İran erməniləri niyə  Azərbaycana toplayır?
15 iyul 2011 12:24 (UTC +04:00)

İran erməniləri niyə Azərbaycana toplayır?

Xristianlığı qəbul edənləri, bəhailəri, zərdüştiləri dar ağacından asıb, onlar çeşidli cəzalar verən rejimin davranışından belə çıxır ki, o, vicdan azadlığına sayğı ilə yanaşır. Halbuki baş verənlər bunun əksini dəfələrlə təsdiqləyib.

İran hakimiyyətinin vicdan azadlığına necə yanaşmasını bu yazımızda dəyərləndirmək niyyətində deyilik. Sadəcə olaraq, yada saldıq ki, erməniləri xristian olduğunu görə müdafiə edən İranın siyasəti əslində çox eybəcərdir. O, müsəlman Fələstin ərəblərdən istifadə etdiyi kimi, elə ermənilərdən də öz məqsədi üçün istifadə edir.

Qərbi Azərbaycan əyalətinin Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasimə toplaşması bir adətə çevrilib. “İRNA”nın məlumatına əsasən, əyalətin Çaldıranda keçirilən əlaqələndirmə şurasının toplantısında rayonun rəhbəri Həmidrza Kulipur söyləyib: “İyulun 21 – də Qarakilsəyə dünyadan 5 min xristianın (əslində erməninin-S.S.) gələcəyi gözlənilir. Ona görə də biz tədbirin yüksək səviyyədə keçməsi üçün davamlı rabitəni, təcili tibbi yardım işini və s. təmin edəcəyik”.

Azərbaycandakı erməni kilsəsinin başçısı Meloyan Qərbi Azərbaycan əyaləti rəhbərliyinə bu yöndə gördüyü işlərə görə təşəkkür edib. Keşiş saxtalaşdırılmış tarixdən və İslam Respublikası rəhbərliyinin etnik azlıqlara göstərdiyi sayğıdan da danışıb: “Qarakilsə Qərbi Azərbaycanda UNESKO-nun mədəni irsi siyahısına düşmüş üçüncü tarixi abidədir. Ermənilər inanır ki, bu kilsənin yerində İsanın həvvarilərindən biri – Faddey dəfn olunub. Bu İranda milli azlıqların haqqının qorunmasına bariz örnəkdir”.

Xatırladaq ki, ötən il iyulun 29-da Güney Azərbaycanın Urmiya şəhərində dünya ermənilərinin idman festivalının açılış olmuşdu. 10 gün davam etmiş bu mərasim Urmiyanın Çarbaş məhəlləsində ermənilərə məxsus idman klubunda gerçəkləşdirilib. Festivalda Ermənistan, Livan, İran, İraq, habelə Avropa və Amerika ölkələrində yaşayan ermənilər iştirak edib.

Tədbir İran məclisi, İslam Respublikası Bədən Tərbiyəsi İdarəsi və iranlı ermənilər qurumu tərəfindən təşkil olunmuşdu. 2009-cu ildə keçirilən bu mərasimə 2 min erməni qatılmışdı. Onlar Urmiyanın ən bahalı sahilyanı mehmanxanalarında qalıblar.

Onu da qeyd edək ki, İran hakimiyyəti dünya ermənilərinin Güney Azərbaycanın Çaldıran rayonunda Qarakilsə adlı kilsəyə toplaşaraq, dünya ermənilərinin tədbirini keçirməyə şərait yaradır. Bu mərasimdə Tehran hakimiyyətinin rəsmiləri çıxış edir. Orada “ermənilərin problemləri” və “soyqırım” kimi saxta tarixi hadisələrdən də danışırlar.

İslam Respublikasının Ermənistandakı səfiri Seyidəli Saqaian bildirib ki, Tehran Universiteti ilə Yerevan Universiteti arasında əldə edilmiş anlaşmaya əsasən, İran paytaxtında ermənişünaslıq Mərkəzi yaradılacaq. Bu tədbir “Ermənistan və İran İslam Respublikası arasında 2010-2013-cü illərdə elm, təhsil və texnologiyalar sahəsində əməkdaşlıq proqramı” çərçivəsində gerçəkləşdirilib. Dünya Azərbaycanlılarının qurultayı keçirildikdən, yaxud dünya azərbaycanlıları ilə bağlı hər tədbirdən sonra İslam Respublikasının rəhbərliyi ermənilərə xoş münasibəti ilə bağlı bir mərasim təşkil edir.

Bütün bunların fonunda islamçı İran rejimi ilə işğalçı Ermənistan arasında bu və buna bənzər yaxınlaşmaların əslində nəyə xidmət etdiyi sirr deyil. Türklərə qarşı olduğuna görə Tehranla Yerevan biri-birindən asılıdır. Ermənilər isə İslam Respublikasının onlardan daha çox asılı olduğunu söyləyirlər.

Bir müddət öncə erməni politoloqu Levon Məlik-Şahnazaryan belə bir bəyanatla çıxış etmişdi: “İranın Ermənistana daha çox ehtiyacı var. İranın Ermənistandan başqa bölgədə heç bir müttəfiqinin olmadığını nəzərə alsaq, bu nöqteyi-nəzər təkzibedilməz xarakter alır. Əgər İrana aparan yol bizim üçün ancaq İrana aparan yoldursa, Ermənistana yol İran üçün onu Avropa ilə birləşdirən yoldur. Güman edirəm ki, bu kontekstdən baxanda bizim ölkələrimiz arasındakı münasibətləri heç nə poza bilməz”.

İran Qarkilsədə, Güney Azərbaycanda Şimali Azərbaycan torpaqlarını işğal edənlərə mərasim düzənləyir .Onların həmin yığıncaqlarda saxta erməni tarixindən danışmasına, Azərbaycanın tarixi torpaqlarının “erməniləşdirilməsinə” imkan yaradır. Lap elə Türkiyəyə qarşı olan terrorçu kürdləri dəstəkləyib, onların Güney Azərbaycan torpaqlarına köçməsinə şərait yaratdığı kimi. Ancaq indi İran hakimiyyəti həmin terrorçulara qarşı mübarizə apardığını bəyan edir. Bu mübarizə gec deyilmi?

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar