18:05
18 Sentyabr 2020

Humanizmin qələbəsi: Tofiq Yaqublu evində!

Tofiq Yaqublu azadlığa buraxıldı. Bakı Apelyasiya Məhkəməsi Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.

Qeyd edək ki, Nizami rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirirdi.

17 gündür aclıq aksiyasını davam etdirən Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülmüşdü. Hazırda da o, həmin xəstəxanada müalicəsini davam etdirir.

Yaqublu barədə qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. Bir qədər əvvəl ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri T.Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət etmişdilər. Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunmuşdu, onun hüquqları məhdudlaşdırılmamış, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.

O, insan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.

Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.

T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün onun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospotal”da müalicəsi davam etdirilib.

Yeri gəlmişkən, T.Yaqublunun həkimi Adil Qeybulla bu qərarı humanist addım kimi qiymətləndirib və yaranmış vəziyyəti kampaniyaya çevirərək onun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınamışdı. Sitat: “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdırlar ki, bu proses uzansın, Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər. Bu, açıq aydın hiss olunur.

Bu arada, REAL partiyasının sədri İlqar Məmmədov da sosial şəbəkələrdə yayımladığı statusda elə bu məqamdan bəhs etdi. “Mən deyəndə ki, Tofiq Yaqublunun həyatını itirməsinə bəzi dairələr çox sevinərdilər, bunu istərdilər, kimsə məni buna görə tənqid edirdi, amma budur - Yaqublunun öz həkim dostu deyir ki, belə adamlar var və ünvan da göstərir. Daha bir fəalın həyatını xərcləyib üzərindən siyasət qurmaq istəyənlərin xidmətində duran Sevinc Osmanqızı, Arif Məmmədov, Aleks (Ələsgər) Raufoğlu - bu millətə norma kimi sırımaq istədiyiniz vicdansızlıqla, eləcə də sistemli və sistemsiz yalanlarınızla birgə rədd olun, necə ki olunmusunuz”.

Bu günlərdə Tofiq bəyin ətrafında baş verənlərlə bağlı ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri onun vəziyyətinin ağırlaşmasından və hətta ölüm ayağında olmasından yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki 5-ci kolonu ciddi qınadılar. Bir sözlə, Tofiq Yaqublunun problemindən siyasi xal qazanmaq niyyəti alınmadı.

Budur, Yaqublunun həkimi Adil Qeybulla bəyan etdi:

“Tofiq Yaqublu aclığı dayandırıb. Bir ziyalı kimi öz şəxsi müraciətimə müsbət cavab verdikləri üçün ölkə rəhbərliyinə təşəkkür edirəm”.

“Tofiq Yaqublu barəsində qərarın dəyişdirilməsi bir daha Azərbaycan dövlətinin ənənəvi olaraq, hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlı olduğunu göstərdi”.

Bu arada Milli Məclisin deputatı Hikmət Babaoğlu da baş verənlərə münasibət bildirib. O, qeyd edib ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir: “Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq, həm də ictimai-siyasi müstəviyə transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı. Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də, heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox, şəxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. İctimai vicdanı ağrıdan da elə budur. Bu marginal qruplardan fərqli olaraq, xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək, dövlətimizin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi”.

Deputat onu da qeyd edib ki, hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkədə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul edib və bu qərarı hamı alqışlayır: “Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquq sistemimizin humanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”.

Deputat haqlıdır, Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar başqa bir reallığı da növbəti dəfə sübut etdi: Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməsinə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.

Dİgər xəbərlər