BAKININ QURTULUŞ GÜNÜ (1918)
15 sentyabr Bakını işğaldan azad edildiyi gündür.
Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etdikdən sonra ölkə iki yerə parçalanıb, bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları Soveti paytaxtda hakimiyyəti ələ keçirib. Bolşevik-daşnak silahlı birləşmələri Azərbaycanın nəzarətdə saxladıqları bölgələrində yerli əhaliyə qarşı soyqırımı törədib, insanları kütləvi şəkildə qətlə yetiriblər. İyun ayından bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnak birləşmələri yol üzərindəki bütün Azərbaycan kəndlərini çapıb-talayıb, dinc əhalini məhv ediblər. Vəziyyəti nəzərə alan Osmanlı Türkiyəsi Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərib.
Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyib. Paytaxta doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad ediblər. Sentyabrın 15-də günorta saatlarına kimi davam edən döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad edib, bir gün sonra indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilib.
Qeyd edək ki, Bakıda xilaskar türk əsgərinin şərəfinə abidə ucaldılıb, Şamaxıda isə şəhid olmuş türk əsgərlərinin qəbirüstü abidəsi qoyulub.
AQATA KRİSTİ (1890-1976)
Detektiv janrının kraliçası, Aqata Kristi kimi tanınan İngiltərə yazıçısı Aqata Meri Klarissa Melloun 1890-cı il sentyabrın 15-də İngiltərənin Denvor qraflığında anadan olub. Mükəmməl ibtidai və musiqi təhsili alıb. Birinci Dünya müharibəsi zamanı hərbi hospitalda tibb bacısı və əczaçı işləyib. 60 detektiv, 6 psixoloji roman, 19 hekayə toplusu nəşr etdirib, 16 pyesi tamaşaya qoyulub. 1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə qoyulmuş "Tələ" pyesi teatr tarixində ən çox oynanılmış pyesdir. Əsərləri 103 dildə 2 milyarddan artıq tirajla çap olunub. Aqata Kristi 1976-cı il yanvarın 12-də vəfat edib.
MAHMUD ƏBİLOV (1898-1972)
Görkəmli hərbi xadim, general-mayor Mahmud Əbdülrza oğlu Əbilov 15 sentyabr 1898-ci ildə Qusar rayonunun Ukur kəndində doğulub. Yeniyetməlik dövründə valideynlərini itirib və kənd rus məktəbində cəmi iki sinif oxuya bilib. Sovet Silahlı Qüvvələrinin hərbi məktəbinə ali zabit və Moskvada Baş Qərargah Akademiyası nəzdindəki hazırlıq kurslarını bitirib. Gürcüstanın sovetləşməsi uğrunda gedən döyüşlərdə kursant kimi iştirak edib. Müxtəlif illərdə taqım komandiri, bölük komandiri, alay komandiri, tabor komandiri, kəşfiyyat şöbəsinin rəisi və diviziyanın komandir müavini kimi vəzifələrdə çalışıb. 1945-ci il aprelin 20-də general-mayor rütbəsinə layiq görülüb. “Lenin”, 5 dəfə “Qırmızı Bayraq”, I dərəcəli “Vətən müharibəsi”, II dərəcəli “Kutuzov”, “Suvorov”, “Boqdan Xmelnitski”, eləcə də ABŞ və Polşanın ordenləri ilə təltif olunub. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Mahmud Əbilov 1972-ci il yanvarın 2-də dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.
MOLLAĞA BƏBİRLİ (1905-1970)
Azərbaycanda Kukla Teatrının yaradıcısı Mollağa Bəbirli 1905-ci ilin bu günü Bakıda doğulub. On yeddi yaşından Akademik Milli Dram Teatrının yardımçı heyətində çıxış edib. 1927-1928-ci illərdə Moskvada qrim və kukla teatrı ixtisası üzrə təhsil alıb. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq edib, bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. 1931-ci ildə indiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını qoyub, teatrın “Sirk” adlı tamaşası isə 1932-ci ildə göstərilib. Bir neçə filmdə də rol alan Mollağa Bəbirli 1970-ci il oktyabrın 22-də Bakıda vəfat edib.
ORXAN KAMAL (1914-1970)
Məşhur türkiyəli yazıçı və dramaturq Orxan Kamalı 1914-cü il sentyabrın 15-də Adananın Ceyhan rayonunda dünyaya gəlib. Orta təhsilini yarımçıq buraxaraq mətbəədə, sonra isə fabrikdə işləyib. “Rəşid Kamali”, “Orxan Rəşid” imzaları ilə jurnallarda şeirləri çap olunub. “Asma çubuq”, “On səkkiz yaş”, “Kiçik adamın qeydləri”, “Arxa küçə”, “Dövlət quşu”, “Kafirin qızı”, “Qürbət quşları”, “Küçə uşağı”, “Qanlı torpaqlar”, “Yad qızı” və başqa əsərlərin müəllifidir. Dəfələrlə Türkiyənin ən yaxşı yazıçısı və ən yaxşı dramaturqu seçilib. Bir sıra əsərləri səhnələşdirilib, bədii filmlər və populyar seriallar lentə alınıb. Orxan Kamal 1970-ci il iyunun 2-də vəfat edib və İstanbulun Zincirliquyu məzarlığında dəfn olunub. 1972-ci ildə Türkiyədə “Orxan Kamal mükafatı” təsis edilib.
ABBAS QULİYEV (1916-1998)
Sovet İttifaqı Qəhrəmanı Abbas Şahbaz oğlu Quliyev 15 sentyabr 1916-cı ildə Naxçıvan MR-in Babək rayonunun Şəkərabad qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil alıb. 1937-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıdıb, özfəaliyyət dərnəklərinin iştirakçısı olub. 1941-ci ildə Sovet Ordusuna çağırılıb və topçuluq məktəbini bitirib. Dneprdən Visla çayına qədər döyüş yolu keçib. 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonra ordudan tərxis olunub və Naxçıvanda müxtəlif rəhbər vəzifələrdə işləyib. Abbas Quliyev 1998-ci il dekabrın 30-da vəfat edib.
XAMİS MURADOV (1943)
Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Xamis Bəkir oğlu Muradov 1943-cü ilin bu günü Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Moskvada ali rejissorluq və ssenarist kurslarında təhsil alıb. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. 1988-2001-ci illərdə "Salnamə" studiyasına rəhbərlik edib. 2002-2011-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 50-dən çox sənədli filmin rejissoru, 20-yə yaxın filmin ssenari müəllifidir. Xamis Muradov Dövlət Mükafatına, Prezident təqaüdünə və "Qızıl Çıraq" Milli Kino Mükafatına layiq görülüb.
BRİLLİANT DADAŞOVA (1965)
Azərbaycanın xalq artisti, müğənni Brilliant Süleyman qızı Dadaşova 1965-ci il sentyabrın 15-də (bəzi mənbələrə görə, 1959-cu ildə) Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Musiqi karyerasına 1983-cü ildə başlayıb. 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo-konsertlə çıxış edən ilk Azərbaycan müğənnisi olub. Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. Müxtəlif illərdə bir çox albomları işıq üzü görüb. 1999-cu ildə bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçilib. Brilliant Dadaşova xalq artisti Məlik Dadaşovun qardaşı qızıdır. Anası isə məşhur qarmon ifaçısı Qızxanım Dadaşovadır.
SERGEY SENYUŞKİN (1957-1992)
Azərbaycanın Milli Qəhrəmanı Sergey Aleksandroviç Senyuşkin 15 sentyabr 1957-ci ildə Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olub. 1974-cü ildə Sızran şəhər orta məktəbini bitirib və burada Politexnik İnstitutuna daxil olub, 1975-ci ildə təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirib. 1 fevral 1992-ci ildən hərbi hissə komandiri təyin edilib. Mülki təyyarəçilərə təlim keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv edib. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, özü ağır yaralanaraq fevralın 29-da şəhid olub və doğulduğu Sızran şəhərində dəfn edilib. Azərbaycan Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə Sergey Senyuşkin ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakının Xətai rayonunda adına küçə var.
FƏRHAD SÜLEYMANOV (1973-1995)
Qarabağ müharibəsinin iştirakçısı Fərhad Əlihüseyn oğlu Süleymanov 1973-cü ilin bu günü Hacıqabul rayonunda anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra Omsk şəhər Ali Məktəbinə daxil olub. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. 1993-cü ilin may ayında ağır döyüşlər zamanı ermənilər Fərhadı və daha 7 döyüşçünü əsir götürərək İrəvan şəhərinə gətiriblər. Fərhad Süleymanov 1995-ci il yanvarın 29-da ağır işgəncələr nəticəsində şəhid olub.
QABİL ORUCƏLİYEV (1991-2016)
Şəhid Qabil Əbdüləli oğlu Orucəliyev 1991-ci il sentyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Leytenant Qabil Orucəliyev 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və Naxçıvan şəhərində dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
AĞARZA QULİYEV (1898-1976)
Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ağarza Səməndər oğlu Quliyevin anım günüdür. O, 22 dekabr 1898-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Teatr Məktəbində, Kinofabrikanın nəzdində kino emalatxanasında təhsil alıb. 1924-cü ildən kinoaktyor kimi fəaliyyətə başlayıb. 1934-cü ildən fəaliyyətini kinorejissor kimi davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləyib. Rejissor kimi "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" və bir çox tammetrajlı bədii filmlərini çəkib, bir neçə filmdə aktyor kimi də çəkilib. Ağarza Quliyev 1976-cı il sentyabrın 15-də Bakıda vəfat edib.
ELBƏY RZAQULİYEV (1926-2007)
Azərbaycanın xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyevin xatirə günüdür. O, 17 iyun 1926-cı ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1946-cı ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Neftçilərdən bəhs edən silsilə rəngkarlıq əsərlərinin müəllifi, "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və digər filmlərin rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi olub. 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülüb. Elbəy Rzaquliyev 15 sentyabr 2007-ci ildə Bakıda vəfat edib.
VASİF ADIGÖZƏLOV (1935-2006)
Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq, professor Vasif Zülfüqar oğlu Adıgözəlov da bu gün xatırlanır. O, 28 iyul 1935-ci ildə Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. Konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. Müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda müəllim və direktor, Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin məsul katibi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Bakı Musiqi Akademiyasında müəllim, dosent, professor və Xor dirijorluğu kafedrasının müdiri vəzifələrində işləyib. Ayrı-ayrı illərdə bəstələdiyi simfoniyaları və simfonik poemaları, fortepiano və skripka üçün konsertləri, oratoriyaları, operaları və musiqili komediyaları görkəmli sənətkara böyük şöhrət gətirib. Bir çox fəxri adlara, "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülən Vasif Adıgözəlov 2006-cı ilin sentyabrında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, müğənni Rauf Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun atasıdır.