Ukrayna şəhərlərində Azərbaycan sinifləri açılır
05 noyabr 2012 13:45 (UTC +04:00)

Ukrayna şəhərlərində Azərbaycan sinifləri açılır

Lent.az-ın Ukraynadakı müxbirinin verdiyi məlumata görə, şəhərin mərkəzindəki 42 nömrəli orta ümumtəhsil məktəbindəki xüsusi sinifdə Ukrayna vətəndaşı olan 25-dən çox azərbaycanlı şagirdə həftə sonu iki gün Azərbaycanla bağlı fənlər tədris olunur.

Sinif Nikolayev vilayətindəki Heydər Əliyev Cəmiyyəti tərəfindən yaradılıb. Cəmiyyətin sədri Yunus Alıyev deyir ki, Azərbaycan dili və Azərbaycan tarixinin tədris olunduğu sinifdə dərslər həftənin xüsusi günləri – şənbə və bazar günləri keçirilir. Y.Alıyev bildirir ki, bu xüsusi sinif üçün müəllimlər də Azərbaycandan gətirilib və bütün bunlara maddi dəstək Heydər Əliyev Cəmiyyəti tərəfindən göstərilir. Ümumilikdə 1000 nəfərdən çox şagirdi olan məktəbdə 42 azərbaycanlı uşaq oxuyur. Məktəbdə təşkil olunan Azərbaycan dilli sinifdə azərbaycanlı şagirdlərin bu xüsusi məşğələlərə qoşulması könüllüdür və ola bilsin ki, gələcəkdə xüsusi sinifdəki uşaqların sayı daha da artsın: “Məqsədimiz odur ki, yarım milyondan çox əhalisi olan Nikolayevdə yaşayan 17 minə yaxın Ukrayna vətəndaşı olan azərbaycanlılar Azərbaycan dili və Azərbaycan tarixinin unutmasınlar. Azərbaycanlıların böyük əksəriyyəti uzun illərdir burada yaşayır və onların ailələrində doğulan uşaqların çoxu Azərbaycanı görməyib. Bu səbəbdən hesab edirəm ki, məktəbdə təşkil olunan bu sinif buradakı azərbaycanlılar arasında Azərbaycançılıq irsinin yaşadılmasında yardımçı olacaq”.

Y.Alıyev deyir ki, Nikolayevdə təşkil olunan sinifdə Azərbaycan dili və tarixindən başqa milli adət-ənənələr, Azərbaycanın dahi şəxsiyyəti barədə məlumatlar mütəmadi olaraq uşaqlara çatdırılır. Məktəbin qeyd olunan sinif yerləşən hissəsində Azərbaycanın tarixi, ədəbiyyatı və milli bayramları ilə bağlı fotoşəkillər, stendlər, o cümlədən ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotostendlər yerləşdirilib.

Nikolayevdəki Heydər Əliyev Cəmiyyəti 2010-cu ildə azərbaycanlı iş adamları Y.Alıyev, Anar Axundov və Kamran Həsənov tərəfindən yaradılıb və ermənilərin də sayı çox olan şəhərdə Azərbaycanla bağlı tədbirlərin keçirilməsində fəallıq göstərir. A.Axundov eyni zamanda Ukrayna dövləti tərəfindən yaradılan Azsaylı Xalqlar Birliyinin Nikolayev üzrə sədridir. Heydər Əliyev Cəmiyyətin sədri Y.Alıyev eyni zaman onu da bildirib ki, yaxın zamanlarda şəhərin mərkəzi küçələrindən birinə “Azərbaycan” adının verilməsi üzərində çalışılır. Cəmiyyət Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə sıx əməkdaşlıq edir. UAK-ın sədri Rövşən Tağıyev Azərbaycan dilli xüsusi siniflər ilə bağlı bildirib ki, Nikolayevdəkinə bənzər kiçik siniflər Ukraynanın Xarkov, Donetsk, Dnepropetrovsk, Kiyev və Simferopol şəhərlərində də fəaliyyətə başlayıb. UAK sədri təəssüflə qeyd edib ki, bəzi regionlarda azərbaycanlı valideynlər uşaqlarını həftəsonu bu siniflərə cəlb eləməkdə passivlik göstərirlər. Buna baxmayaraq, belə siniflər Ukraynanın digər azərbaycanlılar yaşayan bölgələrində də açılacaq: “Dərs ləvazimatları da konqresin həmin şəhərlərdəki nümayəndələri tərəfindən Azərbaycandan gətirilərək təmin olunur. Məqsəd Ukrayna vətəndaşlığı olan Azərbaycan ailələrində doğulan uşaqların mütəmadi olaraq Azərbaycanla bağlı məlumatlandırılmasıdır”.

Mübariz Aslanov

Ukrayna, Nikolayev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812

Oxşar yazılar