11:25
10 Sentyabr 2020

Yol polisindən dərs mövsümü ilə bağlı MÜRACİƏT: "Əvvəlcədən yer tapın"

“Adətən məktəblərdə və onlara bitişik ərazilərdə dayanma-durma tələbləri pozulduğu üçün süni sıxlıq yaranır. Şəxsi avtomobili olmayanları, ictimai nəqliyyatdan istifadə edənləri də düşünün”.

Bu sözləri dərs mövsümünün başlaması ilə bağlı Lent.az -a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Şöbə rəisi etdiyi müraciət zamanı valideynlərdən məktəbə yaxın ərazilərdə parklanma qaydalarına ciddi əməl etmələrini xahiş edib:

“Sürücülər yeni mövsümün başlaması ilə əlaqədar ilk növbədə avtomobilin texniki sazlığına diqqət yetirsinlər. Evdən çıxarkən hara gedəcəklərini, maşını harada saxlayacaqlarını və nə etməli olduqlarını dəqiq bilsinlər. Adətən məktəblərdə və onlara bitişik ərazilərdə dayanma-durma tələbləri pozulduğu üçün süni sıxlıq yaranır. Təcrübədə bunu çox görmüşük. Xüsusən, Neftçilər prospekti, Yusif Səfərov, 28 may, Rəşid Behbudov, Üzeyir Hacıbəyov küçələrində sözügedən problemə daha çox rast gəlinir. Şəxsi avtomobili olmayanları, ictimai nəqliyyatdan istifadə edənləri də düşünün.

Nəzərə almaq lazımdır ki, bir valideynin uşağını düşürtmək üçün avtomobilini məktəbin qabağında 30 saniyəlik saxlaması iki hərəkət zolağı olan yolda 60-70 sürücünün 8-10 dəqiqə ləngiməsi deməkdir. Yeri gəlsə, uşağınızı düşürtmək üçün lap məktəbdən bir az kənar olsa da, əvvəlcədən yer tapın. Uşağınızla gedərkən ona yol hərəkəti qaydalarını başa salın. Təsəvvür edin valideyn uşağını düşürtmək üçün maşını guya 1 dəqiqəlik saxlayır. Amma uşaq çantasını götürüb düşənə, hələ valideyn onun arxasınca bir əl eliyənə kimi 1 dəqiqədən çox vaxt keçir. Şagirdin yaşı daha azdırsa, valideyn məcburdur ki, düşüb onun çantasını daşısın və məktəbin girişinədək ötürsün. İndi görün 1 dəqiqə bəs edir?”.

Vaqif Əsədov uşaqları birinci sinfə gedən valideynlərə səslənərək, məktəbə bir neçə avtomobillə getməyin məqsədəuyğun olmadığını bildirib:

“Xüsusən, birinci sinfə gedən şagirdlərin valideynlərinə, nənələrinə, babalarına, bibilərinə dayılarına və s. xahiş edirik ki, bir uşağın ardınca bir neçə avtomobilin bəzənib getməsi indiki dövrdə məqsədəuyğun deyil. Çünki həmin ərazidə digər avtomobillərin də parklanmasını düşünmək lazımdır”.

Qeyd edək ki, avqustun 27-də Təhsil naziri Emin Əmrullayev operativ Qərargahın brifinqində keçirib. O, brifinqdə çıxış edərək, sentyabrın 15-də ibtidai siniflərin, məktəbəhazırlıq, o cümlədən 5-ci və 9-cu sinif şagirdlərinin oktyabrın 1-dən, 10 və 11-ci sinf şagirdlərinin isə oktyabrın 15-dən tədrisə başlayacağını deyib.

Dİgər xəbərlər