Öldürülən imamın tərəfdarları məscidə axışır –  – YENİLƏNİB
30 oktyabr 2012 11:26 (UTC +04:00)

Öldürülən imamın tərəfdarları məscidə axışır – – YENİLƏNİB

“Bu gün səhər Dərbənddə qətlə yetirilən Kərimulla İbrahimov Dağıstanın cənubunda sələfi təriqətinin lideri hesab olunurdu. Onun qətlə yetirilmiş 82 yaşlı atası İbrahim İbrahimov və qardaşı 50 yaşlı Seyfullah da bu təriqətin üzvləri, habelə milliyyətcə aqul idilər”. Bu barədə Lent.az-a Dərbənddəki mənbədən məlumat daxil olub.

Mənbənin dediyinə görə, onlar, daha doğrusu Kərimulla İbrahimov neçə vaxt idi ki, Dərbəndin mərkəzindəki Cümə məscidinin imamı olmaq üçün çalışırmış. Həm Kərimulla, həm də onun qardaşı Seyfullanın adı bir neçə il öncə Dərbəndin Cümə məscidində baş vermiş olaylarla bağlı hallanıb.

Mənbənin dediyinə görə həmin vaxtı İbrahimovlar onlarla tərəfdarı ilə birgə Cümə məscidinə hücum edərək şiə məzhəbliləri və sufi təriqətinə mənsubları oradan qovmaq istəyiblər. O zaman onlar İmam Əli və İmam Hüseynin məsciddəki şəkillərini belə cıraraq ayaq altına atıblarmış. Nəticədə həmin olaylar zamanı qan tökülmüşdü, ölən və yaralananlar olmuşdu.

Mənbə onu da bildirib ki, bu qətl bir qədər əvvəl Buynakskda öldürülmüş Dağıstanın və bütün Qafqaz sufilərinin lideri Səid Əfəndi Çirkeyskinin qətlinə də cavab ola bilər: “Bu ehtimal olduqca böyükdür. Çünki həmin qətlin arxasında sələfilərin durduğunu Dağıstanda bilməyən yoxdur. Elə rəsmi istintaq da sonradan sübut etmişdi ki, qətli törədən Aminat Saprıginanı məhz bu təriqət üzvləri təlimatlandırılıb. Həmin vaxt sufilərin də yaxın zamanda qisas aktına əl atacağı da söylənilirdi”.

Mənbənin dediyinə görə, sələfilərin yığışdığı cümə namazına, Kərimulla İbrahimovun xütbələrini dinləməyə azı 3 min adam yığışardı: “Bu isə Dərbənd kimi kiçik bir şəhər üçün olduqca böyük rəqəmdir. Kərimulla İbrahimovun qətlə yetirilməsi Dağıstanın nisbətən sakit bölgəsi olan cənubunda, xüsusi ilə Dərbənddə vəziyyəti gərginləşdirəcək”.

Həmsöhbətimizin dediyinə görə, İbrahimovlar evləri hazırda polis tərəfindən mühasirədədir. Onun tərəfdarları isə hazırda ibadət etdikləri məscidə axışır.

***

30 Oktyabr 2012 10:03

Bu gün səhər saatlarında Dərbənddə şəhərdəki məscidlərdən birinin imamı Kalimulla İbrahimov, onun atası və qardaşı öldürülüb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, iki naməlum şəxs saat 5:00 radələrində Aeroportovsk şossesində, məscidin yaxınlığında namaz qılmaq üçün gedən imamı, onun atası və qardaşını güllələyib. Hər üç şəxs aldığı güllə yarasından ölüb. Atəş açan şəxslər daha sonra “Lada-Kalina” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.


Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8875

Oxşar yazılar