“Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülür” - Prezidentin köməkçisi
13 iyul 2020 19:13 (UTC +04:00)

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülür” - Prezidentin köməkçisi

“Dünən Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan Azərbaycan sərhədində növbəti təxribat törədilib. Bu təxribat və qəfil həyata keçirilən hücum nəticəsində artilleriya vasitələrindən istifadə edilməklə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində itki olub, bir neçə əsgərimiz isə yaralanıb. Şəhid olan əsgərlərimizə, hərbi qulluqçularımıza Allah rəhmət diləyirik, yaralananların isə tezliklə şəfa tapmasını diləyirik”.

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, dərhal Ali Baş Komandanın tapşırığı əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülüb: “Dünən gecədən etibarən və bu gün Ermənistanın bu kimi provokasiyalarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyu zəruri əks həmlə tədbirləri həyata keçirilir”.

 

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclası keçirilib: “Bu iclasda da Ali Baş Komandan tərəfindən Azərbaycan Silahlı Qüvvələri qarşısında qisasın alınması və  Ermənistan Silahlı Qüvvələrinin bu təxribatının həmişə olduğu kimi, layiqli şəkildə cavabın verilməsi ilə əlaqədar tapşırıq qoyulub. Baş vermiş hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan Respublikasının üzərindədir. Bu provokasiyalar onlar tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədilib. Ona görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. 

# 4882
avatar

Oxşar yazılar