çatdırılmasında Prezident İlham Əliyev də misilsiz rol oynadı. Dövlət başçısının CNN, BBC, Al Jazeera, Euronews, France 24, Fox News və digər nüfuzlu media qurumlarına verdiyi 30-dan çox müsahibə Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına, informasiya müharibəsində qələbəyə mühüm töhfə verdi. Yerli media da öz növbəsində bu müsahibələri operativ yayaraq vahid informasiya siyasətinə qoşuldu.
Azərbaycan mediası 44 günlük müharibə zamanı həm Ermənistan mətbuatı, həm də ayrı-ayrı xarici media orqanlarında yayılan dezinformasiyaların ifşasında da fəal iştirak etdi, sosial media platformalarında saxta xəbərlərə operativ reaksiya verdi və etibarlı informasiya mənbəyi kimi çıxış etdi.
Bu təcrübə göstərdi ki, müasir dövrdə media təkcə xəbər istehsalçısı deyil, həm də milli təhlükəsizlik, strateji kommunikasiya və informasiya diplomatiyasının mühüm elementidir.
Postmüharibə dövrü: Media islahatlarının yeni mərhələsi

Vətən Müharibəsində qələbədən sonra media islahatları yeni mərhələyə keçdi. 2021-ci ildə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı, "Media haqqında" qanun qəbul edildi.
MEDİA-nın yaradılması media idarəçiliyində yeni mərhələ açdı. "Media haqqında" qanun Media Reyestrini təsis etdi, media fəaliyyətini vahid hüquqi mexanizmlə tənzimlədi, media sahəsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müasir tələblərə uyğun müəyyənləşdirdi, onlayn medianın hüquqi statusunu təsbit etdi.
2022-ci ildə Media Reyestrinin fəaliyyətə başlaması ilə media subyektləri və jurnalistlər haqqında məlumatların sistemləşdirilməsi, akkreditasiya prosesinin sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atıldı.
İnformasiya diplomatiyası da yeni məzmun qazandı. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər və digər azad edilmiş rayonlara yerli və xarici jurnalistlər üçün media turları təşkil olundu. Xarici media nümayəndələri erməni vandalizmini, mina təhlükəsini, eləcə də bərpa və yenidənqurma layihələrini yerində izləmək imkanı əldə etdilər.
Azərbaycan mediasının beynəlxalq əməkdaşlığı daha da genişləndi. COP29 zamanı minlərlə yerli və xarici jurnalistin fəaliyyəti üçün müasir media mərkəzləri yaradıldı və bu, ölkənin media infrastrukturunun imkanlarını nümayiş etdirdi.
Beləliklə, postmüharibə dövründə Azərbaycan mediası hüquqi, institusional və texnoloji baxımdan yeni inkişaf mərhələsinə qədəm qoyaraq qlobal informasiya məkanında daha fəal iştirak etməyə başladı.
Son illərdə rəqəmsal transformasiya sürətlənib, xəbər portalları, multimedia və mobil jurnalistika inkişaf edib. Süni intellekt, data jurnalistikası, faktların yoxlanılması və kibertəhlükəsizlik sahələrində jurnalistlər üçün geniş təlim proqramları təşkil olunub.
MEDİA tərəfindən media etikası, rəqəmsal jurnalistika, faktların yoxlanılması, kibertəhlükəsizlik, data jurnalistikası və süni intellekt texnologiyalarının tətbiqi üzrə çoxsaylı təlimlər təşkil olunur, media savadlılığının artırılması və dezinformasiyaya qarşı mübarizə istiqamətində layihələr həyata keçirilir.
Azərbaycan mediasının beynəlxalq əlaqələri də genişlənib, aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq inkişaf etdirilir, beynəlxalq media forumları və jurnalist mübadilə proqramları icra olunur. COP29 kimi qlobal tədbirlər zamanı yüzlərlə xarici jurnalistin Azərbaycanda fəaliyyəti ölkənin media imkanlarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradıb.
Nəticədə Azərbaycan mediası ənənəvi informasiya modelindən rəqəmsal və çoxplatformalı media sisteminə keçib. Hazırda əsas prioritetlər peşəkar jurnalistikanın inkişafı, dezinformasiyaya qarşı mübarizə, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasıdır.
Azərbaycan mediası qlobal çağırışlara doğru

Qlobal media sənayesi süni intellekt, rəqəmsal texnologiyalar və multimedia jurnalistikasının sürətli inkişafı ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan mediası da bu transformasiya prosesinə uyğunlaşaraq fəaliyyətini beynəlxalq tendensiyalar əsasında inkişaf etdirir.
Media qurumlarında süni intellekt əsaslı tərcümə, mətn emalı, video və vizual kontentin hazırlanması, məlumatların analizi kimi alətlərdən istifadəsi genişlənir.
Yerli media qurumları dünyanın aparıcı xəbər agentlikləri və media təşkilatları ilə əməkdaşlığı genişləndirir, jurnalistlər beynəlxalq forum və peşəkar proqramlarda iştirak edirlər.
Rəqəmsal platformaların inkişafı, mobil jurnalistika, multimedia formatları və sosial media üzərindən operativ xəbər yayımı medianın fəaliyyət modelini əhəmiyyətli dərəcədə dəyişib. Dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyi və beynəlxalq auditoriyaya keyfiyyətli məzmun təqdim edilməsi əsas prioritetə çevrilib.
151 illik tarixə malik Azərbaycan mətbuatı milli ənənələrini qorumaqla yanaşı, innovativ texnologiyaları mənimsəyərək, beynəlxalq əməkdaşlığını genişləndirir, qlobal media standartlarına uyğunlaşaraq inkişafını davam etdirir.
Bu gün Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir. Geriyə dönüb baxanda, bu 151 ildə Azərbaycan mediasının şərəfli yol gəldiyini mübaliğəsiz söyləmək olar. Bu gün Azərbaycan mətbuatı artıq dünya mətbuat ailəsiniz layiqli üzvləri sırasında yer alır. Dünyanın müxtəlif nüfuzlu media qurumları Azərbaycanın ayrı-yarı mətbuat orqanlarını, informasiya agentliklərini, televiziyalarını etibarlı mənbə kimi qəbul edir, onların məlumatlarını yayır, onlarla hesablaşır. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan mətbuatının 151 il əvvəl “Əkinçi”dən başlayan yolu hələ uzun, uğurları isə daha çox olacaq.