Kolumbiyanın Medellin şəhəri yaşıllaşdırmanın iqlimə təsirini göstərən ən uğurlu nümunələrdən biri hesab olunur. Şəhərdə həyata keçirilən "Yaşıl Dəhlizlər" (Green Corridors) layihəsi çərçivəsində təxminən 880 min ağac, eləcə də 2,5 milyondan çox kol və digər bitki əkilib. Layihəyə 2016-cı ildə start verilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məqsəd sıx tikililər, asfalt örtüyünün çoxluğu və yaşıllıq sahələrinin azalması nəticəsində yaranan "şəhər istilik adası" effektini azaltmaq idi. Bu problem yay aylarında küçələrin həddindən artıq qızmasına və sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olurdu. Mütəxəssislərin sözlərinə görə, ağaclar havanı iki əsas yolla sərinləşdirir.
Birincisi, kölgə yaradaraq yolları və binaları birbaşa günəş şüalarından qoruyur.
İkincisi, yarpaqlar vasitəsilə suyu buxarlandıraraq ətraf mühitin temperaturunu təbii şəkildə aşağı salır.
Aparılan araşdırmalar göstərib ki, genişmiqyaslı yaşıllaşdırma nəticəsində şəhərdə orta temperatur təxminən 2 dərəcə azalıb. Kölgəli ərazilərdə isə hava əvvəlki ilə müqayisədə 5 dərəcəyədək sərinləşib. Yeni yaşıllıq zolaqları təkcə istiliyi azaltmayıb.
Layihə hava keyfiyyətinin yaxşılaşmasına, səs-küyün azalmasına, quşlar və tozlandırıcı həşəratlar üçün yeni yaşayış mühitinin yaranmasına da töhfə verib. Eyni zamanda, piyada gəzmək və velosiped sürmək daha rahat və təhlükəsiz olub.
Bu gün Medellinin "Yaşıl Dəhlizlər" proqramı iqlim dəyişikliyinə uyğunlaşmanın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislər şəhərin təcrübəsini öyrənərək artan temperatur şəraitində şəhərlərin daha yaşıl və yaşamaq üçün daha əlverişli hala gətirilməsinin yollarını araşdırırlar.