12 il manyaklar arasında, Rövşənin qan düşməni, “Qara çay”da dəhşətli ölüm – SƏBUHİ MƏMMƏDLİ YAZIR
10 sentyabr 2020 18:18 (UTC +04:00)

12 il manyaklar arasında, Rövşənin qan düşməni, “Qara çay”da dəhşətli ölüm – SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

2013-cü il, mayın 28-i. Rusiyanın Tümen şəhərində kriminal avtoritetlər növbəti “sxodka”ya yığışıb. Onların arasında Vova Blondin, Vasya Voskres, Yura Piçuqa, Andrey Mirıç, Albert Piterski (Əli Heydərov), Miron, Yeqor Ufimski, Oleq Sirkaç, Timur Sverdlovski, Jora Taşkentski, Qevorik Neftekamski, Roma Krasnodarski, Vadik Çeburaşka, Vova Vaqon, Vova Tyurik, Vaqif Diplomat (Vaqif Süleymanov) kimi oğrular var. “Sxodka”nı Tyurik aparsa da, bura yığışanların hamısı ürəyinin dərinliyində bilirdi ki, son söz yenə də Vova Zyatekin, yəni Vladimir Zyatkovundu.

 

Zyatek hamını sona kimi dinləyir. Elə hamının da gözləmədiyi halda qərarını verir:

Qərbi Sibirin ən varlı şəhərlərindən olan Nyaqan 33 yaşlı Andrey Tkaçenkoya (Tkaç), regionun ən böyük şəhərlərindən olan Nijnevartovsk isə Radjikə, Rac Mehrəliyevə tapşırılır.

 

***

 

2020-ci il, 9 sentyabr. Rusiyanın Xantı-Mansiysk şəhərini yarı bölən Çyornaya çayında bir kater sahilə qayıdarkən qayıqla toqquşur. Nəticədə 4 nəfər ölür, 4 nəfər isə yaralanır. Hadisədən 30 dəqiqə keçməmiş şəhərin meri özünü ora çatdırır. Və bu, səbəbsiz deyildi. Çünki qəzada həlak olanlardan biri Vladimir Zyatkov idi. Kriminal aləmdə hamının “Sibirin sahibi” adlandırdığı Vova Zyatek.

 

Bəs kim idi bu Vladimr Zyatkov? Haralardan keçib gəlmişdi?

 

Rusiyada kriminal aləmdə belə bir deyim var. Əgər sən “Vladimirski sentral”, “Qara delfin”, “Ağ qu quşu”, Tobolsk, Zlatousta, Balaşov, Novoçerkassk türmələrində olmusansa və sınmamısansa, daha sənə zaval yoxdu. Amma bunlar nədi ki... Zyatkov Rusiyanın gedər-gəlməz həbsxanalarından olan “Qütb bayquşu”nda cəza çəkmişdi! Şimal qütbündə yerləşən Xarp adlı qəsəbədə. Bir qədər aydın olsun deyə bir məqamı diqqətinizə çatdıraq. Xarp qəsəbəsi Sibirin dərinliyində yerləşən Xantı-Mansiyksdən də şimalda, bu şəhərdən 988 km aralıda yerləşir.

 

Həbsxananın özü isə bir başqa yazının mövzusudur. Bu həbsxana ilə bağlı bir neçə maraqlı faktı nəzərinizə çatdırıb, keçək qəhrəmanımıza.

 

Həbsxananın yerləşdiyi Xarpda ilin 10 ayı qar olur. Burdan qaçıb sağ qalmaq mümkün deyil. Çünki ən yaxın yaşayış məntəqəsi yüzlərlə kilometr aralıda yerləşir. Ətraf isə ucu-bucağı görünməyən meşələrdir. Qaçsan belə, ya aclıqdan, ya soyuqdan öləcəksən, ya da vəhşi ayıların qurbanı olacaqsan.

 

Bu həbsxanada kameralar tək və ya iki nəfərlikdi. Gündə bir saat gəzintiyə icazə verilir. Həmin vaxt pıçıltıyla danışmaq belə karsla nəticələnə bilər.

 

Oyanış səhər 6-da, “yat” komandası isə saat onda verilir. Televizora isə həftədə bir dəfə, o da vur-tut bircə saat müharibə filmlərinə baxmağa icazə var.

 

“Qütb bayquşu”nda manyaklar, silsilə qətllər törədənlər cəza çəkir. “Bitsev manyakı”, 49 nəfərin qatili Aleksandr Piçuşkin,  Beslan faciəsində məktəbli uşaqları şəxsən güllələyən Nurpaşa Kulayev, “Şeytan” ləqəbli İvan Pançenko, 14 nəfərin qatili Abdufattoh Zamanov kimi qatil və manyaklar bu həbsxanadadırlar.

 

Zyatkov isə bura 1977-ci ildə gəlmişdi. O, bir nəfəri xüsusi qəddarlıqla qətlə yetirməkdə ittiham olunurdu. Bundan əvvəl isə Vladimir artıq bir dəfə həbsxana həyatı yaşamışdı. Xuliqanlığa görə iki il cəza almışdı.

Xarpın soyuq iqlimində həbsxana həyatı çətinlik yaratmamışdı Zyatkova. Həm fiziki cəhətdən cüssəliydi, həm də özü sibirli balasıydı; İşim şəhərindən.

 

“Qütb bayquşu”ndan bir də 12 ildən sonra 1989-cu ildə çıxır Zyatek. Doğma İşim şəhərinə qayıdır. Və məlum olur ki, onun qoyub getdiyi sakit fəhlə şəhərindən əsər-əlamət yoxdur.

Dostlarıyla, qohumlarıyla görüşlərdə ilk eşitdiyi söz reket, bac-xərac olur. 12 il keçmişdi, zaman dəyişmişdi. Bu sözlərin mahiyyətini belə anlamırdı. Hə, onun sakit fəhlə şəhəri İşimdə indi banditlər at oynadırdı. Eləcə də Surqutda, Tobolskda, Tümendə, Nijnivartovskda, Xantı-Mansiykskdə. Taleyin işinə bax ki, bir neçə il keçəcək, bu şəhərlərdən olan sahibkarlar onun özünə bac verəcəkdilər. O, qərbi Sibirin şəriksiz sahibinə çevriləcəkdi. 5 il sonra, 1992-ci ildə isə, bir vaxtlar Rusiya kriminalının nüfuz sahibləri Vladimir Çernışev (Vova Çyornı) və Yevgeni Vasin (Cem) onu taclandıracaqdılar. Az sonra isə o özü, bir-birinin ardınca avtoritetlərə qanuni oğru adını verəcəkdi.

 

***

 

Qərbi Sibir uğrunda onun ilk mübarizəsi  Dato, Tamaz, Paata, Fyodor, Boqdan, Suxaç, Sapoqla oldu. Rəqiblərinin bəzilərini aradan götürdü, bəziləri müəmmalı şəkildə qəzaya düşdülər. 2001-ci ildə Boqdan (Ziyavutdin Kadiyev) isə xəstəxanada sirli şəkildə öldü. Regionun ən böyük şəhərlərindən olan Surqtun nəzarətçisi Suxaç (Aleksey Suxoçev) öldürüləndən sonra isə, artıq onun rəqibi qalmamışdı.

Deyilənə görə, əsasən Sibirə nəzarət etsə də, Uraldan Uzaq şərqə qədər onun sözü eşidilərmiş.

 

***

 

Zyatkov bir də 2009-cu il mayın 27-də Moskvada həbs edilir. O, “Skif” ləqəbli qanuni oğru Andrey Qolubevin dəfnində saxlanılır. Amma həbsi çox çəkmir, tezliklə azad olunur. Məhz həmin dəfndə o, Ded Xasanla (Aslan Usoyan) tanış olmuş, sonrada onun klanının sədaqətli üzvlərindən birinə çevrilmişdi. Ded Xasanla o qədər yaxın idi ki, kürd klanının Moskvanın mərkəzindəki “Karetnıy dvor” restoranında onun iştirakıyla keçirilən taclandırmalara dəvət alardı. Bu restoranda onun iştirkıyla Gilani Sedoy (Aliev), Kuşner Qomelski (Kuşnerov), Sirkaç (Piroqov), Şamil Smolyanski (Maqomedov), Armen Xoxol (Xaçatryan) taclandırılmışdı. Bir məqamı da qeyd edək ki, Usoyan qətlə yetiriləndən sonra bütün kürd klanı kim Rövşən Lənkəranskini özünün qan düşməni elan etmişdi.

 

*** 

 

“Su səhəngi su da sınar” deyirlər. Düzdür, Zyatkov kriminal müharibələrin qurbanı olmadı. Amma ömrü məhz suda, özü Çyornıy adlı çayda başa çatdı. Bu yazı hazırlananda məlum oldu ki, Rusiyanın xəbər saytları yazdı ki, həlak olduğu və qayığa çırpdığı kateri də o özü idarə edirmiş...

# 124267
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar