İran seytnot ərəfəsində - ŞƏRH
21 sentyabr 2012 12:43 (UTC +04:00)

İran seytnot ərəfəsində - ŞƏRH

İranın atom-nüvə proqramı ilə bağlı Tehrana verilmiş möhlət deyəsən bitmək üzrədir. BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların tətbiqinə dair toplantıda aparılan müzakirələr də bu qənaətə gəlməyə əsas verir.

Lent.az-ın «news.ru»-ya istinadən məlumatına görə, ABŞ, Britaniya və Fransanın qurumdakı təmsilçiləri «nüvə proqramı ilə bağlı İranla sonu bilinməyən danışıqlara qatılmaqdan imtina etdiklərini» bildiriblər.

Ağ evin Şuradakı səfiri Suzan Rays sanksiyaların gələcək müzakirəsini «mənasız yerə vaxt itkisi» adlandıraraq, xəbərdarlıq edib ki, Qərb «bu sonsuz və nəticəsiz danışıqlarda iştirak etməyəcək». O, Tehranın atom proqramı ilə bağlı aparıcı dövlətlərin «aydın, dəqiq və ortaq» mövqe hazırlamasının vacibliyini də vurğulayıb.

Britaniyanın təmsilçisi Mark Layel Qrant qeyd edib ki, İran «çaşqın durumdadır» və o, beynəlxalq ictimaiyyətin tam üzvü olmaq istəyi ilə bağlı qərar qəbul etməlidir.

Rusiyanın nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, Moskva BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi sanksiyalara əməl edir və Tehrana «birtərəfli əlavə sanksiyaların tətbiqinə»qarşı çıxış edir.

Göründüyü kimi, Rusiya və Çin istisna olunmaqla o birilərinin mövqeyində ortaqlıq mövcuddur.

Qərb təmsilçilərinin bu çıxışını İrana qarşı diplomatik təzyiqlərin artırılması kimi də dəyərləndirmək olar. Ancaq bütün hallarda bu özü-özlüyündə Tehran hakimiyyətinin seytnota düşməsi ilə nəticələn bilər.

İran rəsmilərinin çıxışlarında isə bu yöndə narahatlıq hiss olunmur. Əksinə onlar hədələyici bəyanatlardan vaz keçə bilmir.

İranın müdafiə naziri Əhməd Vəhidi ölkənin müharibəyə hazır olduğunu bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, ölkəsinin Silahlı Qüvvələri hazırlıq vəziyyətinə gətirilib: “İran İslam Respublikası böyük bir müharibəyə hazırdır. Biz zühur dövründə (12-ci imam Həzrət Mehdinin gəlişinin yaxın olmasına işarə edir – S.S.) olduğumuza üçün bu savaş ən mühüm müharibələrdən biri olacaq. Biz bu gün özümüzü tam qüdrətlə müdafiə etməyə, düşməni isə öz torpağında əzib məhv etməyə hazırıq. Biz düşməndən qorxmuruq. Çünki millətimiz cihada hazırdır”.

İranın keçmiş prezidenti, məsləhət şurasının sədri Ələkbər Haşimi-Rəfsəncani daha sərt bəyanatla xəbərdarlıq çıxışı edib: «Özlərini dünyanı idarə edən sayanlar din münaqişəni qızışdırmağa dayandırmalıdırlar».

O, dünyanın aparıcı güclərindən tələb edib ki, «qanunsuz doğulan uşağa bənzəyən İsrailin aranı qarışdırmasına» yol verməsinlər.

«İranın dözümü tükənib. Səbr kasamız fövqəladə şəkildə dərin olsa da o, dolub» - deyə, keçmiş prezident bildirib.

Heç şübhəsiz, yaranmış vəziyyətə görə suçlu da axtaranlar yox deyil. Ayətullah Nasir Məkarim Şirazi ötən gün ruhani deputatlar fraksiyası üzvləri ilə görüşündə bu yöndə çıxış edib. Xalqın bahalıqdan əziyyət çəkdiyini vurğulayan M.Şirazi ölkə prezidenti Mahmud Əhmədinejadı iqtisadi məsələlərdə təkbaşına qərarlar qəbul etməkdə günahlandırıb: “Bahalıq məsələsi, eləcə də digər iqtisadi və məişət problemləri xalqa təzyiqin gündən-günə artmasına səbəb olub. Ölkədəki vəziyyət indiki templə davam etsə, vətəndaşlar daha ağır təzyiqlərə məruz qalacaqlar.
Xalqın dözümünün müəyyən həddi var. Elə bilməyin ki, bu vəziyyətə həmişə dözə biləcək. Əgər iqtisadi problemləri həll edə bilməsək, xalqın da hakimiyyətə dəstəyi get-gedə azala, belə olan halda da ciddi problemlər ortaya çıxa bilər. Eşitdiyimə görə, ölkə prezidenti bir sıra iqtisadi məsələlərdə təkbaşına qərarlar qəbul edir. Bu isə düzgün deyil və belə olmamalıdır”.

Bu çıxışın daha çox təbliğat mahiyyətli olduğu da aydındır. Çünki İran xalqının bu günə salınmasının əsl baiskarı ölkə vətəndaşlarının çoxuna məlumdur. O, da bəllidir ki, İslam Respublikasını idarə edənlər öz hikkələri üzündən 80 milyonluq əhalini mövcud duruma salıblar.

İran indi «görünən kəndə nə bələdçi» vəziyyətindədir...

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar