Avstraliyanın Melburn Universitetindən olan tədqiqatçılar, boşanma və münasibətlərin pozulmasının kişilər üçün ciddi psixoloji təhlükə yaratdığını ortaya qoyublar. 30 ölkədən toplanmış 29 elmi işi təhlil edən alimlər, ümumilikdə 106 milyondan çox kişinin məlumatlarını analiz ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, münasibətlərin bitməsindən sonra kişilərdə intihar ehtimalı evli kişilərlə müqayisədə təxminən 5 dəfə artır. Xüsusilə 35 yaşdan aşağı kişilər ən riskli qrupdur.
Bu yaş kateqoriyasında intihar riski təxminən 9 dəfə yüksəlir. Ümumilikdə isə boşanmış kişilərdə intihar riski evli kişilərlə müqayisədə 2,8 dəfə çoxdur.
Emosional boşluq və sosial təcrid əsas səbəblərdir
Alimlər bu meyli təkcə emosional çətinliklərlə deyil, həm də sosial təcrid və dəstək sistemlərinin çatışmazlığı ilə əlaqələndirirlər. Bir çox kişi üçün həyat yoldaşı əsas emosional dayaq və psixoloji dəstək mənbəyidir. Ayrılıqdan sonra isə bu dəstək yox olur və kişilər emosional vakuumda qalırlar.
Mütəxəssislər sistemli dəstəyin vacibliyini vurğulayır
Tədqiqat müəllifləri bildirirlər ki, bu tendensiyanın qarşısını almaq üçün emosional özünü tənzimləmə bacarıqlarının inkişafı, dəstək qruplarının yaradılması və kişilərin psixi sağlamlığına daha çox diqqət yetirilməsi vacibdir. Ekspertlərə görə, bu cür tədbirlər çoxsaylı həyatların xilas olmasına səbəb ola bilər.