Ölümə aparan avtomobil
01 sentyabr 2009 10:00 (UTC +04:00)

Ölümə aparan avtomobil

İnsanlar tarixən özlərindən əvvəl gələnlərin ixtiralarını təkmilləşdirib, həmin ixtiralardan başqa məqsədlə də istifadə ediblər. Tomas Edison elektrik stulunu icad edərkən niyyəti ölüm hökmlərinin icrasını asanlaşdırmaq deyildi. O, sadəcə olaraq, kreslo ilə otağın içində rahat hərəkət etməyi düşünürdü.

Yaxud Rudolf Dizel, Vilhelm Maybak və Qotrieb Daymler nə zamansa avtomobillərin üzərində yerləşdirilmiş katyuşaların onların mənsub olduqları xalqa qarşı çevriləcəyini təsəvvür etmirdilər.

Eynilə də faşist Almaniyasının istifadə etdiyi “Gaswagen”lər (alman dilində - qaz avtomobili) bəşəriyyətə yalnız fəlakət nəsib etdi.

“Gaswagen”i İkinci Dünya Müharibəsi zamanı Almaniyanın istifadə etdiyi qaz kameralarının səyyar forması da adlandırmaq olar. Bu texnikanın təyinatı mühərrikdən çıxan qazlar (işlənmiş qazlar) vasitəsilə insanları məhv etmək idi.

İş prinsipi

1941-ci ilin dekabrından etibarən faşistlər əsirləri öldürmək üçün “qaz avtomobilləri”ndən istifadəyə başlayırlar. İş qaydası çox sadə idi: sürücü xüsusi dəstək vasitəsilə işlənmiş qazları hermetik kabinəyə yönəldirdi. İnsanlar təqribən 10 dəqiqədən sonra boğulma və zəhərlənmədən dəhşətli şəkildə ölməyə başlayırdılar.
“Gaswagen”lər Berlindəki zavodlarda yük avtomobillərinin bazasında hazırlanırdı. Onlardan əsasən keçmiş SSRİ, Polşa və Serbiyada kütləvi istifadə olunub. İnsanları işə aparmaq adıyla 20-50 nəfərlik qrupu hermetik kuzovlu avtomobilə yığıb, kənara aparırdılar. Bu yolla öldürülənlər əsasən uşaqlar, qocalar və qadınlar olurdu. Əməliyyatı həyata keçirənlər isə işi tez qurtarmaq üçün mühərriki yüksək dövrlərdə işlədirdilər. Avtomobildəki qalıqların (meyit, ifrazat və sair) təmizlənməsi də xidmət personalının vəzifəsi idi.
“Gaswagen”dən istifadə 1943-cü ildə, Krasnodar vilayətində bəşəriyyətə qarşı cinayət törədən şəxslərin məhkəməsi zamanı aşkara çıxdı. Məlum oldu ki, 6700 insan bu “dəzgah”larda məhv edilib. Materialları Nürnberq prosesi zamanı SSRİ tərəfi məhkəməyə təqdim etmişdi.

Bu dəhşət maşınlarında ölənlərin ümumi sayı haqqında məlumatlar ziddiyyətlidir. Alman əsilli amerikan tədqiqatçısı Fridrix Pol Berq bu mövzuda geniş tədqiqat aparıb. Onun “Dizel qaz kameraları: ideal işgəncə, mənasız ölüm aləti” əsərində mövzu kifayət qədər ətraflı şərh edilib. Hətta alim 1978-ci ildə “Holokost”a aid 4 seriyalı filmdəki avtomobillə bağlı bəzi detalları canlı yayında tənqid etdiyi üçün iş yerini itirib.

Alimin sözlərinə görə, faşistlər ilk qaz kameralarını 1939-dan başlayaraq şikəst və kəmağıl almanları məhv etmək üçün istifadə ediblər. Sonradan qaz kameraları daha geniş şəkildə tətbiq edilib. Nəhayət, insanları öldürmək üçün işlənmiş qazların sınanılması başlayıb. Almanlar bu üsulla insanları öldürməklə yanaşı, mühərrik sahəsində tədqiqatlar da aparmağı yaddan çıxarmırdılar. Məsələn, dəm qazının miqdarını artırmaq üçün sürücülər mühərrikə daxil olan havanın miqdarını azaldırdılar, yaxud da ölümü gecikdirmək üçün mühərrikə təzə filtrlər qoyur, karbüratoru düzgün nizamlayırdılar. İnsanları öldürmək üçün benzin mühərriklərinin dizel mühərriklərdən daha “səmərəli” olduğu da sübut olunub. Alman həkimlər də qurbanlar üzərində tədqiqat aparmağı yaddan çıxarmamışdılar. Məhkəmə tibb ekspertizası ilə məşğul olan həkimlər artıq dəm qazından ölüm faktını qanın rənginə görə təyin edə bilirdilər.

Nə yazıq ki, işlənmiş qazlar bu gün də sürücülərin səhlənkarlığı ucbatından ölümə səbəb olur. Bunun qarşısını almaq üçün avtomobili daim saz vəziyyətdə saxlamaq, qapı və yük yerindəki rezin araqatların sərtləşməsi və cırılması zamanı onları yenisi ilə əvəzləmək, hava filtri və salon filtrini müntəzəm dəyişmək lazımdır. Qış vaxtı qızdırıcı işləyərkən pəncərə vaxtaşırı açılmalıdır. Qapalı yerdə isə (qaraj, boks) işləyən mühərriklə durmaq qətiyyən olmaz.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar