ABŞ-dakı prezident seçkilərindən- REPORTAJ –
06 noyabr 2012 19:58 (UTC +04:00)

ABŞ-dakı prezident seçkilərindən- REPORTAJ –

APA-nın ABŞ-a ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün yerli vaxtla səhər saat 08:00-da Nyu-Hempşir şirkətinin Kin şəhərində ilk seçki məntəqələrinin açılması ilə seçkilərə start verilib.

Qeyd edək ki, Nyu-Hempşir hansı namizədi dəstəklədiyi hələlik bəlli olmayan ştatlardan sayılır. Bu səbəbdən buradakı səsvermənin nəticələrinin ölkə üzrə seçkilərin yekunlarına təsir edəcəyi şübhəsizdir.

Saat 19:00-a qədər davam edəcək seçkilərdə iştirak edəcək Nyu-Hempşir sakinləri həm də ştatın qubernatorunu, şerifini, Konqresdəki təmsilçisini və senatorunu seçəcəklər. ABŞ-da 6 noyabr iş günü olduğundan, seçici aktivliyi səhər saatlarında və saat 16:00-dan sonra müşahidə olunur.

Kin şəhərinin əhalisi demokratlara xüsusi rəğbəti ilə seçilir. Rəyini soruşduğumuz şəhər sakinləri də Barak Obamaya səs verdiklərini bildiriblər.

Kin şəhər sakini Rut Ceykobs bildirib ki, onu seçki məntəqəsinə gətirən qadın hüquqları və gələcək sarıdan narahatlıq olub. Seçimi isə Barak Obama olub.

“Səsimi demokratların namizədi Barak Obamaya vermişəm. O, yaxşı prezidentdir, hamının hüquqları uğrunda mübarizə aparır və öz işinin öhdəsindən gəlir” – deyə Keyti Keymbl bildirib.

Kollec tələbəsi Merayya Rid ailəsi respublikaçıları dəstəkləməsinə rəğmən, seçkilər öncəsi mövqeyini dəyişib və Barak Obamaya səs verib: “Namizədlərin seçki kampaniyasını diqqətlə izlədim və mənə elə gəldi ki, respublikaçılar diqqəti işsizlik məsələlərinə yönəldirlər. Obamanın çıxışı mənə daha inandırıcı gəldi”.

Şəhər sakini R.Co. həmyerliləri demokratları dəstəkləsə də, respublikaçı Mitt Romniyə səs vermək üçün seçki məntəqəsinə gəlib.

Con Tonner də adı çəkilən namizədə səs verdiyini söyləyib: “İllərdir ki, seçkilərə getmirəm. Amma bu dəfə səs vermək qərarına gəldim. Buna “Medicare” səhiyyə islahatı və sosial təhlükəsizlik məsələləri səbəb oldu”.

Kayl Vassel isə bütün namizədlərin əleyhinə səs vermək üçün seçki məntəqəsinə gəlib: “Heç bir namizədə etimadım yoxdur. 2008-ci ildə Barak Obamaya səs vermişəm. Amma indi xəyal qırıqlığına uğramışam və hamının əleyhinə səs verdim”.

Qeyd edək ki, ABŞ-da namizədlərin təbliğat-təşviqat kampaniyası seçki günü də davam edir. Yalnız bir məhdudiyyət var – bu və ya digər namizədin lehinə səs verməyə çaıran broşür və bukletlər seçki məntəqəsindən müəyyən məsafədə (məntəqənin girişindən 8-10 metr məsafədə) paylana bilər. Seçici öz istəyi ilə seçki bülletenindən və ya səsvermə üçün elektron maşından istifadə edə bilər. Nyu-Hempşirdə seçicilər seçki bülleteninə üstünlük verirlər.

Bu il ilk dəfə olaraq Nyu-Hempşirdə seçicilərdən şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Bu, üzərində fotoşəkil olan istənilən sənəd, hətta sürücülük vəsiqəsi də ola bilər. Əgər seçici öz şəxsiyyətini təsdiq edə bilmirsə, ona şərti seçki bülleteni («provisional ballots») verilir. Burada o, özü haqqında məlumatları (ünvan, sosial sığorta nömrəsi və s.) yazır. Onun səsi isə bu məlumatlar təsdiqləndikdən sonra nəzərə alınacaq.

Bu yenilik bəzi seçicilərdə narazılıq doğurub. Kin Dövlət Universitetinin elmlər doktoru Mariann Salsetti hesab edir ki, bu qayda ölkənin kasıb əhalisinin seçki hüquqlarını pozur: “Çünki onlar heç də həmişə zəruri sənədlərə malik olmurlar”.

Bununla belə, respondentlərin əksəriyyəti yeni qaydanın problem yaratmadığı qənaətindədir: “Burada əksəriyyət sürücülük vəsiqəsinə malikdir. Ona görə də xüsusi fərq olmayacaq. Bunlar yalnız səsvermə zamanı əlavə ehtiyat tədbirləridir.”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465

Oxşar yazılar