Sərt karantin rejimi: Bu, bir müharibədir, səfərbər olmaq zamanı!
04 iyul 2020 13:46 (UTC +04:00)

Sərt karantin rejimi: Bu, bir müharibədir, səfərbər olmaq zamanı!

Azərbaycanda koronavirusa yoluxma hallarının artması hökuməti zəruri addımlar atmağa məcbur etdi. Nəticədə sərtləşdirilmiş karantin rejimi daha 2 həftə müddətinə uzadıldı.

Və bu, bir zərurət idi.

Əslində, COVID-19 infeksiyasına yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə hər gün dəhşətli statistikalar açıqlanır. Hal-hazırda dünyada bu virusa yoluxanların sayı 11 milyon nəfəri keçib. Ölənlərin sayı yarım milyondan çoxdur. Azərbaycanda yoluxanlara nisbətdə ölüm sayı az olsa da, yenə də durum ürəkaçan deyil. Aparılmış təhlillər onu göstərir ki, cəmiyyətdə sosial məsuliyyət hissini anlamayıb “virus-zad yoxdur” məntiqi ilə düşünənlər hələ az deyil.

Heç kimə sirr deyil ki,  pandemiyanın yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. İnsanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır.  Ölkənin tibbi personalı pandemiyaya qarşı mübarizəyə səfərbər olunub.

İndi isə cəmiyyətin səfərbər olma vaxtıdır. Bizdən asılı olan çox xırda şeylərdir. Maska tax, gigiyenik qaydalara riayət et, sosial məsafə saxla, karantin rejiminin qaydalarına uyğun davran.

Hökumət tərəfindən pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas istiqamət kimi ölkədə xüsusi karantin rejiminin tətbiqi zəruri idi. Məqsəd sosial izolyasiya tədbirlərini genişləndirmək və bununla da, virusun yayılmasının qarşısını almaq idi.

Əslində biz ilkin mərhələdə istədiyinə nail olduq. Virusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə olundu, hətta gündəlik yoluxma sayı sağalma sayının arxasında qaldı. Amma təəssüf ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra müsbətə doğru olan tendensiya əks istiqamətə çevrilərək, yoluxma sayında kəskin artım yaşanmağa başlandı. Bunun əsas səbəbi insanların qaydalara əməl etməsində yaranan boşluqlar oldu.

 Hamı dərk etməlidir ki, iki həftəlik sərt karantin Azərbaycan insanının sağlamlığını qorumaq məqsədi daşıyır. Elə cənab Prezidentin təbirincə desək, ilk öncə Azərbaycan insanının sağlamlığıdır. İyulun 20-dək tətbiq olunacaq sərt karantin rejimi məcburiyyətdən yaranmış bir haldır. Azərbaycan dövləti də istəyir ki, bu pandemiya tez bir zamanda aradan qalxsın və həyat əvvəlki kimi öz yoluna dönsün. İndi ən əsası ölkə əhalisinin birlik və həmrəylik göstərməsidir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur. Bunu beynəlxalq statistika da sübut edir. Məhz sərt karantin rejimi tətbiq edən ölkələr də bu korona-bəlya qismən qalib gəlmək və onu  söndürmək mümkün olub.

İstidir, çətindir, amma...Amma bu bir müharibədir. Bu dəhşətli bəlaya qarşı müharibə. Ona görə də, səfərbər olmalıyıq. Özümüz naminə.

# 6874
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar