Parlamentdə yumruq davası
03 fevral 2010 11:30 (UTC +04:00)

Parlamentdə yumruq davası

Dünən Türkiyə Böyük Millət Məclisində biabırçı olay baş verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, parlamentin iclası əmək naziri Ömər Dinçer haqqında müraciətin müzakirəsi ilə başlayıb.


MHP adından söz alan millət vəkili Osman Durmuş baş nazir Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın 2007-ci ildə teatr sənətçisi Nejat Uyğuru ziyarət etmək istədiyi, ancaq başı çadralı olduğu üçün Gülhanə Hərbi Tibb Akademiyasına buraxılmadığını xatırladıb.


Qeyd edək ki, baş nazir az əvvəl Gülhanə Hərbi Tibbi Akademiyasında çadralı insanların xəstəxanaya girişinə qoyulan qadağanın mütləq aradan qaldırılacağını söyləyib. MHP-li millət vəkili isə məsələyə ironik yanaşma sərgiləyib: “Ey həkimlər, siz peyğəmbər elan edilən baş nazirin həyat yoldaşının xəstəxanaya daxil olmasına necə icazə verməzsiniz?”


Osman Durmuşun bu sözləri çaxnaşma yaradıb. AKP-çi millət vəkili Bəkir Bozdağ söz alaraq deyib ki, peyğəmbər bənzətməsi qəbul edilməzdir. Bu zaman parlamentə Rəcəb Tayyib Ərdorğan da gəlib. Təkrar çıxışa yazılan Osman Durmuş bildirib ki, bunu AKP rayon təşkilatının rəhbərliyində yer alan İsmayıl Hakkı Eser 14 noyabr 2008-ci ildə çıxışında söyləyib və bu, səs yazısı şəklində internetdə də yer alıb.


Daha sonra baş nazir Rəcəb Tayiyb Ərdoğan da kürsüyə çıxıb. Baş nazir MHP-ni təmsil edən millət vəkilini peyğəmbərlik zəncirinin bitdiyini bilməməkdə qınayıb və internetdə saxtakarlığa yol verildiyini vurğulayıb: “Mənə bu cür bənzətmə edən şəxs həyat yoldaşıma da söz ata bilməz. Bu, vicdansızlıq, əxlaqsızlıqdır. Osman Durmuş, sən həyat yoldaşımın xəstəxanaya daxil olmasına icazə verilməməsini müdafiə edəcək qədər vicdansızsan”.


Baş nazirin bu çıxışı davam edərkən AKP-çi bəzi millət vəkilləri MHP-çi deputatların oturduqları sıralara yüyürüblər və yumruqlaşma başlayıb. Deputatlar yumruqla kifayətlənməyib, bir-birlərinə kəllə, təpik də atıblar.


AKP millət vəkili Orxan Ərdəm əməllicə döyülüb. MHP-çi Ali Torlakın yumruq səbəbindən eynəyi qırılıb. AKP-çi millət vəkili Ali Koyuncunun dava-dalaş zamanı halı pisləşib və o, xəstəxanaya aparılıb. Rəcəb Tayyib Ərdoğan dava-dalaş davam edərkən parlament binasını tərk edib. Dava-dalaş zamanı baş nazirin mühafizəçiləri də parlament binasına daxil olmaq istəyiblər, ancaq parlamenti mühafizə edən polis buna icazə verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058

Oxşar yazılar