Kriminal aləmdə “Marsel Maxaçkalinski” adı ilə tanınan Marsel Həsənova hökm oxunub.
Lent.az xəbər verir ki, o, Rusiya Cinayət Məcəlləsinin 3 maddəsi üzrə təqsirli bilinib:
210.1-ci (cinayət iyerarxiyasında ən yüksək mövqeni tutma), 319-cu maddə (vəzifəli şəxsi onun vəzifələrini yerinə yetirməsi zamanı ictimai şəkildə təhqir etmə) və 321-ci maddənin 2-ci hissəsi (təcridxana əməkdaşına onun xidməti fəaliyyəti ilə bağlı zor tətbiq etmə hədəsi).
İstintaq müəyyən edib ki, o, mütəmadi olaraq cinayətkarların “kassasını” bölüşdürüb və nəzarətdə saxlayıb, “oğru qanunlarını” təbliğ edib və onların yerinə yetirilməsinə nəzarət edib.
Həsənov məhkəmədə iddia edib ki, o, “qruplaşmaların lideri” deyil. Məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1 milyon rubl cəriməyə məhkum edib. Hökm elan olunduqdan sonra anası qalmaqal yaradıb: o, oğlunun günahsız olduğunu deyib və bir qədər sonra huşunu itirib.
Qeyd edək ki, Marsel Həsənov 2024-cü ildə keçirilən “sxodka”lardan birində, şəxsən 1 nömrəli “qanuni oğru” Şakro Molodoyun iştirakı ilə taclandırılıb.
