2830
03:07
29 İyun 2020

REYD: Müştəri restoranın 3-cü mərtəbəsindən özünü atdı

Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.

O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.