2026-cı ilin payızında dizaynerlər yalnız bir universal ayaqqabı modelinə deyil, eyni anda bir neçə güclü trendə üstünlük verirlər. Miu Miu, Prada, Saint Laurent, Gucci, Chloé və Tod's nümayişlərində jokey çəkmələri, loaferlər, sivri burunlu klassik ayaqqabılar və 70-ci illər üslubunda vintaj modellər ön plana çıxır.
Lent.az xarici mediaya istinadən 2026-cı ilin payızında həqiqətən diqqətə layiq olan və gündəlik qarderoba asanlıqla uyğunlaşdırıla bilən ayaqqabıları təqdim edir.
Jokey çəkmələri
Düz boğazlı hündür dəri çəkmələr yenidən payız qarderobunun əsas elementlərindən birinə çevrilir. Onlar trikotaj donlar, enli cins şalvarlar və midi ətəklərlə eyni dərəcədə uğurlu görünür.
Xüsusilə şokolad, konyak və tünd qəhvəyi rəngli hamar dəridən hazırlanmış modellər aktualdır. Qara rəng də dəbdə qalır, lakin isti tonlar daha müasir görünür.
Qalın dabanlı loaferlər
Loaferlər artıq bir neçə mövsümdür dəb kolleksiyalarındakı yerini qoruyur. 2026-cı ilin payızında isə onlar daha lakonik görünüş alır. Kobud, traktor tipli altlıq tədricən yerini qalın, lakin daha səliqəli platformaya verir.
Belə ayaqqabıları corablarla, ətəklərlə, enli şalvarlarla və hətta sərbəst biçimli kostyumlarla kombin etmək mümkündür.

Zamşa botilyonlar
Zamşa mövsümün əsas materiallarından birinə çevrilir. Karamel, qəhvə, şokolad və zeytun çalarlarında sabit dabanlı botilyonlar xüsusilə populyardır.
Belə ayaqqabılar ən sadə obrazı belə vizual olaraq daha bahalı və zövqlü göstərir. Zamşa botilyonlar cins parça, yun və trikotaj geyimlərlə əla uyğunlaşır.

Kitten heel dabanlı sivri burun ayaqqabılar
Kiçik və incə “qədəh” formalı daban yenidən dəbin əsas istiqamətlərindən birinə çevrilib. Sivri burun ayaqları vizual olaraq daha uzun göstərir, alçaq daban isə ayaqqabını gündəlik istifadə üçün rahat edir.
Payızda belə ayaqqabıları yalnız donlarla deyil, enli cins şalvarlar, klassik kostyum şalvarları və uzun paltolarla da geyinmək tövsiyə olunur.
Yeni nəsil baletkalar
Baletkalar da mövqelərini itirmək niyyətində deyil. Yeni mövsümdə yumşaq dəri, zamşa və atlasdan hazırlanmış, kvadrat və ya bir qədər sivri burunlu modellər daha çox tələb görəcək.

Həddindən artıq dekorun olmadığı minimalist dizayn baletkaları demək olar ki, istənilən obraz üçün universal ayaqqabıya çevirir.
Retro üslublu idman ayaqqabıları
İri və həcmli “ata krossovkaları” tədricən dəbdən çıxır. Onların yerini 70-ci və 80-ci illərin qaçış ayaqqabılarından ilhamlanan daha incə siluetlər tutur.
Zamşa, neylon, nazik altlıq və sakit rəng çalarları belə modelləri universal edir. Onları həm cins şalvarlarla, həm kostyumlarla, həm də uzun paltolarla kombin etmək mümkündür.