Onları hələ də axtarırlar – SİYAHI –
24 sentyabr 2012 19:29 (UTC +04:00)

Onları hələ də axtarırlar – SİYAHI –

Almaniya hökuməti bir neçə gün öncə nasist cinayətkarı Aribert Heymin öldüyünü rəsmən etiraf edib. «The New York Times»ın məlumatına görə, Heym İkinci Dünya müharibəsi dövründə Mauthauzen əsir düşərgəsində əsirlər üzərində təcrübə keçməkdə ittiham olunur.

Baden-Baden məhkəməsinin qərarı ilə Heymin 1992-ci ildə Qahirədə öldüyünü sübut edən sənədlər «şübhəyə əsası olmayan sənədlər» hesab edilib. Elə həmin qərarla nasist cinayətkarı barəsində cinayət işi bağlanılıb.

Qeyd edək ki, buna qədər onun ölümü ilə bağlı sənədlərin həqiqiliyinə şübhələr vardı. Güman edilirdi ki, həmin sənədlər saxtalaşdırılıb, Heym özü isə Qahirədən Latın Amerikası ölkələrindən birinə qaçıb.

Albert Heym uzun illər axtarışda olan nasist cinayətkarlarından ancaq biridir. Müharibənin bitməsindən 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bir çox cinayətkarların taleyi qaranlıq qalır və onlar bütün dünyada axtarılırlar. Məsələn, bu ilin iyul ayının 16-da nasist cinayətkarlarının köməkçisi olan 97 yaşlı macar Ladislaus Çijik-Çatarinin hələ də azad şəkildə Budapeştdə yaşadığı məlum olub. Bununla bağlı Simon Vizintal Mərkəzinin versiyası üzrə ən çox axtarılan nasist cinayətkarlarının siyahısı dərc edilib.

Beləliklə, dünyada ən çox axtarılan nasisit cinayətkarlarının siyahısı:

1. Ladislaus Çijik-Çatari (Ladislaus Csizsik-Csatary), Macarıstan.


İkinci Dünya müharibəsi dövründə Çijik-Çatari Kassa şəhərində (Slovakiyada yerləşən bu şəhər hazırda Koşitsa adlanır) yerləşən gettoda mühafizə polisinin rəisi vəzifəsini tutub. Simon Vizintal Mərkəzinin məlumatına görə, nasist cinayətkarı ən azı 15,7 min yəhudinin ölümündə günahkardır. Nasist cinayətkarlarının izini axtaranlar bildirirlər ki, Çijik-Çatari qadınları qamçı ilə döyməkdən həzz alırmış, əsirləri soyuqdan donmuş torpağı əlləri ilə qazmağa məcbur edirmiş. Onun digər vəhşiliklərdə də əli olduğu bildirilir.

Müharibədən sonra Çaxoslovakiya məhkəməsi Ladislaus Çijik-Çatari barəsində ölüm hökmü çıxarıb. Amma nasist cinayətkarı qaçmağa, özgə ad altında Kanadaya köçməyə müvəffəq olub. O, burada incəsənət əsərlərinin satışı ilə məşğul olmağa başlayıb. 1997-ci ildə Kanada hökuməti onu vətəndaşlıqdan məhrum edib, Çijik-Çatarinin ekstradisiyası üçün sənədlərin hazırlanması prosesinə start verilib. Amma vacib hüquqi prosedurlar başa çatana qədər macar cinayətkar aradan çıxa bilib.

2. Klaas Karl Faber (Klaas Carl Faber), Almaniya.

SS-in Hollandiya şöbəsinə könüllü olaraq daxil olub, Hollandiya yəhudilərinin ölüm düşərgələrinə göndərildiyi Vesterbork düşərgəsində xidmət edib.

Hollandiya məhkəməsi 1947-ci ildə ən azı 11 nəfəri öldürdüyünə görə, onun barəsində edam qərarı çıxarıb. Sonradan ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edilib.

Klaas Karl Faber 1952-ci ildə həbsxanadan qaçaraq Almaniyaya gedib və orada vətəndaşlıq alıb. Hollandiya hökuməti 2010-cu il noyabrın 25-də Faberin həbs edilməsi ilə bağlı Avropa orderi verib. Amma Almaniya məhkəməsi 2011-ci il 11 may qərarı ilə nasist cinayətkarın Hollandiyaya ekstradisiyasını qadağan edib. Bəzi məlumatlara görə, Klaas Karl Faber bu il mayın 26-da ölüb. Digər məlumatlara görə, o, hələ də sağdır və gizlənir.

3. Qerhard Zommer (Gerhard Sommer), Almaniya.

SS Reyxsfurerinin qrenader tank diviziyasının keçmiş SS unterşturmfüreri. İtaliyanın Santa-Anna-di-Statsema kəndində 560 yerli sakinin qətlə yetirilməsində iştirakda ittiham edilir. 2005-ci ildə İtaliyanın La Spetsiya hərbi məhkəməsi tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğın həyata keçirtdiyinə görə qiyabi olaraq günahkar hesab edilib. 2002-ci ildən Almaniyada onun barəsində cinayət işi açılıb.

4. Vladimir Katryuk (Vladimir Katriuk) Kanada.

Almanların Ukrayna vətəndaşlarından təşkil etdikləri 118 nömrəli polisay batalyonunun keçmiş manqa komandiri. Bu batalyon Belarusda yəhudilərin və digər mülki şəxslərin ölümündə günahkardır. Katryuk Belarusun məşhur Xatın kəndinin məhv edilməsində aktiv iştirak edib.

Katryuk İkinci Dünya müharibəsindən sonra Kanadaya qaçıb. 1999-cu ildə isə nasist keçmişi olduğu şübhəsi ilə bağlı onu Kanada vətəndaşlığından məhrum ediblər. 2007-ci ilin mayında kifayət qədər dəlil olmaması səbəbindən həmin qərara yenidən baxılıb. 2010-cu ilin noyabrında Kanada federal apelyasiya məhkəməsi ona Kanada vətəndaşlığının qaytarıldığı barədə qərarı təsdiq edib.

5. Karoli (Çarlz) Zentay (Karoly (Charles) Zentai), Avstraliya.

Macar əsgəri 1944-cü ildə Budapeştdə yəhudilərin izlənilməsi və öldürülməsində ittiham edilir. Macarıstan hökuməti 2004-cü ildə onun həbsi ilə bağlı beynəlxalq order verib və Zentayın Avstraliyadan ekstradisiyasına nail olmağa çalışır. Zentay 2010-cu il iyulun 2-də ekstradisiyası əleyhinə apelyasiya verib. Məhkəmə isə onun lehinə qərar çıxarıb. Avstraliya daxili işlər naziri Macarıstan adından çıxarılan qərardan şikayət verib. 2012-ci ilin mayına olan məlumata görə, Karoli (Çarlz) Zentay Avstaliya Ali Məhkəməsinin ekstradisiya ilə bağlı yekun qərarını gözləyir.

6. Seren Kam (Soeren Kam), Almaniya.

Keçmiş SS üzvü. 1943-cü ildə antifaşist qəzetinin redaktoru Karl Henrik Klemmensin öldürülməsi ilə bağlı Danimarka hökuməti tərəfindən axtarılır. Danimarka hökuməti 1999-cu ildə Kamı Almaniyadan tələb edib. Amma onun Almaniya vətəndaşı olması səbəbindən, Berlin keçmiş canini verməkdən imtina edib. Almaniya hökuməti 2007-ci ilin əvvəlində növbəti dəfə Seren Kamı Danimarkaya verməkdən imtina edib. Bu zaman məhkəmə Klemmensin ölümünün bilərəkdən törədilmədiyini iddia edib. Kamın cinayət məsuliyyətinə cəlb edilməsi cəhdləri davam edir.

7. İvan (Con) Kalımon (Ivan (John) Kalymon), ABŞ.

1941-1944-cü illərdə Lvovda nasistlərin nəzarətində olan polisdə işləyib. Kalımon Lvov gettosundan yəhudilərin köçürülməsi və onların öldürülməsində iştirak etməkdə günahlandırılır. ABŞ hökuməti 2011-ci il yanvarın 31-də onun Almaniya, Ukrayna, Polşa və ya ərazisində qəbul etməyə hazır olan istənilən ölkəyə deportasiya etmək barədə qərar çıxarıb. Amma heç bir ölkə onu qəbul etməyə razı olmayıb.

8. Alqimantas Daylide (Algimantas Dailide), Almaniya.

Nasist işğalı zamanı Sauqumasın (Litva Təhlükəsizlik Xidməti) Litva şöbəsində xidmət edib. Yəhudilərin və polşalıların həbs edilərək faşistlərə verilməsində ittiham edilir. Hərbi cinayətləri gizlətdiyinə görə 1997-ci ildə ABŞ vətəndaşlığından məhrum edilib, 2004-cü ildə isə ölkədən çıxarılıb. Litva hökuməti 2006-cı ildə onu Vilnüs gettosundan qaçan 12 yəhudini və 2 polşalını nasistlərə təhvil verməkdə günahkar bilib. Daylidenin təhvil verdiyi adamların hamısı edam edilib. Məhkəmənin qərarı ilə barəsində 5 il həbs qərarı çıxarılıb. Amma yaşı və cəmiyyət üçün artıq təhlükə törətmədiyi nəzərə alınaraq, cəzasını çəkməkdən azad edilib.

9. Mixail Qorşkov (Mikhail Gorshkow), Estoniya.

Belarusda gestapoda tərcüməçi işləyib, Slutskdə yəhudilərin kütləvi qırğınında ittiham olunur. Əvvəlcə ABŞ-da gizlənib, sonradan Estoniyaya qaçıb. Uzun müddət istintaq altında olub. 2011-ci ilin oktyabrında Estoniya hökuməti onun barəsindəki cinayət işini bağlayıb.

10. Helmut Oberlander (Helmut Oberlander), Kanada.

Ukraynada doğulub. Ukraynanın cənubunda və Krımda fəaliyyət göstərən 10A-Eynzatskommando cəza qrupunda tərcüməçi kimi xidmət edib. Bəzi qiymətləndirmələrə görə, bu cəza qrupu tərəfindən 23 min nəfər, əsasən yəhudilər qətlə yetiriliblər.

İkinci Dünya müharibəsindən sonra Kanadaya qaçıb. Kanada məhkəməsi 2000-ci ildə bu qərara gəlib ki, Oberlander 1954-cü ildə ölkəyə girərkən SSRİ ərazisində qətllərlə məşğul olan cəza qrupuna aidiyyatı olduğunu gizlədib. 2001-ci ilin avqustunda Kanada vətəndaşlığından məhrum edilib. 2004-cü ildə vətəndaşlığı bərpa edilsə də, bu qərar müvəqqəti xarakter daşıyıb. 2007-ci ilin mayında Oberlander yenidən vətəndaşlıqdan məhrum edilib. Amma öz növbəsində yeni qərar da müvəqqəti xarakter daşıyıb. 2009-cu ilin noyabrında Kanada federal apelyasiya məhkəməsi Oberlanderi vətəndaşlıqda bərpa edib. Hazırda bu işə Ali Məhkəmədə baxılır.

Öldüyü güman edilənlər

1. Alois Brunner (Alois Brunner).


Yəhudilərin kütləvi qırğınına bilavasitə cavabdeh olan alman zabiti, gestapo əməkdaşı Adolf Eyhmanın aparıcı əməkdaşı. Alois Brunner Avstriyadan (47 min nəfər), Yunanıstandan (44 min nəfər), Fransadan (23,5 min nəfər) və Slovakiyadan (14 min nəfər) yəhudilərin alman ölüm düşərgələrinə göndərilməsində birbaşa məsuliyyət daşıyır.

Fransada barəsində qiyabi hökm çıxarılıb. Onilliklər ərzində Suriyada yaşayıb. Suriya hökuməti Brunnerin həbs edilərək təhvil verilməsi ilə bağlı əməkdaşlıqdan imtina edib.

Onu sonuncu dəfə 2001-ci ildə görüblər. Amma ölümü ilə bağlı hələ də dəqiq fakt yoxdur.

2. Doktor Aribert Heym (Dr. Aribert Heim).

Yaşadığı yer məlum deyil. Zaksenhauzen, Buhenvald və Mauthauzen ölüm düşərgəsində həkim olub. 1962-ci ildə yoxa çıxıb. Almaniya və Avstriya tərəfindən axtarılır. 1992-ci ildə Qahirədə öldüyü güman edilir. Almaniya bunu təsdiqləsə də, Simon Vizintal Mərkəzi hələ də nasist casusunun ölümünə inanmaq istəmir.

Kamal Gürşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3086

Oxşar yazılar