12 gün yolda  - Tarixin ən uzun tıxacına nə səbəb oldu?
27 avqust 2026 20:15 (UTC +04:00)

12 gün yolda - Tarixin ən uzun tıxacına nə səbəb oldu?

0

2010-cu ilin avqustunda Çində baş verən nəhəng yol tıxacı nəqliyyat tarixinin ən qeyri-adi hadisələrindən biri kimi yadda qalıb. Pekin-Tibet magistralı və ona paralel G110 milli yolunda yaranan sıxlıq 100 kilometrdən çox əraziyə yayılıb və minlərlə avtomobili hərəkətsiz vəziyyətdə qoyub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, böyük tıxac 14 avqust 2010-cu ildə yaranmağa başlayıb.

Əsas səbəblərdən biri yol təmiri ilə əlaqədar G110 magistralının ötürücülük qabiliyyətinin azalması, digəri isə Daxili Monqolustandan Pekin istiqamətində hərəkət edən çoxsaylı ağır yük maşınları olub. Avtomobillərin sıradan çıxması və kiçik qəzalar da vəziyyəti daha da ağırlaşdırıb.

Yol kənarında müvəqqəti bazarlar yarandı

Günlərlə yolda qalan sürücülərin su və ərzağa ehtiyacı artdıqca ətraf kəndlərin sakinləri magistral yol boyunca satışa başlayıblar.

Məlumata görə, normalda 1 yuana satılan suyun qiyməti bəzi yerlərdə 15 yuana qədər yüksəlib. Hazır əriştə və digər ərzaqlar da adi qiymətindən bir neçə dəfə baha təklif olunub. Bəzi satıcılar məhsulları velosipedlərlə avtomobillərin arasında gəzərək satıblar.

Uzun gözləmə zamanı sürücülər vaxtlarını kart və şahmat oynamaqla keçirməyə çalışıblar. Həmin dövrün reportajlarında yolun bəzi hissələrinin avtomobil magistralından daha çox nəhəng dayanacağı xatırlatdığı qeyd olunurdu.

Vəziyyətin nəzarətdən çıxmaması üçün təxminən 400 polis əməkdaşı əraziyə cəlb edilmişdi. Səlahiyyətlilər həmçinin yük avtomobillərinin hərəkətini nizamlamağa və nəqliyyat axınını alternativ yollarla azaltmağa çalışırdı.

Avqustun 26-na doğru əsas tıxac xeyli azalmışdı. Lakin elə bir neçə gün sonra eyni magistralda qəza və yol təmiri səbəbindən yenidən onlarla kilometr uzunluğunda sıxlıq yaranmışdı.

2010-cu ildə Çində yaşanan bu hadisə bu gün də dünyanın ən uzunmüddətli və qeyri-adi yol tıxaclarından biri kimi xatırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar