Rusiyanın Cənub Dairə Hərbi Məhkəməsi 2000-ci ildə Pskov desantlarına hücumda iştirak etmiş Şamil Basayev və Əmir Xəttabın dəstəsinin 4 üzvünə hökm oxuyub.
Lent.az yerli mediaya istinadla bildirir ki, Tatarıstan sakinləri İlqam Qumerov, İlgiz Muxametqaliev, Xaidar Razzakov və Muxamedvali Shayxutdinov 13 ildən 24 ilədək müddətə azadlıqdan məhrum ediliblər. Onlar Rusiya Cinayət Məcəlləsinin 209-cu (Dəstədə iştirak), 279-cu (Silahlı üsyan) və 317-ci (Hərbi qulluqçuların həyatına qəsd) maddələri ilə təqsirli biliniblər.
Müəyyən edilib ki, 2000-ci il fevralın 29-da Çeçenistanda Basayev və Xəttabın ümumi rəhbərliyi altında silahlı dəstədə olan şəxslər Pskov Hava Desant diviziyasının hərbi qulluqçularına hücum ediblər. Nəticədə 84 rus hərbçisi ölüb.
Təqsirləndirilən şəxslər 2022-ci ildə saxlanılıb. Hadisə ilə bağlı digər şəxslərin axtarışı davam edir.