Fərid Şəfiyev: "Təxribatın təmas xəttində yox, dövlət sərhədində baş verməsi onu göstərir ki..."
13 iyul 2020 12:00 (UTC +04:00)

Fərid Şəfiyev: "Təxribatın təmas xəttində yox, dövlət sərhədində baş verməsi onu göstərir ki..."

“Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər Nazirliyinin müvafiq bəyanatlarında ətraflı məlumat və şərh verilib. Bu təxribat göstərir ki, Ermənistan nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti gərginləşdirməyə çalışır”.

Lent.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib:

“Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarını şərh edərkən qeyd etmişdi ki, ötən il Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı “itirilmiş il” hesab olunmalıdır. Mərkəzimiz hələ 2019-cu ilin sentyabrında iki ölkənin post-danışıqlar mərhələsinə daxil olduğunu açıqlamışdı. Ümumiyyətlə, Yerevan hər hansı substantiv danışıqlardan boyun qaçırırdı. Buna baxmayaraq, Azərbaycan dünya ictimaiyyətinə öz xoş niyyətlərini nümayiş etdirərək danışıqları davam etdirmişdi. Lakin 2020-ci il yanvarın sonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin apardığı danışıqların uğursuz nəticələri yenə də sübut etdi ki, Ermənistan hökumətinin destruktiv mövqeyi dəyişməyib”, - deyə o qeyd edib.

F. Şəfiyev vurğulayıb ki, daha sonra aprel-may aylarında COVID-19 pandemiyasının yaratdığı böhranla əlaqədar Ermənistan hökumətinin yay aylarında təxribat cəhdlərinə əl atacağı barədə onlar tərəfindən proqnoz verilib: “Təxribatın münaqişə ilə bağlı təmas xəttində deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi onu göstərir ki, Yerevan üçüncü dövlətin və yaxud qurumun cəlb olunmasına nail olmaq istəyir. Belə olan şəraitdə hər hansı imitasiya tipli danışıqların davam etdirilməsi mənasızdır və cəbhə bölgələrində etimad tədbirləri (confidence building measures) yalnız status-kvonun saxlanılmasına xidmət edir. Eyni zamanda, hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın addımları hərtərəfli, düşünülmüş olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun inkişafı, o cümlədən ordu potensialının güclənməsi, xarici siyasət sahəsində nailiyyətlər (buna sonuncu misal kimi Prezidentin təşəbbüsü ilə çağırılan BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının açılması) və digər sahələrdə islahatlar dövlətçiliyin möhkəmlənməsinə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına xidmət edir”.          

# 4258
avatar

Oxşar yazılar