18 yaşlı alman Kremli necə fəth elədi? - ARAŞDIRMA
24 oktyabr 2012 18:30 (UTC +04:00)

18 yaşlı alman Kremli necə fəth elədi? - ARAŞDIRMA

...Keçəl başında Amerikanın xəritəsi olan bu adamın SSRİ-ni dağıdacağını elə bil sovet adamları əvvəlcədən bilirdilər. Onun hakimiyyətə gəlişi ilə iki qərinə yaşı olan imperiyanın bəd günləri başladı. Bir-birinin ardınca baş verən təbii fəlakətlər, böyük miqyaslı qəzalar hətta partiya və hökumətə özündən daha çox inanan ən əqidəli kommunistlərin belə ürəklərinə şübhə toxumu səpməkdəydi: doğrudanmı, bunlar hamısı təsadüfdür?

Qızıl Meydanda alman təyyarəsi

İnsanları qınamaq olmazdı. Hamı düşünürdü ki, nəyə görə, məsələn, Brejnevin, yaxud Andropovun dövründə qurd quzu ilə otlayırdı? Axı, nə zəlzələlər, nə də Qorbaçov dövrünün istehsalat, nəqliyyat qəzaları baş vermirdi. 1987-ci il mayın 28-də baş vermiş hadisə isə bütün ölkəni şoka saldı. Axşam saat 19:30-da Moskva milisinin rəis müavini Mırikov rəisi general-leytenant Boqdanova ratsiya ilə xəbər verir ki, Qızıl Meydana alman təyyarəsi düşüb. Təbii ki, Boqdanov yağlı ana söyüşündən sonra ratsiyanı bağlayır. Mırikovun xəbərini qulaqardına vurmayıb deyilən yerə gələn Moskva Dövlət Yol Müfəttişliyinin rəisinin isə gözləri kəlləsinə çıxır: həqiqətən üzünə təzəcə tük çıxmış cavan bir alman təyyarəçisi dədəsinin yeri kimi düz Qızıl Meydanın ortasında təyyarəsinin yanında camaata avtoqraf paylayırdı...

Rusları şok edən Rust

Bu zırrama adı Matius, soyadı Rust olan bir alman idi. 1968-ci il iyunun 1-də Hamburq yaxınlığında Veder şəhərində anadan olmuşdu. Ancaq bu idman təyyarəçisi elə bir əməl elədi ki, taleyi ilə hamıdan fərqləndi. İlk baxışdan onun hərəkətinə qiymət vermək və bu olayın səbəblərini araşdırmaq xeyli çətin görünür. Sadə və yüngül bir idman təyyarəsində SSRİ kimi dəmir sərhədlərə malik dövlətin ərazisinə girəsən, girmək cəhənnəm, uçduğun “cırcıramanı” gətirib Qızıl Meydanın düz ortasına salasan... Ancaq hadisənin necə baş verdiyini, daha doğrusu, necə mümkün olduğunu biləndə görürsən ki, hər şey xeyli bəsit görünür. 1987-ci il mayın 28-də Matius Rust 4 nəfərlik “Cessna-72” yüngül idman təyyarəsi ilə əvvəlcə Hamburqdan Helsinkiyə, burada çənlərini doldurduqdan sonra da Stokholm adı ilə düz Moskvaya üz tutmuşdu. Beləcə, 18 yaşlı bu cavan Finlandiyanın dispetçer xidməti ilə əlaqəni kəsib, Baltik dənizinin sahil xətti boyunca ölkənin hava ərazisini tərk edir. Sonradan məlum olacaqdı ki, Rustun təyyarəsi Estoniya ərazisinə keçəndə həyəcan siqnalı ilə iki ədəd “MİQ” havaya qaldırılsa da, onlara “Cessna”nın nə vurulması, nə də məcburən yerə endirilməsi barədə heç bir tapşırıq verilməyib. Ona görə də qırıcılar aerodroma qayıdıblar, Rustun təyyarəsi isə Leninqrad-Moskva dəmir yolunun üstü ilə paytaxta tərəf uçmaqda davam edib. Beləcə, 7 saatlıq uçuşdan sonra Matius Rustun təyyarəsi dediyimiz kimi, artıq Qızıl meydanda yerə enir.

“MİQ”ləri azdıran oğlan?

Başdan-ayağa müəmmalarla dolu bu olaydan ötən illər ərzində Rustun sadəcə bir dələduz, yoxsa hansısa xarici kəşfiyyat orqanının xeyir-duası və vasitəçiliyi ilə div boyda dövlətin imicinə zərbə vuran casus olması haqqında ən müxtəlif versiyalar səslənib. Maraqlıdır ki, səslənən hər versiyanın da təkzibolunmaz əsasları var. Ona görə də cənab Rustu Qızıl Meydanda avtoqraf paylayan yerdə qoyub, faktların sadalanmasına keçək. Hər halda, o vaxtı bu dələduz təxminən 1 saat sonra həbs edilmişdi…

Birincisi, ondan başlayaq ki, hadisə may ayının 28-də – Sovet sərhədçilərinin peşə bayramı günü baş vermişdi. Məgər bu faktın özü SSRİ sərhədçilərinin qulağının dibinə vurulan tərs şapalaq deyilmi? Axı, necə ola bilərdi ki, dördyerlik sadə bir idman təyyarəsi «qurdbasan» ölkənin sərhədini keçərək baş meydanına düşür, di gəl, güclü texniki avadanlıqla təchiz olunmuş o boyda Hava Hücumundan Müdafiə Qüvvələrinin xəbəri olmur? Bəzi yoldaşlar deyirlər ki, guya Matias Rust havaya qaldırılmış MİQ-ləri azdıraraq aradan çıxa bilib. Təbii ki, bu uşaq nağılına heç kim inanmaz. Kim olursa-olsun, o, sovet təyyarəçilərinin əlində rahathulqumdan başqa bir şey ola bilməzdi. Deməli, ortada başqa məsələlər var. Bu məsələlərin nə olduğunu bilmək üçün ayrı-ayrı illərdə müxtəlif yüksək rütbəlilərin ağızlarından səslənən fikirləri və hadisələrin sonrakı inkişafını izləmək lazımdır.

Qorbaçovun əməli…

Ondan başlayaq ki, Sovet Silahlı Qüvvələrinin əksər nümayəndələri bu aksiyanı xarici xüsusi xidmət orqanlarının əməliyyatı hesab ediblər. 1991-1997-ci illərdə Rusiya HHQ-nin komandanı olmuş ordu generalı Pyotr Deynekin yazır: «Şübhəsiz ki, Rustun uçuşu xarici xüsusi xidmət orqanlarının əvvəlcədən hazırladıqları və həyata keçirdikləri provokasiya idi. Ən əsası isə odur ki, bu əməliyyat SSRİ-nin o vaxtkı rəhbərliyində bəzi şəxslərin razılığı ilə baş tutmuşdu».

DTK-nın sabiq polkovniki İqor Morozov da hesab edir ki, əcnəbi xüsusi xidmət orqanlarının hazırladıqları əməliyyat birbaşa Silahlı Qüvvələrin imicinin aşağı düşməsinə, SSRİ-nin beynəlxalq aləmdə nüfuzuna zərbə vurmağa hesablanıbmış. «Krasnaya zvezda» isə daha uzağa gedərək hadisə günü HHM-nin mərkəzi məntəqəsində növbətçi olan general Sergey Melnikova istinadən yazır ki, guya DTK sədri Kryüçkov əməliyyatı birbaşa Qorbaçovun əmriylə hazırladığını etiraf edib. Təsəvvür edin, bu olaydan sonra Qorbaçovu ölkəni uçuruma aparmaqda ittiham eləyən yüksək rütbəli ordu mənsubları və onların kadrlarının hamısı ucdantutma işdən çıxarıldılar, hətta həbs edilən də oldu. Onları isə Baş Katibə yaxınlığı ilə tanınan kadrlar əvəz elədi. Məsələn, həmin vaxtlar orduda və cəmiyyətdə böyük nüfuz sahibi olan müdafiə naziri Sergey Sokolovun yerini Dmitri Yazov tutdu ki, o adam da sonradan SSRİ-nin dağılmasında müstəsna rolu olan məşhur «QKÇP»də iştirak elədi…

Hava xuliqanı…

Nəsə, bütün faktları yada salandan sonra şəxsən mən bu biabırçı olayın birbaşa Qorbaçovun tapşırığı ilə hazırlandığı versiyasına daha çox üstünlük verirəm. Adam SSRİ-nin dağılmasına aparıb çıxaran belə olayları sonradan da dəfələrlə hazırlayacaqdı ki, bu haqda azacıq sonra. İndisə qayıdaq Qızıl Meydanda «qoyduğumuz» zırrama Matias Rusta. Deməli, təyyarəçi həbs edilir və dindirilmə zamanı bildirir ki, onun niyyəti guya «Soyuq müharibə»də olan iki sistem arasında barışıq toxumları səpmək olub. Uzun çək-çevirdən sonra «hava xuliqanlığı», Sovet sərhədini qanunsuz keçmək üstündə Rusta 4 il iş verirlər. Ancaq cəmi 15 ay yatdıqdan sonra amnistiyaya salınır, azadlığa buraxılır. Almaniyaya qayıdan Rust burada onunla görüşdən imtina elədiyi üçün tibb bacısını bıçaqlayır, yenə 4 il iş alır, bu dəfə də düz 15 aydan sonra azadlığa çıxır. 1994-cü ildə bu dəfə adam balası kimi Rusiyaya gələn Matius burada uşaq evlərini gəzir, yetimlərə ianə paylayır, ardından uzun müddət Trinidadda yaşayır, 28 yaşında bütün dünyanı gəzərək təzədən vətəninə qayıdır. 1997-ci ildə varlı-hallı hind sahibkarının Gita adlı qızına evlənən Rust 2001-ci ildə univermaqdan paltar oğurluğu üstündə təzədən məhkəmə qarşısında dayanır. İndi isə deyirlər ki, «qəhrəman Rust» ikinci arvadı Afina ilə Hamburqda yaşayır, pokerlə başını dolandırır. Qırmızı Meydana enən «Cessna» isə Alman Texniki Muzeyində eksponat kimi göydən asılıb…

3-cü Şeremetyevo

İndi isə qayıdaq başında Amerikanın xəritəsi olan Qorbaçova. Bəli, onun hakimiyyəti dövründə baş verən əksər hadisələr kimi Rust olayı da birbaşa Qorbaçovun ölkəni dağıtmaqla qarşısına qoyduğu məqsədlərə xidmət edirdi. Eynən «QKÇP» hadisəsi kimi…

İndi artıq SSRİ yoxdur, ancaq müxtəlif illərdə bu böyük ölkədə baş verən hadisələr dünya tarixinin bir parçasıdır. 18 yaşlı idman təyyarəçisinin yüngül «cırcırama»da SSRİ-nin sərhədini aşıb baş meydanına düşməsi olayı da həmçinin…

Azca qalmışdı unudam, həm də yazını belə kövrək notlarla bitirmək də bir iş deyil. Rustun Moskvaya düşməsindən sonra şəhər camaatı Qızıl Meydanı 3-cü Şeremetyevo adlandırmağa başlamışdı. Belə bir lətifə də gəzirdi ki, Böyük Teatrın yanındakı fontanın yanına milis postu qoyublar ki, birdən fəvvarədən Amerikanın sualtı qayığı üzüb çıxar… Öz aramızdı, doğrudan da gülməlidi…)))

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3522

Oxşar yazılar