ABŞ-da günahsız bir adam törətmədiyi qətlə görə 40 il həbsdə yatıb və bu günə qədər həbsdədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, Kennet Kler 1984-cü ildə Kaliforniyanın Santa Ana şəhərində dayə işləyən 25 yaşlı Linda Fey Rocersin ölümü ilə bağlı həbs edilib. Kler evsiz idi və iş yerinin yaxınlığında tərk edilmiş bir evdə yaşayırdı. Cinayətkar evə soxulub, Rocersi zorlayıb və onu öldürüb. Eyni zamanda ev sahiblərinin uşaqları və dayənin oğlu başqa otaqda yatıb.
Keçmiş sevgilisi onun cinayətin baş verdiyi evdən əşyalar götürdüyünü iddia etdiyi üçün Klerə qarşı ittihamlar irəli sürülüb. Qadın onu ifşa etmək üçün Kler ilə gizli mikrofonla görüşməyə razılaşsa da, o, etiraf etməyib.
Rocersin baxıcısı olduğu uşaq evdə qəribə ağ adam gördüyünü, Kler isə qaradərili olduğunu söyləyib. Cinayət yerində onun barmaq izləri və digər sübutlar tapılmayıb.
Buna baxmayaraq, münsiflər heyəti Kleri təqsirli bilib. Özü də ona qarşı irəli sürülən ittihamları rədd edərək, başqasının cinayətinə görə mühakimə olunduğunu bildirib.
Bütün bu müddət ərzində fəallar Klerin işinə yenidən baxılmasını istəyiblər. 2023-cü ildə məhkəmə cinayət yerindən dəlillərin və DNT nümunələrinin yenidən araşdırılmasına razılıq verib. İyirmi nümunə sınaqdan keçirilib və onlardan heç biri Klerə işarə etməyib.
Nahaq yerə mühakimə olunan şəxsin vəkilinin dediyi kimi, onun təqsirinin faktiki sübutu yoxdur. Bundan başqa, ekspertlər öz işləri zamanı cinayətkar ola biləcək naməlum kişilərin iki yeni DNT profilini müəyyən ediblər.
Klerin yenidən mühakimə olunması üçün mübarizə aparan fəallar indi Rayon Prokurorluğunu onu azad etməyə çağırırlar. Prokurorluğun sözçüsü tezliklə müraciətə baxılacağını bildirib.