"Qələbə Azərbaycanın olacaq" - ziyalılardan Orduya DƏSTƏK
30 sentyabr 2020 17:30 (UTC +04:00)

"Qələbə Azərbaycanın olacaq" - ziyalılardan Orduya DƏSTƏK

Bir neçə gündür ki, Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına qarşı bütün cəbhə boyu əks-hücuma keçib və uğurlu əməliyyatlar barədə Müdafiə Nazirliyinin operativ olaraq yaydığı məlumatlar xalqın dövlətə, orduya və Ali Baş Komandana inamını daha da artırır.

Lent.az cəbhədə baş verənlərlə bağlı tanınmış ziyalıların fikirlərini öyrənməyə davam edir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev bildirib ki, uzun illərdir ki, torpaqlarımız işğal altındadır və bu gün düşmən törətdiyi cinayətlərin cəzasını alır:

“Ordumuzla qürur duyuram. Arzu edirəm ki, qələbə yürüşünü sona qədər davam elətdirsin və torpaqlarımız işğaldan tam azad olsun”.

Azərbaycanın xalq artisti Xuraman Qasımova deyib ki, haqq savaşında qələbə Azərbaycanın olacaq:

"Prezidentimizin müraciətini dəstəkləyirəm. Qarabağ Azərbaycan torpaqlarıdır. Heç şübhəmiz yoxdur ki, Qarabağın torpaqlarında yenidən Azərbaycan bayrağı dalğalanacaq”.

Azərbaycanın əməkdar jurnalisti Qulu Məhərrəmli hesab edir ki, Azərbaycan ordusunun Qarabağda başladığı əks-əməliyyat hücumu bütün Azərbaycan xalqının istək və arzusunu ifadə edir:

“30 ilə yaxındır ki, xalqımız çox səbrlə beynəlxalq qanunlara, diplomatik tədbirlərə güvənib. Ancaq çox təəssüf k, son iki ildə danışıqların heç bir effekti, dinamikası yoxdur. Ona görə də bu problemi həll etməyin yeganə yolu Azərbaycan ordusunun işə qarışmasıdır. Ermənistan tərəfinin bütün dünyaya haray-həşir salmasına baxmayaraq, Azərbaycan ordusunun bu gün apardığı döyüş əməliyyatları xalqın iradəsini göstərir. Müharibə Azərbaycan ərazisində gedir və bu, Azərbaycan xalqının haqq işidir. Azərbaycan əsgər və zabitləri vətənin işğaldan azad olunması üçün addım-addım əks-hücum əməliyyatlarını reallaşdırır. Bir çox yaşayış məntəqələri azad edilib və hesab edirəm ki, gedən döyüş əməliyyatlarından erməni tərəfi nəticə çıxarmalıdır. Onlar dinc əhalinin qırılmasına yol verməməli, hərbi qüvvəsini qoruyub saxlamaq istəyirsə geri çəkilməli, təslim olmalı, işğal olunan torpaqlardan tamamilə çıxmalıdır.

Biz ordumuzu, Ali Baş Komandanı dəstəkləyirik. Hazırda Azərbaycan bütün dünyaya öz torpaqlarını işğaldan necə azad olunmaq nümunəsini göstərir. Vicdanı, düşüncəsi olan insanlar, sülhsevər şəxslər anlayırlar ki, Azərbaycan öz torpağını işğaldan qurtarmaq üçün bu müharibəni aparmağa məcburdur. Müharibə cəmiyyətdə yekdil fikir ifadə edir, cəmiyyətin birləşməsinə kömək edir. Bizim üçün indi tarixi məqamdır və düşünürəm ki, Azərbaycan müstəqilliyində yeni bir mərhələyə qədəm qoyur”.

“Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu qeyd edib ki, Azərbaycan ordusunun ard-arda uğurlu əməliyyatları qələbənin çox yaxın olduğundan xəbər verir:

“Hamının gözü yoldadır, qələbə sevinci gözləyir. Ordumuza qələbə, əsgərlərimizə, zabitlərimizə can sağlığı arzulayıram. Arzu edirəm ki, itkilərimiz az olsun və ordumuz tezliklə işğal olunan torpaqları azad etsin. Hazırda xalqımız böyük ruh yüksəkliyi ilə bunu gözləyir”.


# 1162
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar