Pişiklər çox maraqlı və bəzən də tamamilə gözlənilməz heyvanlardır. Əgər sizdə pişik varsa və onun nə düşündüyünü heç vaxt merak etmisinizsə, bilin ki, bu sual təkcə sizi deyil, bir çox insanı düşündürür.
Lent.az xəbər verir ki, pişiklər sahiblərini tez-tez özündən çox böyük və bir az çətin hərəkət edən “pişik” kimi qəbul edə bilir. Pişiklərin əhilləşmə tarixini və insan-pişik münasibətlərini illərlə araşdıran yazıçı kitabında qeyd edir ki, pişiklərin insanlara davranışı, əslində, onların digər pişiklərə davranışından demək olar ki, fərqlənmir.
Məsələn:
Pişiklər sahiblərinə yaxınlaşanda quyruğu qaldırır və ona sürtünür bu, digər pişiklərlə salamlaşma üsullarının tam eynisidir.
Onlar hətta sahiblərini yalayır bu da digər pişiklərə göstərdikləri qayğının bir növüdür. Əslində pişiyiniz sizi iki ayağı üzərində gəzən, niyə geyim geyindiyini anlamadığı, qəribə hərəkətlər edən böyük bir pişik kimi görür. O, sizin növbəti dəfə hansı maraqlı və qəribə hərəkəti edəcəyinizi düşünə bilər.
Pişiklər nə düşünə bilər?
İnsanlar heç vaxt pişiyin tam olaraq nə düşündüyünü bilməsələr də, onun nə hiss etdiyini başa düşmək mümkündür — bunun üçün üz ifadələrini və bədən dilini oxumağı öyrənmək kifayətdir. Tədqiqatlar göstərib ki, əksər insanlar pişiklərin üz ifadələrini düzgün oxuya bilmir.
Aşağıdakı əlamətlər pişiyin hansı vəziyyətdə olduğunu anlamağa kömək edir:
Pişik sakit, rahat və məmnundursa:
bədəni boş və rahatdır;
qulaqları neytral vəziyyətdədir;
bığları (üşkürləri) də rahatdır;
göz bəbəkləri incə şaquli xətt formasındadır.
Pişik yüngül stress yaşayırsa:
bədəni gərgin olur;
başını yana çevirə bilər;
bədəni arxaya əyilir və ya yerə doğru daha alçaq dayanır;
üşkürlər irəli uzanır;
göz bəbəkləri bir az böyüyür.
Pişik çox stress içindəsə, qorxubsa və ya panikadadırsa:
qulaqları geri çəkilir və ya başa sıxılır;
quyruğu yerdən çox aşağıda olur;
bədəni yerə sıxılır;
tüklər bədən və quyruq boyunca qalxmış olur (bəzən bel qövs şəklində olur);
göz bəbəkləri maksimum genişlənir;
əlavə olaraq pişik şırıltı çıxara, tüpürə, qüruldama, pəncə ilə vura bilər.
Hətta pişiyinizin nə düşündüyünü tam öyrənməsəniz də, onun sirli beynində nə baş verdiyini təsəvvür etmək maraqlı ola bilər. Növbəti dəfə pişiyinizə baxanda onun üz ifadəsinə və bədən dilinə fikir verin. Ola bilsin ki, o sadəcə belə düşünür: “Səni nə qədər çox sevdiyimi bilsən yaxşı olar".