Nostradamusun son peyğəmbərliyi - HEKAYƏT
25 oktyabr 2012 11:30 (UTC +04:00)

Nostradamusun son peyğəmbərliyi - HEKAYƏT

...Ölümündən bir gün öncə qoca Nostradamus şagirdi Mak Şaviniyə “sabah səhər gün doğanda mən dünyada olmayacağam” - deyib və öz hücrəsinə çəkilib.

Doğurdan da səhər Mişel Nostradamus yuxudan oyanmır. Öləcəyi günü bilən ustad əvvəlcədən vəsiyyətnaməsini yazmışdı. Vəsiyyətnaməyə görə, onu Kordilyer kilsəsində şaquli vəziyyətdə, bağlı tabutda dəfn ediblər...

***

Mişel Nostradamus fani dünyada altmış iki il, altı ay, on yeddi gün yaşayıb.
“Nostradamusun ölümündən iki yüz iyirmi altı il ötüb”. Paris inqilab dalğaları qoynunda çalxalanır. Əfsanəyə görə, kim Nostradamusun kəllə çanağından şərab içərsə, Tanrı həmən adama ilahi vergi verər. 1791-ci ildə bu əfsanəyə inanmış bir neçə əsgər Nostradamusun qəbrini açdı. Skeletin boynundan bir lövhə asılmışdı, lövhədə 1791 yazılmışdı. Deməli, dahi maq 1791-ci ildə qəbrinin açılacağını bilirmiş. Əsla heyrətlənməyin, söhbət Nostradamusdan gedir. Əbləh əsgərlərdən biri kəllənin içinə şərabı töküb içir. Ertəsi gün həmən əsgər təsadüfi bir gülləyə qurban gedir. Nostradamusun qəbrinin dağılmasında iştirak etmiş digər əsgərlər də tezliklə bir-birinin ardınca cəhənnəmə vasil oldular.

***

1503-cü il. Fransa, Provans əyalətinin Sen-Remi şəhəri 14 dekabr.
Notarius Mak Nostradamusun ailəsində bir oğlan doğuldu. Yeni doğulan oğlan ailənin beşinci övladıydı. Körpənin babaları Pyer Nostradamus və Jan de Sen-Remi saray həkimləri, kimyagər və astroloq idilər.
Mişelin uşaqlıq illəri Jan babasının yanında keçir, burada o, latın, idiş, yunan, italyan dillərini, klassik ədəbiyyatı, xalq təbabətini öyrənir. Jan baba əlkimyaya, rəqəmlərin mistikasına, kabbalizmə xüsusi diqqət verirdi və nəvəsini bu yöndə tərbiyələndirirdi.
Mişel Nostradamusun təbib babaları sonradan xristianlığı qəbul etmiş yəhudilər gizlində iudaizmə sadiq qalmışdılar. Jan de San-Reminin ölümündən sonra Mişel ailə ocağına qayıdır, burda onun təlim və tərbiyəsi ilə ata babası Pyer Nostradamus məşğul olur. 14 yaşlı Mişel - Avinon universitetin tələbəsi yeni fənləri asanlıqla mənimsəyir. Universitetdə o, “balaca astroloq” ləqəbi ilə məşhur idi.
Avinonda Mişel xalasıgildə yaşayırdı. Xalasının əri müsyö Anatolinin rəssam olduğu bildirilir. Bu ailənin öz uşaqları olmadığından “balaca astroloq”u öz uşaqları kimi sevirdilər. Bacarıqlı portretist kimi tanınan Anatoli gözəl qadınları və tünd şərabı da sevirdi.

Mişel Marqarita xalanın tapşırığı ilə rəssam Anatolini səsli-küylü meyxanələrdə axtarıb tapar, onu sərxoş vəziyyətdə evə gətirərdi.

Nostradamusa aid edilən rəsmlər mövcuddur, amma bu akvarelləri doğurdan da dahi Nostradamusun yaratdığı şübhə doğurur. Əlimizdə bu faktı təsdiqləyəcək bir mənbə yoxdur.

Bir axşam yenə Mişel Avinon traktirlərində Anatolini axtarırdı. Şübhəli bir traktirdə gözəl bir qulluqçu qız çalışırdı. Utancaq tələbə gözəl qulluqçu qıza vurulur. Tələbənin məhəbbət məsələlərində təcrübəsizliyini görən qız özü ona yaxınlaşır. Keşiş qızı Bernadetta uşaqlıqdan valideynlərini itirmişdi. Tale kimsəsiz qızı traktirlərə gətirib çıxarmışdı. Onlar gizli-gizli görüşməyə başlayırlar, Bernadetta Mişel Nostradamusun ilk sevgilisi idi. Mişel sevgilisinin qoroskopunu tutur – ulduzların düzümü onların tezliklə ayrılacaqlarını, qızın öləcəyini bildirir. Bernadetta qoroskopun yanlış olduğuna əmindir, Mişel isə ulduzların söylədiklərinə ürəkdən inanır.

Avinon universitetində üçüncü semestr başa çatmaq üzrədir, tələbələr imtahanlara hazırlaşırlar. Elə bu ərəfədə ölkəni vəba epidemiyası bürüyür. Gözəl Avinon şəhəri bir həftə ərzində cəhənnəmə çevrilir. Hər yanda insan cəsədləri, hər yerdə qara tüstü burulğanları...

Mişel beş gündür sevgilisini görməyib. O, Bernadetta sarıdan nigarandır, sevdiyi qızı götürüb şəhərdən çıxmaq istəyir. Bernadettanın yaşadığı mənzilə gəlir, sevgilisinin cansız cəsədi ilə rastlaşır...

Qoroskop yada düşür - ulduzların düzümü Mişeli aldatmamışdı.

Qohumları ilə birgə Avinondan baş götürüb qaçan Nostradamus yolda, insan qələbəliyi içində qohumlarını itirir, onları axtararkən qaçqınlar arasında tələbə yoldaşlarına rast gəlir. Nostradamus bir qrup tələbə ilə birlikdə qışı Pireneydə keçirir. Yarı ac, yarı tox, soyuq Pireney gecələri ona tale yolu kimi uzun görünür. Nəhayət, Pireneyə bahar gəlir və səfil, sərsəri tələbələr evlərinə qayıdırlar. Nostradamus Sen-Remidə ailəsini sağ-salamat bulur - Tanrı onları yenə qorumuşdu. Marqarita xala və rəssam Anatoli vəba xəstəliyindən ölmüşdülər.

1922-ci ildə Mişel nüfuzlu Monpele universitetinin tibb fakültəsinə daxil olur. Universitetdə təhsil aldığı üç il ərzində gündüz məşğələlərindən sonra o, gecələr inkvizisiyanın iti gözlərindən yayınaraq cəsədlər üzərində cərrahiyyə əməliyyatları aparırdı, insan bədəninin anatomik atlasını çəkirdi. O, astrologiya ilə məşğul olur, qədim manuskriptlərdə vəba əleyhinə çarələr axtarırdı və eyni zamanda bitki mənşəli yeni dərmanları sınaqdan keçirirdi.

1925-ci ildə vəba yenidən Fransa torpaqlarına qayıtdı. Bu dəfə bakalavr Nostradamus vəba xəstəliyinin yayıldığı şəhərlərə getdi, onunla mübarizəyə qalxdı.

Təbib Mişelin uzaqgörənliyi və fədakarlığı sayəsində Karasson, Narbonna, Tuluz və Bordo kimi böyük şəhərlərin əhalisi vəba xəstəliyindən xilas ola bildilər. Sadə xalq vəbaya qalib gəlmiş həkim Mişeli əsl qalib, qəhrəman kimi qarşılayırdı, adamlar onun qarşısında diz çökürdülər, uşaqlar onun yoluna gül-çiçək səpirdilər, Mişel Nostradamus Tulon şəhərinə məskunlaşdı.

1534-cü ildə zəmanəsinin görkəmli alimi - şair, astronom və təbib Jül Sezar Skalker Tulon şəhərinə, həkim Mişel Nostradamusa məktub yazıb onu Atan şəhərinə, birlikdə çalışmağa dəvət elədi. Nostradamus Skalkerin təklifini tərəddüdsüz bəyəndi. Tulonla vidalaşıb, Atan şəhərinə yollandı. Atanda iki böyük şəxsiyyət asanlıqla dil tapdılar. Nostradamus Skalkeri özünün yaratdığı astroloji metodlarla tanışdırdı. Bu metodlar yalnız gələcəyi göstərməklə qısıtlanmır, eyni zamanda keçmişə baş vurmağa, keçmiş əyyamlarda vale olmuş olaylara şahid olmaq imkanı yaradırdı.

Jül Sezar, göy cisimlərinin xəritəsini çəkmiş alim Nostradamusun kainat haqqında təsəvvürlərini daha da genişləndirirdi. Jül Sezarın nəzəriyyəsinə görə, yalnız məlum planetlər deyil, alov kürəsi şəklində Yer kürəsinə düşən kometlər və gözəgörünməyən göy cisimləri də insanlara təsir göstərib. Məhz Jül Sezar Nostradamusun Yer üzündəki missiyasının sirrini ona açdı. Tezliklə, Nostradamus “Qızlgül və xaç” ordeninə qəbul olundu. Rozenkreyser qardaşları onu hər türlü dəstəklədilər...

***

Mişel Nostradamusun “Senturii” kitabı dünyada ən çox çap olunan on kitabdan biridir. Sovetlər dövründə astrologiya və okkultizmə aid kitablar qadağan olunmuşdu. Nostradamusun ulduzların düzülüşünü izlədiyi gecələrdə ona vəhy gəlirdi. O, gələcəkdə baş verəcək çox mühüm hadisələri açıq-aydın görürdü və öz görüntülərini katrinlərdə (şeir forması, dördlük) şifrələyirdi. Vəhy anında qələmə aldığı hadisələr zaman keçdikcə özünü doğrultmağa başladı. Nostradamus görüntülərinin, gələcəkdən xəbər verən katrinlərinin bir hissəsini çap etdirmək fikrinə düşdü. “Misir sirləri” kitabı yayımlandı və əldən-ələ gəzdi.

Nostradamus iki dəfə evlənib. İlk evliliyindən onun bir oğlu və bir qızı dünyaya gəlib, fəqət xoşbəxt ailə həyatının ömrü çox qısa olub, üç ildən sonra qadın ömrünü Nostradamusa bağışladı. İki həftə ərzində o, sevimli həyat yoldaşını və iki övladını itirdi. Bədlik gələndə tək gəlmir, özü ilə başqa bəlalar da gətirir. Bu dəfə ailəsini itirmiş bədbəxt həkimi cadugərlikdə suçlayırlar, guya Mişel qəlbini şeytana satıb. Şaiyələr Tulon şəhərinin sərhədlərini aşıb, Vatikana qədər gedib çıxır. Deməli, inkvizisiya işə qarışmalı olacaq. Bu dəfə o, bütün əmlakını yandırıb, bir zamanlar onu göylərə qaldıran nankor şəhərdən baş götürüb qaçır. Nostradamus yeddi il Provans şəhərində səfil, sərsəri həyat sürür. Evsiz-eşiksiz, işsiz-gücsüz, pulsuz-parasız çarəsiz bir insanın çəkdiyi əzabları təsəvvürünüzdə canlandırmağa çalışın. Mən bu mənzərəni aydınca görürəm, zira bu həyat mənə çox tanışdı. Mən belə bir çarəsizliyin nə demək olduğuna yaxşı bələdəm - başım çəkdiyindən bilirəm.

Bioqrafları dühanın bu zaman kəsiyində yaşadığı dövrü Nostradamusun yeddi illik Odisseyası adlandırırlar. Yeddi illik Odisseyadan sonra doğma şəhərə dönən Mişel burada vəbaya qarşı dərman preparatı icad eləyir və bu məlhəmi xəstələr üzərində sınaqdan keçirir. Elə bu ağrılı-acılı günlərdə həkim Lun-Sera onu axtarıb tapır. Bir ildən sonra onu Eks şəhərinə dəvət edirlər, iki yüz yetmiş gün gecə-gündüz demədən çalışan metr Mişel Eks şəhərini vəbanın pəncəsindən xilas edirdi - bu isə əsl qəhrəmanlıq idi. Şəhər parlamenti ömürlük təqaüd kəsdi, beləliklə, o, öz təmiz adını qoruyub saxladı...

Nostradamus gözəl və zəngin bir qadınla - Anni Pozar Gemel, bəzi yazılı mənbələrdə Anne Pansor Cemelle, ya da sadəcə olaraq “madam Pussar” ilə - tanış olanda artıq qırx beş yaşındaydı. Maddi sıxıntıların məngənəsindən, ehtiyac və məhrumiyyətlərdən yaxa qurtaran Nostradamus Puskon küçəsində iki mərtəbəli imarət mülk alır. Mülkün birinci mərtəbəsində yaxşı gəlir gətirən kosmetik dükan açır, ikinci mərtəbədə alimin laboratoriyası və kitabxanası yerləşirdi. Nostradamus bu mülkdə arvadı və uşaqları ilə on doqquz il sevgi və qayğı əhatəsində xoşbəxt ömür sürüb.

Madam Pussardan Nostradamusun altı övladı – üçü oğlan, üç qız dünyaya gəlir.
Gündüzlər xəstələrinin müalicəsi ilə məşğul olan ünlü loğman gecələr pəncərələrin pərdəsini endirib teleskopla göy üzünü seyr edərdi. Sonra bürünc qoltuğuna əyləşib qazanda qaynayan suyun içinə qurudulmuş ot, çiçək, yarpaq atar, trans vəziyyətinə gələnə qədər yanan oda baxaraq zikr edərdi. Buxar içində gözlərinə görünən vaqiələri qafiyələndirərdi. Astroloq Nostradamusun katrinləri belə yaranardı.

Ankon şəhərində astroloq bir neçə rahiblə görünür. Rahiblərdən biri ona Roma papasının libasında görünür, bu rahib Reliqe Peretti olub. Nostradamus ona Alihəzrət Müqəddəs deyə müraciət edir, rahiblər çaşırlar və həkimə gülürlər. Bu əhvalatdan on səkkiz il ötəndən sonra Peretti Vatikanın sahibi oldu. Ankon şəhərində Nostradamusla görüşmüş rahiblərdən biri bu görüş haqqında gündəliyində müfəssəl qeydlər edibmiş.
Birinci senturinin (yüzillik) otuz beşinci katrini - Cavan şir qoca aslana döyüş meydanında qalib gələcək. Cavan şir qoca aslanı qızıl dəbilqəsinə nizə ilə vuracaq, nizə qoca aslanın gözünü çıxaracaq – qoca aslan əzab və işgəncəylə öləcək”.

Salnamələrdən bizə məlumdur ki, 1559-cu II Henrix gənc qraf Monhomeri döyüşə çağırır. Kralın üzündə qızıl maska olur. II Henrix qrafın nizəsindən aldığı yaradan dəhşətli əzabla ölür...

Kilsə inkvizisiyası Kral ailəsinin asrtoloqu himayə etdiyini bilir və astroloqun şan-şöhrətinə, nüfuzuna qısqanırdı. İnkvizitorlar gizli planlar cızırdı, artıq şöhrəti bütün Fransanı bürümüş dahi ilə haqq-hesab çəkməyə əlverişli fürsət gözləyirdi. Ailəsinin təhlükəsizliyini qorumaq məqsədi ilə Nostradamus katrinlərini rebus kimi, tapmaca kimi yazırdı. Oğlu Sezara ünvanladığı məktub elə şifrlənib ki, beş yüz ildir onun yaradıcılığını ələk-vələk eləyən araşdırıcılar hələ də ondan baş aça bilmirlər. Beş yüz ildir Nostradamusun peyğəmbərcəsinə söylədiyi olaylar zaman keçdikcə bir-birinin ardınca özünü doğruldur. Nostradamus II Dünya müharibəsini, Hitlerin və Stalinin taleyini, SSRİ-nin süqutunu, hətta atom bombasını katrinlərdə şifrləyib.

***

“Ölümündən bir gün öncə qoca dahi şagirdi Jak Şaviniyə “sabah gün doğanda artıq mən bu dünyadan köçmüş olacağam” söylədi. Və səhər gün doğarkən onun ruhu bədənini tərk eləyib əbədiyyətə qovuşdu...

Adil Mirseyid
# 3567

Oxşar yazılar