“Barselona” tarixində ilk dəfə bir mövsüm ərzində 1 milyard avrodan çox gəlir əldə edib.
Lent.az xəbər verir ki, 2025/26 mövsümünün illik maliyyə hesabatı klubun ardıcıl üçüncü mövsümdə müsbət nəticə göstərdiyini ortaya qoyub. Bu göstərici “Barselona”ya maliyyə sabitliyi ilə bağlı qarşıya qoyulan hədəfə çatmağa imkan verib.
Rekord gəlirin əsas səbəblərindən biri “Kamp Nou” stadionundan əldə olunan gəlirlərin artması olub. Stadion yenidənqurmadan sonra 2025-ci ilin noyabrında komandanı yenidən qəbul etməyə başlayıb.
Klubun açıqlamasında bildirilib ki, bu nəticə “Kamp Nou” tam istifadəyə verildikdən sonra stadionun gələcəkdə nə qədər böyük iqtisadi potensiala sahib olacağını göstərir. Rekord gəlirə təsir edən digər amillər arasında sponsorluq gəlirlərinin artması və klub atributikasının satışı ilə məşğul olan BLM törəmə şirkətinin rekord dövriyyəsi də yer alıb.
Mövsümün maliyyə nəticələri sentyabrın 19-da klub üzvlərinin ümumi yığıncağında təqdim ediləcək.
Qeyd edək ki, komanda stadiona qayıtdıqdan sonra yenidənqurma işləri tam başa çatmadığı üçün arenanın tutumu 42 min tamaşaçı ilə məhdudlaşdırılıb.
“Barselona” hazırda İspaniya çempionudur. Klub La Liqanın yeni mövsümündə keçirdiyi ilk üç oyunun hamısında qələbə qazanıb, rəqib qapılarına ümumilikdə 12 qol vurub və cəmi 2 qol buraxıb. Komanda turnir cədvəlinə başçılıq edir.