Tehran əks kiberhəmlə edəcəkmi?
29 sentyabr 2010 12:44 (UTC +04:00)

Tehran əks kiberhəmlə edəcəkmi?

Onun bu bəyanatının ardınca xəbər yayıldı ki, Buşəhr AES-dəki kompüterlərə virus «düşdüyündən» stansiyanın fəaliyyəti iflic olub.

Düzdür, Tehran hakimiyyətinin uyğun qurumları bu xəbəri təkzib edib. Bununla belə, media iddia edir ki, «stuxnet» adlı hərbi virus proqramının İranın nüvə obyektlərinə vurduğu ziyan hələ də aydınlaşdırılır.

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, qərbli mütəxəssislər İranın
qisas alacağı barədə rəylər söyləyirlər.

Əks-kəşfiyyat üzrə amerikalı mütəxəssis Fred Braton deyib ki, İranın xüsusi xidmət orqanları ilk növbədə stansiyanı idarə edən sistemə virus salmış fiziki şəxsi müəyyənləşdirməlidir. «Onlar yalnız bundan sonra qisas xarakterli qərar qəbul edə bilər» - deyə, o, vurğulayıb.

Bir çoxları isə hesab edir ki, İran araşdırmanın sonucunu gözləmədən Qərb dövlətlərinin nüvə obyektlərinə cavab həmləsi edə bilər.

Bununla belə, Tehranın kiberzərbəyə uyğun cavab verəcəyinə şübhə edənlər də var. İran üzrə mütəxəssis Cessika Aşux deyib: «İranın yaxşı müdafiə edilən hansısa kompüter sisteminə zərb endirmək üçün texniki imkan yoxdur. «Stuxnet»ə qarşı onların uğursuz mübarizəsi bunu təsdiqləyir».

Mütəxəssislərin qənaətincə, Tehran belə imkanlardan məhrum olduğu təqdirdə daha kəskin və narahatedici – asimmetrik qisas planını işə sala bilər. Birincisi, İran nüvə proqramı ilə bağlı işlərini gizlətmədən fəallaşdırar. İkincisi, Livan, Əfqanıstan və İraqda peyklərinin işini gücləndirər. Qərbli mütəxəssislərin fikrincə, belə bir durumda İran hakimiyyəti körfəzdə neft ixracını sabotaj edə bilər.

Xatırladaq ki, İranın Buşəhr Atom Elektrik Stansiyasında bir rus mütəxəssisin kompüterindən sızan “Stuxnet” adlı virus stansiyanın fəaliyyətinin dayanmasına səbəb olub.

İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka” saytı kompüter virusu əməliyyatının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin kəşfiyyat orqanı MOSSAD-ın birgə hazırladığını bildirib.

Qeyd edək ki, “Stuxnet” virusu ilk dəfə bu ilin iyununda Belarusda bir firmanın kompüterlərinə aşkarlanıb. İndiyə qədər dünyanın müxtəlif ölkələrində 45 min şəbəkəyə yoluxub. “Stuxnet” virusu virusların əksəriyyətindən fərqli olaraq internetə qoşulmamış kompüterlərə yoluxur. Virus fayl köçürmək üçün istifadə olunan USB açarları vasitəsilə yayılır. Daxili şəbəkədə bir kompüterə yoluxan virus sürətlə digər kompüterlərə yayılır. Virus sənaye obyektlərinə nəzarəti həyata keçirən proqram təminatının konfiqurasiyasını axtarır. Əgər bu konfiqurasiyanı tapmırsa, zərərsiz qalır. Yox, virus sənaye obyektlərinə nəzarəti həyata keçirən proqram təminatının konfiqurasiyasını tapırsa, bunu nəzarət altına alır və sənaye avadanlıqlarının idarəetməsini əlinə keçirir.

Beləliklə, virus mühərrikləri söndürə, obyektdə temperaturu müşahidə edə və soyuducunu tənzimləyə, sonda avadanlıqlara ümumilikdə obyektin məhv edilməsi tapşırığını verə bilər. “Stuxnet” digər viruslardan fərqli olaraq antivirus proqramlarından yayınmaq xüsusiyyətinə və müxtəlif metodlarla müdafiə olunan şəbəkələrə sızmaq qabiliyyətinə malikdir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar