Gürcüstanın hakim partiyası qurultayını keçirib
29 sentyabr 2012 02:44 (UTC +04:00)

Gürcüstanın hakim partiyası qurultayını keçirib

APA Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ölkə prezidenti Mixail Saakaşvili, baş nazir Vano Merabişvili, parlament sədri David Bakradze, Batumidə mojaritar deputatlığa namizəd Georgi Baramidze, Tiflis Şəhər Meri Qiqi Uqulava və başqa rəsmi şəxslər çıxış edib. Qurultayda çıxış edən Gürcüstan prezidenti deyib ki, Gürcüstanda hələ belə tədbir keçirilməyib. “Mən Gürcüstana gəlmək istəyən bütün oğrulara müraciət etmək istəyirəm. Qoy, onlar indidən aldığı biletləri geri qaytarsın. Gürcüstanda onları heç kim gözləmir”- deyə, Saakaşvili bildirib.

Gürcüstan prezidenti qurultaya toplaşan bütün iştirakçılara müraciət edib: “Gürcüstan heç vaxt belə seçki ilə üzləşməyib. İnkişaf, ya da keçmişə qayıtmaq istəyirik. Bu, böyük seçimdir və mənə sizin köməyiniz lazımdır”.

Vahid Milli Hərəkat Partiyasının seçkiqabağı keçirdiyi qurultayda prezident bildirib ki, Gürcüstan satılmır və onu bir daha heç kim işğal edə bilməz.
Baş nazir Vano Merabişvili Vahid Milli Hərəkat partiyasının qurultayındakı çıxışında ölkədə bütün vətəndaşlara keyfiyyətli səhiyyə xidmətinin göstəriləcəyinə söz verib: “Biz Gürcüstanda xəstəliyə qalib gələcəyik.”

O, çıxışında qeyd edib ki, şəxsən hər bir kəndlinin güzəranına təminatçısıdır: “Hər bir kənddə qaz, su və yol olacaq.”

Vano Merabişvili Gürcüstanda yaşayan bütün millətlərə təşəkkür edib: “Siz gürcülərlə birlikdə Gürcüstanı qurursunuz. Güclü və vahid Gürcüstanı biz hamımız birlikdə tikəcəyik”.

Gürcüstan parlamentinin sədri David Bakradze mitinq iştirakçılarına müraciətində indi ölkənin taleyi həll olunduğunu bildirib: “Ölkənin taleyini siz həll edirsiniz. Bu, oktyabrın 1-də baş verəcək. Gürcüstanın daxilində düşmən yoxdur, lakin onun xaricində düşmən var. O, gözləyir ki, biz bir-birimizin əksinə gedək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar