Gürcü seçimi: “41”, yoxsa  “5”? – HADİSƏ YERİNDƏN
01 oktyabr 2012 09:27 (UTC +04:00)

Gürcü seçimi: “41”, yoxsa “5”? – HADİSƏ YERİNDƏN

“41” və “5”. Bu günlərdə Gürcüstanda hara getsəydiniz, bu rəqəmlərlə qarşılaşacaqdınız; divarlarda, dükanlarda, restoran və kafelərdə, avtobuslarda, metroda… hər yerdə. “41” seçki siyahısında Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” blokunun sıra nömrəsidir. “5”-ə Saakaşvili tərəfdarları səs verəcəklər - Vahid Milli Hərəkat Partiyasına. Daha bir blok və 14 partiya da seçkilərdə iştirak edir. “Azad Gürcüstan”dan tutmuş, hətta bu ölkədə hamının çoxdan unutduğu Gürcüstanın ilk və həm də faciəli prezidenti Zviad Qamsaxurdiyanın adını daşıyan “Azadlıq yolu” partiyasınadək. Hələ mən bu “oyunda” “40” nömrə ilə çıxış edən “Gürcüstan idmançıları İttifaqı” adlı siyasi bloku demirəm.

Amma bu blokların hamısı “Gürcü arzusu” ilə Gürcüstan “millətçiləri”nin yedəyində sürünəcəklər. Bazarlıq üçün, əgər lazım olan səsi alarlarsa...

***

Səhər məni taksiylə oteldən seçkiləri izləyəcək jurnalistlər üçün yaradılmış İnformasiya Mərkəzinin yerləşdiyi “Marriot” otelinə aparan 70 yaşlı sürücü Zurab dayı Saakaşvilini asıb-kəsdi. İvanişvilinin bu millətə xilaskar göndərilməsindən dəm vurdu. Məntiqi də aydın idi: ölkədə iş yoxdur!

Bəs İvanişvili iş verəcəkmi?

Bu sualımıza da cavabı qəribə oldu: “Əlbəttə, o, söz verib. Sözünün üstündə də duracaq”.

***

Günorta başqa bir taksidə sürücü “Mişanı getməyə qoymarıq” deyib, Kutaisidə qeydiyyatda olduğundan sabah ora gedəcəyini bildirdi: “Bunlar banditlərlə, “qanuni oğrular”la əlbirdir, qardaş. Biz indi-indi rahat nəfəs alırıq”. Bu da onun məntiqi idi.

O da haqlı idi.

***

Bu gün, elə siz bu sətirləri oxuyanda Gürcüstan seçki məntəqələrinə axışır. Səhər tezdən axşam düz saat 8-dək 3 milyon yarım seçici sandıq başında olacaq: 150 deputatı seçmək üçün.

Gürcüstan üçün, sözün həqiqi mənasında, həssas bir məqam yetişib. Söhbət ondan gedir ki, Mixail Saakaşvilinin prezident səlahiyyətlərinin başa çatmasına hələ xeyli vaxt qalsa da, oktyabrın 1-də keçiriləcək parlament seçkiləri Gürcüstanda hakimiyyətin taleyini həll edə bilər. Çünki gələn ildən qüvvəyə minəcək yeni qanunlara əsasən icra strukturlarını prezident yox, baş nazir idarə edəcək. Baş naziri isə parlament seçəcək. Müxalifət bu seçkilərdə 50 faizdən çox səs yığacağı halda hökuməti də onlar quracaq. Bu isə o deməkdir ki, Gürcüstanda parlament tipli idarəetmə üsulu tətbiq edildikdən sonra idarəçilik rıçaqları Saakaşvilinin əlindən çıxa bilər.

Saakaşvili qələbə çalacağı halda hakimiyyətini daha da möhkəmləndirəcək. Bax, belədir situasiya.

***

Bəndəniz reportyordur. Və heç bir analiz vermədən seçkiləri izləyəcək, ən qaynar xəbərlərə sizləri təmin etməyə çalışacaq. Tərəfsiz. Nə gözləntilərimi, nə proqnozlarımı yazacam. Sadəcə, müşahidələrimi.

Elə mən bu yazını yazanda sentyabrın 30-u, saat 22 radələri idi. Tiflisin mərkəzində Merdjanaşvili küçəsində kiçik bir kafedə idik. Ətrafımda hamısı gürcülər. Şən, deyib-gülən, yeyib-içən, zarafatcıl gürcülər. Mərkəzdə sakitlikdir. Arabir maşınlar keçir. Qanunla qadağan olunmasına baxmayaraq, - seçkiyə bir gün qalmış heç bir təbliğat vasitəsinə icazə verilmir - hərdən İvanişvili və Saakaşvili tərəfdarları əllərində partiyalarının bayraqları qışqıra-qışqıra, şüar deyə-deyə maşınlarla şütüyürlər.

***

Amma düz bircə sutka sonra… hə, sabah bu vaxt burda nələr baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. “Gürcü arzusu” da qələbəsini bayram edə bilər, Saakaşvilinin “millətçiləri” də. Bütün hallarda elə Merdjanaşvili küçəsi qarışıq, şəhərin mərkəzi insanlarla dolacaq. Bütün bunlar sabah olacaq. Amma…

Amma ola bilsin ki, ümumiyyətlə bayram olmasın...

Allah göstərməsin!

***

Kafedən çıxhaçıxda bayaqdan kompüterimdə nə yazdığıma maraqla baxan bir gürcü, deyəsən, dözə bilmədi. Jurnalist olduğumu dedim. Seçkilərə gəldiyimə işarə vurdu.

Bu şən, üz-gözündən sanki ancaq yaxşılıq eləmək üçün bu dünyaya gəldiyi görünən gürcüdən kimə səs verəcəyini soruşdum:

- Prezidentə.

Və dərhal da güldü.

- Kimə səs verəcəm, Tamunaya, öz arvadıma. Axşam məndən haqq-hesab istəyəcək, bu gün nə qədər qazanmışam…

Səbuhi Məmmədli,
Tiflis, 30 sentyabr, saat 22.15
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2209

Oxşar yazılar