10:55
19 İyun 2020

Bakıda uşaq poliklinikasının istilik sistemi alternativ enerji hesabına ödənilir - VİDEO

Dünyada alternativ və bərpa olunan enerji mənbələrinə maraq günbəgün artmaqdadır. Artıq bir çox ölkələrdə fərdi şəxslərlə bərabər dövlət idarələri, təşkilat və digər qurumlar elektrik enerjisi təchizatlarını alternativ mənbələrdən alırlar.

APA TV-nin məlumatına görə, son illər ölkəmizdə də bu sahədə ciddi irəliləyişlər var. Belə ki, bir çox dövlət qurumları, məktəb və xəstəxanalar, müəssisə, təşkilatlar elektrik enerjisi tələbatını tam və ya qismən günəş panelləri hesabına ödəyir. Belə müəssisələrdən biri də Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasıdır.

Burada “Azalternativenerji” MMC tərəfindən quraşdırılan çoxsaylı günəş panelləri xəstəxananın istilik təchizatı üçün nəzərdə tutulan elektrik enerjisini artıqlaması ilə ödəyir. Poliklinikanın əməkdaşı Fatma Yəhyayeva deyir ki, havanın günəşli olub-olmamasından və temperaturdan asılı olmayaraq, panellər müəssisəni fasiləsiz olaraq enerji ilə təmin edir: “Hövsan qəsəbəsindəki 16 saylı Uşaq Poliklinikasında bizim istilik təchizatımız 100 ədəd günəş paneli hesabına ödənilir. Həmin enerji poliklinikanın bütün istilik təchizatını tam ödəyir. Baxmayaraq ki, soyuq havalar olur, amma günəşdən aldığımız enerji bizi tam qane edir”.

Fatma Yəhyayevanın sözlərinə görə, poliklinikanın qazla işləyən kombi sistemi olsa da, günəşdən əldə olunan enerji istilik təchizatı üçün yetərli olduğundan, müəssisədə kombidən istifadə olunmur: “Panellərin işləmə qabiliyyəti çox yaxşıdır. Yəni, bizim panellərdən əldə etdiyimiz enerji ilə bağlı heç bir problemimiz yoxdur. Panellərdən aldığımız enerjidən istifadə etdiyimizdən, qazla işləyən kombi sistemini işə salmağa ehtiyac qalmır. Hava durumundan asılı olmayaraq, günəş panellərindən istifadə edirik. Hava tutqun olsa belə, panellər poliklinikanı elektrik enerjisi ilə tam edə bilir”.

Qeyd edək ki, “Azalternativenerji” MMC tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində yerləşən tibb məntəqəsində də günəş panelləri quraşdırılıb.

Dİgər xəbərlər