Qəddafi tərəfdarları qisas almağa başlayıb
26 sentyabr 2012 16:54 (UTC +04:00)

Qəddafi tərəfdarları qisas almağa başlayıb

Liviyada qanlı döyüşlər yenidən başlaya bilər. Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Ben-Valid şəhərinə hələ də nəzarəti əllərində saxlayan Müəmmər Qəddafi tərəfdarları bu ilin iyulunda şəhərin yaxınlığında 22 yaşlı Omran Şabaan və onun 3 tanışını oğurlayıblar.

Omran Şabaan keçən il Müəmmər Qəddafini yaxalayan silahlı qruplaşmanın üzvü olub və həmin vaxt Liviya liderinin yanında çəkdirdiyi fotoşəkil dünyanın aparıcı KİV-lərində də yayılıb. Müxaliflərin əlinə keçən Müəmmər Qəddafi həmin gün də öldürülüb. Omran Şabaanı oğurlayan Müəmmər Qəddafi tərəfdarlarını da məqsədi də Liviya liderinin devrilməsinə və öldürülməsinə görə qisas almaq olub. Liviya Milli Konqresinin rəhbəri Məhəmməd əl-Maqrifin apardığı danışıqlar nəticəsində 50 gün əsir saxlandıqdan sonra Omran Şabaan və 2 tanışı azadlığa buraxılıb. Dördüncü şəxs isə hələ də əsirliklədir. İşgəncələrə məruz qalan Omran Şabaan azadlığa çıxdıqdan sonra Fransaya müalicə almağa yollanıb. Lakin müalicə nəticə verməyib və o, həyatını itirib. Sentyabrın 25-də Omran Şabaanın cəsədi özəl təyyarə ilə anadan olduğu Misrata şəhərinə gətirilib.

Liviya Milli Konqresi Omran Şabaanı şəhid adlandırıb və bir qəhrəman kimi dəfnini təşkil edib. Omran Şabaanın tabutu Liviya bayrağı ilə bəzədilib, şəhər stadionuna gətirilib. Onun dəfn mərasimində minlərlə şəhər sakini iştirak edib. Liviya hökuməti Omran Şabaanı oğurlayan silahlıların yaxalanması barədə göstəriş verib. Müəmmər Qəddafi rejiminə qarşı döyüşmüş dəstələrdən birinin rəhbəri olmuş Omran Şabaanın qardaşı Valid şəxsən qardaşının qisasını alacağına and içib.

Qeyd edək ki, Ben-Valid şəhərinə sərəncamlarında avtomat, qumbaraatan və artilleriya qurğuları olan Müəmmər Qəddafi tərəfdarları nəzarət edir. Liviya hökuməti hələ ki, bu şəhərdə hakimiyyəti ələ keçirmək gücündə deyil. Ekspertlər hesab edirlər ki, Omran Şabaanın ölümü Liviyada yeni hakimiyyəti tanıyanlarla hələ də Müəmmər Qəddafiyə sadiq olan hərbi birliklər arasında yeni qanlı döyüşlərin başlamasına yol aça bilər. Dəfn mərasimindən sonra Misrata şəhərində müşahidə edilən gərginlik də bundan xəbər verir...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar