Şərqi Çin dənizində dəniz döyüşü başladı - VİDEO
25 sentyabr 2012 16:55 (UTC +04:00)

Şərqi Çin dənizində dəniz döyüşü başladı - VİDEO

Şərqi Çin dənizində yerləşən, Çin, Yaponiya və Tayvan arasında mübahisə predmetinə çevrilən Senkaku (Dyayuydao) adaları ilə bağlı qorxulu vəziyyət yaranıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, şelfində zəngin neft və qaz yataqları aşkarlanan adalara bu gün Tayvana məxsus 50-yə yaxın hərbi gəmi yaxınlaşıb.

Adaları öz ərazisi sayan Yaponiyanın Sahil Mühafizə Xidmətinin gəmiləri nümayişkaranə surətdə adalara yaxınlaşan Tayvan gəmilərini bölgədən sıxışdırmaq üçün su toplarından istifadə edib. Qarşı tərəf də su topları ilə cavab verib. Havaya hərbi təyyarələr və hərbi vertolyotlar qaldırılıb. Bu dəniz döyüşü vertolyotdan çəkilib və Tokio Televiziyasının efirində yayımlanıb. Hələ ki, üstünlük Yaponiya tərəfdədir, Tayvan donanması yapon gəmilərinin yaratdığı səddi keçə bilmir. Tayvan gəmilərindəki bayraqlara “Dyayuydao Tayvana məxsusdur!” sözləri yazılıb.

Adaların yaxınlığında, beynəlxalq sularda Çin Sahil Mühafizə Xidmətinin də 5 gəmisi də var, vəziyyəti müşahidə edir. Hələ ki, Çin gəmiləri Yaponiyanın ərazi suları olduğu elan etdiyi adalar olan bölgəyə daxil olmağa cəhd göstərmir. Çin və Tayvan hesab edir ki, Yaponiya 1885-ci ildə Senkaku (Dyayuydao) adalarını işğal edib. Həmin vaxt Yaponiya Tayvanı da müstəmləkəsinə çevirib. İkinci Dünya Müharibəsindən sonra Tokio bu adalara hüququndan imtina edib. Çin və Tayvan hesab edir ki, Yaponiya artıq bu adaları geri qaytarmalıdır. Tokio isə bəyan edir ki, bu adaların 1885-ci ildəki müharibə ilə əlaqəsi yoxdur, həmin vaxt adalar hər hansı dövlətə məxsus olmayıb. Bu il sentyabrın 11-də isə Yaponiya hökuməti 5 adadan ibarət olan Senkaku (Dyayuydao) adalarından üçünü şəxsi sahiblərindən alıb. Çin və Tayvan bunu etirazla qarşılayıb.

Bu gün adaların taleyi lə bağlı Yaponiya və Çin xarici işlər nazirlərinin müavinləri Tikao Kavai və Çjan Çjitszyun arasında keçirilən görüş nəticəsiz başa çatıb. Tikao Kavai deyib ki, danışıqlar nəticəsiz başa çatıb, çinli həmkarı ilə bu ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3898

Oxşar yazılar