37 il yaşadığı saraydan çıxarılan prezident xanımı, prezident... - HEKAYƏT
18 fevral 2011 16:13 (UTC +04:00)

37 il yaşadığı saraydan çıxarılan prezident xanımı, prezident... - HEKAYƏT

O, Banqladeşin ilk qadın Baş naziri kimi adını tarixə yazdı.

O, 2001–2006-cı illərdə yenidən Baş nazir vəzifəsini tutaraq yeni bir ilkə imza atdı.

Xalidə Ziya Banqladeş Milli Partiyasının (BMP) lideridir.

“Forbes” dərgisinin dünyanın “100 ən güclü qadın”ı siyahısında xanım Begüm Xalidə Ziyanın adı 33-cü yerdədir!

Begüm Xalidə Ziya! Qətlə yetirilmiş prezident Ziaur Rəhmanın həyat yoldaşı olan Begüm Xalidə Ziya ölkənin dövlət müstəqilliyinin 35-ci ildönümündən başlayaraq, Banqladeşi 10 il (ən uzun müddət!) idarə etmişdir. O, 1991, 1996 və 2001-ci illərdə hər dəfə ayrı seçki dairəsindən parlamentə seçilmişdir. Bu, Banqladeş tarixində ilk belə hadisədir!

Xanım Baş nazirin ölkəsini bir az yaxından tanıyaq:

Paytaxtı Dəkkə şəhəri olan Banqladeş Xalq Respublikasının əhalisinin sayı 115 milyon nəfərdir. Ölkənin rəsmi dili benqal dilidir. Banqladeş əhalisinin əksəriyyətini (85%) müsəlmanlar təşkil edir. İkinci yeri (12.2 %) hinduizmə sitayiş edənlər, yerdə qalanını (0.6 % ) isə buddistlər tutur.

Güney Asiya ölkəsi olan Banqladeş quzeydən, güneydən və qərbdən Hindistanla, güney-şərqdən Myanma ilə, güneydən Benqal körfəzi ilə əhatə olunmuşdur.

Ölkədə çoxpartiyalı demokratik sistem hökm sürür. 1972-ci ildə təsis edilmiş Konstitusiya ilə idarə edilən ölkənin başçısı xalq tərəfindən 5 il müddətinə seçilir. Banqladeş parlamenti 330 üzvdən ibarətdir. Parlament də 5 ildən bir seçilir.

Həyatının ilk illəri

Begüm Xalidə Ziya 15 avqust 1945-ci ildə Hindistanın Birbhum şəhərində İsgəndər Majumder və Taiyaba Majumderin ailəsində dünyaya göz açmışdır. Sonralar ailəsi ilə birlikdə Dinajpur Dairəsinə köçmuşdür. Ailəsi əslən Hindistanlıdır. Nənəsi isə Banqladeşin Feni şəhərindəndir. Xalidə ailəsinin ən kiçik övladıdır. Onun iki qardaşı və iki bacısı var: Səid İsgəndər - istefaya çıxmış hərbçi, Şamim İsgəndər - Biman Banqladeş Hava Yollarının mühəndisi, böyük bacısı Xurşud Cahan - əvvəllər Qadınların Müdafiəsi naziri olmuşdur. İkinci bacısı vəfat etmişdir.

Xalidə Ziya ilk təhsilini Dinajpurda Qızlar məktəbində almışdır. 1960-cı ildə, 15 yaşında ikən o, Ziaur Rəhmanla ailə həyatı qurmuşdur. Həmin vaxt Qərbi və Şərqi Pakistanda qüvvədə olan Azyaşlıların nikaha girməsinə məhdudiyyət qoyan 1929-cu il aktına görə evlilik yaşı 16 təyin edilmişdi. Sonralar Banqladeş Milli Partiyasının sədri və iki dəfə Baş nazir olmuş Xalidə Ziya orta məktəbin 8-ci sinfindən təhsilini yarımçıq qoymağa məcbur qalmışdır.

Birinci xanım

Keçmiş prezident Xondaker Mostaq Əhməd, Şeyx Muyibur Rəhmanın ölümündən sonra Baş general Ziaur Rəhmanı Banqladeş Ordusunun Silahlı Qüvvələrinin komandanı təyin etmişdir. O, sonradan Milli Partiyanı yaradaraq ölkədə sivil idarəetmənin əsaslarını qoymuş və demokratik seçkilər əsasında prezident seçilmişdir.

Prezidentin 30 may 1981-ci ildəki qətlindən öncəki dövrlərdə Xalidə Ziya ölkənin ictimai-siyasi həyatında fəallıq göstərmirdi. Hətta 1975-ci ildə həyat yoldaşı hakimiyyətə gələndən sonra da o, vaxtının çox hissəsini övladlarını (iki oğlunu) böyütməyə həsr edirdi.

Prezident Ziaur Rəhmanın qətlindən sonra vitse-prezident Abdus Səttar onun yerinə keçdi və BMP-nin sədri oldu. Ancaq Qoşunların başçısı Hüseyn Mühəmməd Ərşad 1982-ci il mart ayının 24-də Abdus Səttarı devirdi. 1983-cü ilin mart ayında Abdus Səttar Xalidə Ziyanı BMP-nin sədr müavini təyin etdi. 1984-cü ilin fevralında isə Səttarın siyasətdən getməsi ilə keçmiş birinci xanım partiyanın birincisi – sədri oldu.

Begüm Xalidə Ziyanın rəhbərliyi altında 7 partiyadan təşkil olunan Alyans Ərşadın avtokratik rejiminə qarşı mübarizəyə başladı. 9 illik mübarizə ərzində Xalidə Ziya Ərşadın hakimiyyətinə qarşı heç bir kompromisə getmədi. Onun prinsiplərindən dönməyəcəyini görən hökumət qadağanedici qanunlardan istifadə edərək Xalidə Ziyanın hərəkatının qarşısını almağa çalışırdı. O, 8 il boyunca 7 dəfə həbs olundu. Ancaq bütün bunlara baxmayaraq, Begüm Xalidə Ziya Hüseyn Mühəmməd Ərşada qarşı mübarizəsini davam etdirdi.

Begüm Xalidə Ziyanın Alyansının genişlənmiş mübarizəsi nəticəsində 1990-cı il dekabrın 6-da Ərşad hakimiyyəti daha neytral hökumətə təhvil verdi. 1991-ci il fevralın 27-də keçirilmiş seçkilərdə isə Xalidə Ziyanın rəhbərliyi ilə BMP qələbə çaldı. Begüm Ziya üç ardıcıl parlament seçkilərində fərqli seçki dairələrindən namizədliyini vermiş və bütün yerlərdə qalib gəlmişdir. Bu, ölkənin parlament tarixində ilk belə hadisədir!

Baş nazir kürsüsündə!

BMP tərəfindən təşkil olunmuş hökumət 1991-ci ildə Konstitusiyaya əlavələr edərək, parlament sistemini bərpa etdi. 1991-ci il fevralın 27-də neytral hökumət bütün ölkə ərazisində azad, ədalətli və həqiqətən, demokratik seçkilər təşkil etdi. Xalidə ziyanın rəhbərlik etdiyi BMP seçkilərdə qələbə qazandı. O, parlamentin səs çoxluğu ilə Banqladeşin ilk qadın Baş naziri oldu! Hakimiyyətdə olduğu müddətdə Begüm Xalidə Ziya hökuməti təhsil sahəsində, özəlliklə, pulsuz və icbari ilk təhsil; qızlar üçün onuncu sinfə qədər pulsuz təhsil; qadın tələbələr üçün təqaüd (verilməsi); habelə, təhsil üçün ərzaq proqramının həyata keçirilməsi sahəsində konkret addımlar atdı. Bundan başqa, onun hökuməti ölkənin yol infrastrukturunda önəmli yer tutan Camua körpüsünün tikintisini başladı. O regional əməkdaşlıq üçün Güney Asiya Assosiasiyasının canlandırılmasında çox böyük rol oynadı. Hökumət, həm də hərbi xidmətə getmək üçün yaş həddini 27-dən 30-a qaldırdı.

Növbəti seçkilər, növbəti qələbə…

Xanım Begüm Xalidə Ziyanın rəhbərlik etdiyi BMP 15 fevral 1995-ci il seçkilərində yenidən qələbə çaldıqdan sonra o, ikinci dəfə Baş nazir oldu. Ancaq seçkilər müxalifət tərəfindən boykot edildi. Bununla da, parlament seçkilərin yenidən təşkil edilməsi üçün buraxıldı. 1996-cı il iyunun 12-də keçirilən seçkilərdə BMP digər bir qadın lider Şeyx Hasinanın Auvami Liqasına uduzdu. (Faktdan başqa fakt yoxdur, doğrudur, xanım liderin partiyası məğlub olmuşdu, ancaq burada da onun lehinə işləyən bir fakt vardır: bu da xanım Baş nazirin demokratiya prinsiplərinə sadiqliyi idi)

Yıxılmadım ayaqdayam…

Hakimiyyətə qayıtmağa çalışan BMP 1999-cu ildə keçmiş rəqibi Catiya, “Cammati-İslami-Banqladeş” və “İslami Oikya Jot” partiyaları ilə 4 partiyalı Alyans yaratdı. Ancaq Əl-Bədər və Əl-Şəms qruplarını yaradan “Cammati-İslami-Banqladeş” Partiyası ilə Xalidə Ziyanın əməkdaşlığı 1971-ci ildə müəyyən qüvvələr tərəfindən tənqid edildi. Lakin 4 partiyalı Alyans 2001-ci il seçkilərində 2/3 səs çoxluğu ilə qələbə çaldı və Xalidə Ziya yenə də Baş nazir oldu! Onun təxminləri doğrulmuşdu...

Amma hakimiyyət bu mərhələdə bir sıra problemlərlə üzləşdi. Xüsusilə, korrupsiyaya qarşı mübarizə sahəsində lazımi nəticələrin əldə edilməməsi, bəzi iqtisadi-sosial problemlər, ölkədəki siyasi gərginlik və s. baş naziri ciddi çətinliklərlə üz-üzə qoydu. Amma, təbii ki, bütün bunlara baxmayaraq əldə edilən uğurlar da az deyildi. 2006-cı il oktyabrın 27-də xanım Ziyanın hakimiyyəti sona çatdı. Növbəti gün onu kimin əvəz edəcəyi barədə yayılan söz-söhbətlər Dəkkə küçələrində iğtişaşlarla müşayiət olundu. Onun yerinə adı hallanan şəxsi qəbul etmək istəməyən kütlə sakitləşmək bilmirdi. Həmin gün axşam prezident açıqlama verdi ki, Ali Məhkəmənin sabiq Baş hakimi səhhəti ilə əlaqədar Baş nazir vəzifəsinə iddialı deyil. Bununla da, hazırkı prezident İacuddin Əhməd Baş nazir təyin edildi.

Həyatının sonrakı illəri

Qalmaqallı daxili və xarici təzyiqlərdən sonra İacuddin Əhməd hökumətin başçısı vəzifəsindən uzaqlaşdı. Yanarın 22-nə təyin olunmuş seçkilər təxirə salındı. Yeni hökumət antikorrupsiya ilə mübarizədə Ziyanın BMP-sinə mənsub olan nazirləri hədəfə aldı.

Ziyanın oğlu Tariq Rəhman 2007-ci ilin martında korrupsiyaya görə həbs olundu, digər oğlu Rəhman Koko da həmin ilin aprelində məsuliyyətə cəlb edildi. Hər hansı siyasi fəaliyyətin qarşısını almaq məqsədilə hökumət siyasətçilərin Ziyanın malikanəsinə girişinə qadağa qoydu.

Həmin dövrdə Banqladeş Birləşmiş Xəbərlər Agentliyi adını çəkmədiyi ailə mənsubunun sözlərinə istinad edərək, Ziyanın Səudiyyə Ərəbistanına sürgün olunacağının gözləndiyini açıqladı. Eyni zamanda, qardaşı Seyid İsgəndər dövlət nümayəndələri ilə onun ölkədən çıxmasına icazə verilməsi üçün danışıqlar aparırdı. “Yeni xalq” qəzetinin 17 aprel hesabatında göstərildi ki, Xalidə Ziya, həqiqətən də, kiçik oğlunun azadlığa buraxılması qarşılığında sürgünə getməyə razılaşmışdı. Həmçinin, hesabatda qeyd olunurdu ki, Səudiyyə Ərəbistanı Xalidəni və onun ailə üzvlərini hörmətli qonaqlar kimi qarşılamağa hazırdır. Ancaq sürgün barədə olan bütün məlumatlar hökumət tərəfindən təkzib edildi.

2007-ci il iyulun 17-də Antikorrupsiya Komitəsi Ziyaya əmlakı barədə bir həftə ərzində məlumat verməsi ilə əlaqədar xəbərdarlıq etdi. O sentyabrın 27-də Dinkal nəşriyyatının xidmət haqqını ödəmədiyi üçün məhkəməyə çağırıldı. Sentyabrın 2-də məhkəmə qərarından sonra Ziya, oğlu və digər 11 nəfər korrupsiya ittihamı ilə həbs olundu. Onun həbsindən sonra Saifur Rəhman və Hafizuddin Əhməd partiyaya rəhbərlik etməyə başladılar. Ancaq Ziyanın tərəfdarları ona qarşı irəli sürülən ittihamlarla razılaşmadılar. Xalidə Ziya özü də buna görə məhkəməyə müraciət etsə də, onun müraciəti qəbul olunmadı.

Ziyanın oğlu Ərafat Rəhman Koko 2008-ci ilin avqustunda, Tariq Rəhman həmin ilin sentyabrında azadlığa buraxıldılar. Xanım Ziya özü isə məsuliyyət daşıdığı 4 məsələdən ikisinə görə zaminə buraxılmadı. Onun vəkilləri digər iki məsələ ilə bağlı yenidən məhkəməyə müraciət edəcəklərini bəyan etdilər. O, ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bunun ona qarşı siyasi təzyiq olduğunu, rəqiblərinin bu cür ittihamlarla onu nüfuzdan salmaq, siyasi səhnədə fəaliyyətini məhdudlaşdırmaq məqsədi güddüyünü bəyan etdi və yolundan dönməyəcəyini, ölkənin siyasi həyatından çəkilməyəcəyini, sonadək mübarizə aparacağını dedi.

13 noyabr 2010-cu ildə o, Banqladeş Baş Məhkəməsinin qərarına görə 37 il yaşadığı Dəkkə sarayından çıxarıldı. 2.72 akr əraziyə malik olan bu ev Banqladeş Ordusunun Silahlı Qüvvələrinin komandanına, sonra isə komandan Baş general Ziaur Rəhmana məxsus olmuşdur. O, Banqladeşin prezidenti seçildikdən sonra da həmin evdə qalırdı. Bu qərar ölkədə birmənalı qarşılanmadı. Ölkə müxalifətinin əsas simalarından biri olan Xalidə Ziyanın tərəfdarları buna etiraz edərək, bunu siyasi təzyiq kimi qiymətləndirdilər.

Belə... Daha bir qadın ömrünə – siyasət yollarında keçən qadın ömrünə, özü də təbii bir axınla onu qoynuna alan və irəli aparan yolun yolçusunun ömrünə bələdçilik etməyə çalışdıq. Bacardıqmı? – Bunu oxucular deyəcək. Ancaq biz qəhrəmanımızın öz adını ölkəsinin tarixinə, Güney Asiyanın tarixinə, bu vəsilə ilə dünya tarixinə yazdırmağı bacardığını çəkinmədən deyə bilərik. Bu ömürdə sizə tanış olan nə qədər məqamlar var idi: qan-qada, həbs-sürgün, dolanbac yollar və zirvə!.. Zirvədən sonra isə ikinci zirvə yoxdur! – Zirvədən sonra yol ancaq aşağı aparır: ya zirvədə qalmağı bacarmalısan, ya da geriyə yol səni gözləyir...

Onun, ailəsinin taleyi, ilk növbədə, Bhuttoların, Qandilərin taleyinə çox oxşayır. Amma bu, məhz oxşarlıqdır, təkrar deyil! Nə o kiminsə ömrünü təkrar etmədi, nə də kimsə onun ömrünü təkrar etməyəcək! Hər kəs öz alın yazısını yaşayır...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar