1876
18:42
29 İyul 2020

Google Chrome brauzerinin YENİ VERSİYASI - VİDEO

Google şirkəti Chrome brauzerini 84-cü versiyaya kimi yenilədi. Yenilənmiş Chrome bir çox dəyişikliklərə məruz qalıb və yeni funksiyalar əldə edib. Yeni funksiyalar arasında bezdirici və dələduz bildirişlərin bloklanması, özəl məlumatların yığılmasının məhdudlaşdırılması, veb tətbiqlərlə qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsi və s. var.

Chrome brauzerinin 84-cü versiyasının əsas özəlliklərindən biri də saytların sui-istifadə etdikləri bezdirici bildirişlərin bloklanmasıdır. Məsələn, bəzi saytlar istifadəçinin həmin saytlardakı kontentləri əldə etməsi üçün ona bildirişlərin göndərilməsi üzrə icazə istəyirlər. Bundan əlavə olaraq dələduzlar bəzən həmin bildirişləri saxtalaşdırırlar və bu üsul ilə istifadəçilərin tamamilə fərqli saytlara yönlənmələrinə nail olurlar. Chrome-da olan bu yeni funksiya isə belə halların sayını azaltmaq üçün reallaşdırılıb.

Chrome 84-ün digər özəllikləri sırasında şübhəli .exe və .apk fayllar barədə istifadəçini məlumatlandırmaq, istifadəçinin konfidensiallığını yüksəltmək üçün saytların cookie fayllarının yığmalarının məhdudlaşdırılması, brauzer pəncərəsinin deaktiv olduğu zaman enerji sərfiyyatının aşağı endirilməsi, mesaj vasitəsilə əldə edilmiş iki faktorlu avtorizasiya şifrəsinin avtomatik daxil edilməsi, təkmilləşdirilmiş veb animasiyalar və tərtibatçılar üçün digər faydalı imkanlar var. Yenilənmiş Chrome 84 yaxın zamanda bütün platformalarda aktiv olacaq.