1144
09:05
17 Avqust 2020

Dünyanın bu günü - VİDEO

1. MUSTAFA TOPÇUBAŞOV

(1895-1981)

Dünya şöhrətli cərrah, akademik Mustafa Topçubaşov 17 avqust 1895-ci ildə İrəvanda anadan olub. 1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. 1930-1975-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda cərrahiyyə kafedrasının müdiri, eyni zamanda Azərbaycan Elmlər Akademiyası Eksperimental Təbabət İnstitutunun direktoru vəzifələrində çalışıb. 1951-1956 və 1969-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub. Ümumittifaq Cərrahlar Cəmiyyətinin fəxri üzvü, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Beş hissəli «Xüsusi cərrahlıq» əsərinin, yeddi monoqrafiyanın müəllifidir. Mustafa Topçubaşov 23 noyabr 1981-ci ildə Bakı şəhərində dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

2. MÜSLÜM MAQOMAYEV

(1942-2008)

Dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda görkəmli bəstəkar Müslüm Maqomayevin ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə bitirsə də, hələ birinci kursda oxuyarkən Opera və Balet Teatrının solisti olub. 1964-1965-ci illərdə Milanın La-Skala Teatrında təcrübə keçib. Bu məşhur opera səhnəsində ifa etdiyi Coakinyo Rossinin “Sevilya bərbəri” operasındakı Fiqaro partiyası ona böyük şöhrət qazandırıb. Sopot və Kannda keçirilmiş mahnı müsabiqələrinin laureatı olub. Müğənninin repertuarında xarici ölkə bəstəkarlarının əsərləri, xüsusilə italyan mahnıları geniş yer tutur. Həmçinin estrada mahnılarının müəllifi kimi tanınır. Haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

3. İLHAMƏ QULİYEVA

(1943-2016)

Azərbaycanın xalq artisti, müğənni-xanəndə İlhamə Məzahir qızı Quliyeva 1943-cü ilin bu günü Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Bir sıra xarici ölkələrdə qastrolda olub. İlhamə Quliyeva 25 fevral 2016-cı ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın xalq artisti Həbib Bayramov ögey atası, Tükəzban İsmayılova isə anasıdır.

4. CƏFƏR BEHBUDOV

(1951-2019)

Müğənni Cəfər Behbudov 17 avqust 1951-ci ildə Bakıda teatr rejissoru Ağaəli Məstanov və SSRİ xalq artisti Rəşid Behbudovun bacısı, Azərbaycanın əməkdar artisti Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Azərbaycan Televiziyasının solisti olub. 1980-ci illərdə Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə məşhurlaşıb. Repertuarına "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar daxildir. 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçən Cəfər Behbudov ömrünün sonunadək burada yaşayıb və 26 sentyabr 2019-cu ildə vəfat edib.

5. CƏFƏR NAMİQ KAMAL

(1950)

Azərbaycanın xalq artisti, aktyor Cəfər Namiq Kamal oğlu Əhmədov 1950-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Cəfər Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul olunub və teatrın səhnəsində bir çox obrazlar yaradıb. O, xalq artisti İlham Namiq Kamalın qardaşıdır.

6. ƏNVƏR HƏSƏNOV

(1950)

Azərbaycanın xalq artist Ənvər Cəfər oğlu Həsənov 1950-ci ilin bu günü Bakıda dünyaya göz açıb. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyub, sonra Fəhlə Gənclər Məktəbinə keçib. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna yazılması olub. 1969-cu ildə kinoaktyor kursunu bitirərək, Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olub. 1966-cı ildən başlayaraq bir neçə filmdə epizodik rola çəkilib. Sonralar isə "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və digər filmlərdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. Ənvər Həsənov "Atları yəhərləyin" filmində Həcər rolunu oynayan və 50 yaşı tamam olan gün - 8 dekabr 2008-ci ildə avtomobil qəzasında vəfat edən aktrisa Mömünat Qurbanova ilə evli olub.

7. HƏMİDAĞA SƏMƏDOV

(1952-1994)

Qarabağ müharibəsinin iştirakçısı, şəhid Həmidağa Bilal oğlu Səmədov 17 avqust 1952-ci ildə Hacıqabulda anadan olub. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Hacıqabul işarəvermə rabitə stansiyasında elektrik mexaniki vəzifəsinə qəbul olunub. 1993-cü ildə Hacıqabul rayonundan könüllü olaraq hərbi xidmətə yollanıb. Güllücə, Gəngərli, Sarıcallı, Cəvahirli, Suma Güllücə, Məlikli, Papravənd, Maqsudlu, Talışlı, Salahlı və Novruzlu kəndləri uğrunda döyüşlərdə iştirak edib. Həmidağa Səmədov 1994-cü ilin yanvarın 16-da Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Hacıqabul şəhərində dəfn olunub.

8. AZAD ƏLİYEV

(1928-1994)

Azərbaycanın xalq artisti, violin ifaçısı, pedaqoq, professor Azad Əliyevin anım günüdür. O, 13 mart 1928-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-ci ildən həm solo ifaçısı, həm də Dövlət Simli Kvartetinin birinci violin ifaçısı kimi fəaliyyətə başlayıb və 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının “Skripka” kafedrasında müəllim vəzifəsində çalışıb. 1957-ci ildə simli kvartetin heyətində Moskvada keçirilən gənclərin və tələbələrin Ümumittifaq festivalında qızıl, VI Beynəlxalq Festivalda gümüş medala layiq görülüb. Azərbaycan Teleradiosunun qızıl fondunda onun zəngin irsi qorunub saxlanılır. Azad Əliyev 17 avqust 1994-cü ildə Bakıda vəfat edib.

9. YUSİF SƏMƏDOĞLU

(1935-1998)

Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun xatirə günüdür. O, 25 dekabr 1935-ci ildə Bakıda məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Ulduz" və "Azərbaycan" jurnallarının baş redaktoru olub, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi vəzifəsində çalışıb. Sonuncu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Onun ssenariləri əsasında "7 oğul istərəm" və "Qətl günü" filmləri çəkilib. Yusif Səmədoğlu 1998-ci il avqustun 17-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.