İranın diplomatik qovğaları: növbədə kimdir?
16 fevral 2011 10:58 (UTC +04:00)

İranın diplomatik qovğaları: növbədə kimdir?

Lent.az-ın “Svoboda” radiosunun istinadən məlumatına əsasən, ötən gün İspaniyanın Tehrandakı konsulu İqnasio Peres-Kambra İran ETTELAAT-ında 4 saat dindirilib. O, icazəsiz aksiya keçirilən yerdə tutulub. Konsula saxlanılmasının səbəbini kimsə izah etməyib.

İspaniyanın Xarici İşlər Nazirliyi olayla bağlı İranının uyğun qurumuna etiraz notası göndərərək, Tehranın 48 saat müddətində izahat verməsini tələb edib. Əks halda, rəsmi Madrid İrandakı səfirinin geri çağıracağını bildirib. Bundan başqa, Tehranın Madriddəki səfiri Mürtəza Səfəri-Nətənzi İspaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Ölkənin xarici işlər naziri Trinidad Ximenes notada Tehranın addımını “qəbuledilməz” və “xoşagəlməz” adlandırıb.

Rəsmi Madridin bəyanatına görə, İ.P.Kambra paytaxt küçələrindən biri ilə İspaniyanın Tehrandakı səfirliyinə gedərkən ETTELAAT-ın mülki geyimli əməkdaşları tərəfindən tutulub.

İran hakimiyyətinə bağlı informasiya vasitələrinin qənaətincə, konsul İran müxalifətinin Tunis və Misir xalqlarının inqilabına dəstək üçün fevralın 14-də keçirdiyi yürüşə qatıldığına görə tutulub.

Xatırladaq ki, İranla Britaniya arasında da yeni diplomatik qalmaqal yaşanmaqdadır.
İslam Respublikası məclisinin üzvü Hüseyn İbrahiminin “javanonline”-ına verdiyi məlumata əsasən, İngiltərənin İrandakı səfiri Saymon Gessin ölkə ərazisinə daxil olması yasaqlanıb. Deputatın sözlərinə görə, səfir İran “hakimiyyəti və xalqının ünvanına təhqiredici və aşağılayıcı ifadələr işlədib”. Hazırda o, ölkəsindən xaricdədir və ona İrana giriş qadağan edilib. “İran hakimiyyəti Gessin İran xalqına qarşı fəaliyyətinə görə bu qərara gəlib” - deyə, H.İbrahimi söyləyib.

Qeyd edək ki, İranda insan haqlarının durumu ilə bağlı Britaniya səfirliyinin saytında yayılmış yazıda səfir Saymon Gess deyib: “Dünyanın heç bir ölkəsində vəkillər, jurnalistlər, qeyri-hökumət təşkilatlarının üzvləri İranda məruz qaldıqları təzyiqlə üzləşmir”. O, hüquq müdafiəçilərinin tutulmasına da diqqəti çəkib.

Bu yazıdan sonra ingilis diplomat İranın Xarici İşlər Nazirliyinə çağırılıb, ona bildirilib ki, belə çıxışlar “İslam Respublikasının iç işlərinə qarışmaqdır”.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Brücerdi məsələ ilə bağlı “Press TV”-yə müsahibəsində deyib: “Onun İrandan getməsinə şadıq. Onsuzda o, bir işlə məşğul olmurdu, belə bir adamın İranda qalması da əhəmiyyətli deyildi. Britaniyanın İrana yönəlik siyasətini nəzərə alaraq, Tehran rəsmi Londona bildirib ki, onların ölkəmizdə səfirinin fəaliyyət göstərməsinin önəmi yoxdur”.

Deputatın sözlərinə görə, Britaniya da “oxşar addım ata bilər”. Məclis üzvlərindən bəziləri “İngiltərə ilə bütün əlaqələri məhdudlaşdırmağı” da təklif edib. Bu haqda danışan Ə.Brücerdi deyib ki, bununla bağlı məclis uyğun qərar qəbul etməlidir: “Belə götürəndə, deputatların çoxu Tehranla London arasında münasibətlərin azalması ideyasını dəstəkləyir”.

S.Gess 2009-cu ildə ölkəsinin Tehrandakı səfiri vəzifəsinə təyin olunub. Səfirin İrana buraxılmaması haqda qadağa isə Saymon Gess hökuməti tərəfindən ölkəsinə çağırıldıqdan sonra tətbiq edilib. Onu Mark Sedvill əvəzləycək. Yeni səfir NATO-nun Əfqanıstanda siyasi məsələlər üzrə yüksək səlahiyyətli təmsilçisi olub.

Cari ilin aprelində Gess səfir kimi Tehranda öz səlahiyyətlərini başa vurub, Əfqanıstanda NATO-nun mülki məsələlər üzrə rəhbəri vəzifəsində çalışacaq.
İran İslam Respublikası ilə Britaniya arasında siyasi-diplomatik gərginlik son illər bir neçə dəfə baş verib. Bir neçə il öncə bu ölkənin dənizçiləri İran tərəfindən həbs edilmişdi. 2009-cu ilin prezident seçkisindən sonra Tehran Britaniyanın dövlət radiosunu, BBC-ni etiraz aksiyası iştirakçılarına “yardım etməkdə” suçlandırdı.

Səfir S.Gessin İranda insan haqlarının vəziyyəti ilə bağlı dediklərinə gəldikdə isə əslində o, diplomat olduğuna görə, bir qədər örtülü danışmağa çalışıb. Sadəcə olaraq, onun İrana gəlişini yasaqlamaqla Tehran hakimiyyəti ölkə ictimaiyyətinə Britaniyaya qarşı durmaq qabiliyyətində olduğunu nümayiş etdirməyə cəhd göstərir. Bu cəhd isə uğursuzdur. Çünki bundan sonra S.Gess öz diplomatik fəaliyyətini İranla qonşuluqda, Əfqanıstanda davam etdirəcək. İran rəsmilərinin bu sayaq çıxışını, onu əvəzləyəcək Mark Sedvillin “gözünün odunu almaq” cəhdi kimi də dəyərləndirmək olar.

Ümumiyyətlə, İranda bütün uğursuzluqda “ingilis barmağı axtarmaq”ın az qala iki əsr yaşı var. Bu baxımdan, Tehran hakimiyyəti səfirin insan haqları ilə bağlı bəyan etdiyi çatışmazlığı aradan qaldırıb, beynəlxalq ictimaiyyətin bu sahədə qınağından qurtulmaqdansa, sanki dünyanın acığına bu yöndə vəziyyəti daha da ağırlaşdırır...

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar