Suriyadakı qırğın yalnız kürdlərə xeyir verir
23 iyul 2012 16:31 (UTC +04:00)

Suriyadakı qırğın yalnız kürdlərə xeyir verir

Suriyada prezident Bəşər Əsədə sadiq ordu bölmələri və müxalif Suriya Azadlıq Ordusu paytaxt Dəməşq və ölkə iqtisadiyyatının paytaxtı sayılan Hələb şəhərində qanlı savaşa başladığı bir vaxtda kürdlər hərəkət keçiblər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriyada PKK terror təşkilatına yaxın partiyanın silahlıları döyüşsüz 4 şəhərə nəzarəti ələ alıb. Bura Haske əyalətindəki Amude və Derik, Hələb əyalətindəki Kobaini və Afrin şəhərləri daxildir. Xüsusən strateji əhəmiyyətə malik və neft bölgəsi olan Derik şəhərinin kürd silahlılarının nəzarətinə keçməsi diqqət çəkir. Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani təkzib etməyə çalışsa da, İraqdakı kürd silahlılarının Suriyadakı bu bölgələrə göndərildiyi bildirilir. Kürdlər silahlı qüvvələrini cəmləşdirərək gələcəkdə yaradacaqları müstəqil dövlətin mərkəz kimi gördükləri Qamışlı şəhərinə hücuma hazırlaşırlar. Qamışlı şəhəri hələ ki, Bəşər Əsədə sadiq ordu bölmələrinin nəzarətindədir.

Kürd silahlıları nəzarətə götürdükləri şəhərlərə müxalif Suriya Azadlıq Ordusunun da döyüşçülərini buraxmır və bu bölgənin Böyük Kürdüstanın bir parçası olduğunu bəyan edirlər. Bu gün Suriya Azadlıq Ordusunun Səlahəddin Əyyubi Birliyinin komandiri görüntülü bir bəyanat yayaraq, PKK-nın Suriyadakı qanadını təhdid etməsi də diqqət çəkir. O deyib: “Qatil PKK qüvvələrinə xəbərdarlıq edirik, vahid Suriya bizim qırmızı cizgimizdir”.


Xatırladaq ki, ABŞ və müttəfiqləri İraqı işğal edəndən sonra ölkədə müqavimət hərəkatını yatırtmaq üçün məhz kürd kartını işə salıblar. İraqın şimalında Səddam Hüseyn rejiminə qarşı mübarizə aparmış, rəhbəri Cəlal Tələbani olan İraq Kürdüstan Yurdsevərlər Birliyi və rəhbəri Məsud Bərzani olan İraq Kürdüstan Demokrat Partiyasını bir araya gətirərək, Şimali İraq Kürdüstan Muxtariyyətinin yaradılması üçün zəmin hazırlayıblar. Daha sonra da İraq Konstitusiyasında dəyişiklik olunub, muxtariyyətin yaradılması qanuniləşdirilib, Məsud Bərzani muxtariyyətin rəhbəri seçilib, Cəlal Tələbani isə İraq prezidenti postuna gətirilib. Ancaq heç kimə sirr deyil ki, bu gün Şimali İraq Kürdüstan Muxtariyyəti faktiki müstəqil dövlətdir və Türkiyəni parçalamağa çalışan PKK terror təşkilatının əsas bazaları da məhz Şimali İraq dağlarındadır. Məsud Bərzani Suriyada proseslər başlayan zaman da ortaya çıxıb, ABŞ-a səfər edərək prezident Barak Obama ilə görüşüb. Məhz bu görüşdən bir müddət sonra Suriyada PKK-ya yaxınlığı ilə seçilən partiyanın rəhbərliyini və kürdlərin bölgədəki digər nüfuzlu qruplaşmasının əsas simalarını Ərbildə bir araya gətirib. Həmin görüşdən sonra Türkiyə mətbuatı yazmışdı ki, Məsud Bərzani bu görüşdə ABŞ səfərindən söz açıb, Suriyadakı kürd qrupların Vahid Kürdüstan ideyası ətrafında birgə mübarizəyə başlayacaqları təqdirdə hər cür yardım vəd edib.


Son proseslər isə göstərir ki, Suriyada hakimiyyət və müxalifət arasında qanlı müstəviyə keçən mübarizədə yeganə qansız qazanc əldə edənlər kürdlərdir. Lakin proseslərdən ən çox ziyan çəkənlərdən birinin də bu gün Suriya müxalifətinə ciddi dəstək verən Türkiyənin olacağı qaçılmaz görünür. Çünki Suriyada kürdlər yaşayan bölgələr məhz Türkiyə sərhədi yaxınlığında yerləşir. Bu bölgələrdə PKK terror təşkilatının Suriya qanadının üzvlərinin sərbəst hərəkəti nəticəsində bu ərazilərdən Türkiyəyə qarşı terror aktlarını planlaşdırması asanlaşacaq. Əslində kürdlər üçün bölgədə böyük dövlət qurmaq istəyən böyük güclərin də əsas hədəfinin əslində Türkiyə olduğu sirr deyil...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar