3568
16:45
08 İyun 2020

Azərbaycanın "taclı virus müharibəsi"ndə taktiki qələbəsi


Hər bir nəslin taleyinə öz məsuliyyəti düşür. Hər bir nəsil öz çağırışları ilə üzləşir. Babalarımız faşizm çağırışı ilə sınağa çəkildi. Məsuliyyətini tam dərk edərək, müharibəyə qoşuldu və qalib gəldi. O məsuliyyəti biz nəslin üzərinə ötürmədi. Bizim nəslin taleyinə isə koronovirus pandemiyası düşüb. Bizim üçün qlobal çağırış odur. Məsuliyyəti üzərimizə götürüb ona qarşı müharibədə qalib gəlməliyik. Məsuliyyəti növbəti nəslin üzərinə ötürmək mənəviyyatsızlıq olduğu qədər də qeyri-mümkündür. Bu qarşıdurmada “kim-kimi” prinsipi artıq planetar xarakter kəsb edir. Bu mübarizədə birlik, həmrəylik və məsuliyyət sivil dünyanın əsas silahlarıdır. Qarşı tərəf isə gözə görünməyən düşmən olub, əsas müdafiə silahı - peyvəndi olmayan bəşəriyyəti ölüm hökmü ilə hədələməkdə israrlıdır. Artıq dünyada yarım milyona yaxın insan bu hökmün qurbanı olub.

Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Pandemiya ilə mübarizədə silahlanmışıq. Silahımız olan birliyimiz və həmrəyliyimiz ən yüksək səviyyədədir. Bu birliyin və həmrəyliyin təminatçısı Azərbaycan xalqı və onun öz prezidentinə olan sonsuz inamı və etibarıdır. Bu da təsadüfi deyil. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fors-major vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti “taclı virus müharibəsi”ndə taktiki qələbəmizi təmin etmiş və strateji zəfər üçün münbit şərait yaratmışdır. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma manevrlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.

Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunub və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilib. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilib və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. Bu töhfə konkret rəqəmlərdə öz təsdiqini tapır. Belə ki, dünyanın 150-dən çox ölkəsi pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq üçün beynəlxalq maliyyə qurumlarının qapısını döyməkdə ikən Azərbaycan nəinki belə dövlətlərin sırasında deyil, əksinə, Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları həcminə ianə ayırıb, habelə daha 5 milyon ABŞ dolları miqdarında vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ünvanlayıb. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan koronovirusla mübarizə məqsədilə daha 14 dövlətə dəstək verib. Bu dəstək həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatları əhatə edir. Eyni zamanda ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə köməyə daha çox ehtiyacı olan 15 dövlətə yardım göstərməyi planlaşdırır. Deməli, ağır planetar xarakterli pandemiya dövründə Azərbaycan demək olar ki, 30 dövlətə öz kömək əlini uzadıb.

Bir sözlə, pandemiya dövrü təkcə dövlətlərin və xalqların əsl simasını üzə çıxarmadı. Eyni zamanda liderlərin də simasını - şəxsiyyətini müəyyən etdi. Xalqlar bu situasiyada ya liderləri ilə sonsuz qürur hissi yaşadılar, ya da əksinə. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, elə də böyük olmayan dövlətinə böyük intellektə, dərin zəkaya, iti fəhmə, analitik düşüncə qabiliyyətinə, prinsipial və qətiyyətli mövqeyə, fors-major vəziyyətlərdə isə sadalanan keyfiyyətlərinin unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider - Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, şəxsi ləyaqət hissini paklıq zirvəsinə yüksəldən, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərin unikal harmoniyasını xarizmatik davranış norması ilə tamamlayan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulayıb, eyni zamanda insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirib ki, “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”

Beləliklə, qlobal pandemiyaya ali rəhbərliyin güclü siyasi iradəsi və unikal “peyvənd”imiz - birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz hesabına qalib gələcəyimizə inanırıq. Tam inam və qətiyyət ortaya qoymaq üçün isə ilk növbədə məsuliyyətimizi daha da artırmalıyıq. Bu sahədə boşluqların olduğu heç bir halda fərziyyə deyil, real gerçəklikdir. Bu, artıq zamanın çağırışıdır. Zaman gözləmir.


Elman Nəsirov

Milli Məclisin deputatı