Günəşdə baş verən alışmalar – NƏYİN XƏBƏRÇİSİDİR?
04 iyun 2020 13:02 (UTC +04:00)

Günəşdə baş verən alışmalar – NƏYİN XƏBƏRÇİSİDİR?

“Bir neçə gün əvvəl Günəşdə gözlənilmədən güclü alışmalar qeydə alınıb. Alışmaların qeydə alınmasına baxmayaraq, Günəşdə maqnit ləkələri əmələ gəlməyib ki, bu da qeyri-adi hadisədir”. 

Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov məlumat verib: “Alışmaların baş verməsinə baxmayaraq, Günəşdə maqnit ləkələrinin əmələ gəlməməsi maraqlı fizki hadisədir. Səbəbi aydınlaşdırılmalıdır ki, bu necə ola bilər. Alışmalar həddən artıq böyük olduğu zaman biz onu hiss edirik və yerə də müəyyən təsiri olur.  

Hazırda Günəşin maqnit aktivliyinin minimum dövrünü yaşayırıq. Günəşin hazırki dövrü təxminən 2009-cu ilin əvvəllərindən başlayıb. Əslində, aktivliyin minimum dövrü bir il əvvəl başa çatmalı olsa da, proses uzanır. Maqnit aktivliyinin maksimum dövrünün başlaması üçün Günəşdə alışmalar olmalı və maqnit ləkələri yaranmalıdır. Alışmaların başlanması Günəşin maqnit aktivliyinin dəyişəcəyini göstərən ilk əlamətlərdəndir”.

N.Cəlilovun sözlərinə görə, Yerdəki həyat, insanlar, bitkilər Günəşin bu periodik fəallığına adaptasiya olublar. Buna görə də Günəşin hansı dövürdə olmasının Yerə ciddi təsiri olmur: “Yəqin ki, bu ilin sonuna Günəşin “gecikən” minimum aktivlik dövrü başa çatacaq. Bundan sonra növbəti 11 illik dövr 2031-cu ilə kimi davam edəcək. Bu prosesə kənardan – qalaktikadan müdaxilənin ehtimalı demək olar ki, yoxdur. Milyard illərdir ki, davam edən bu dövrülük Günəşin öz daxili fəaliyyəti ilə bağlıdır. Mürəkkəb bir fiziki proses nəticəsində Günəşin maqnetizmi artır və azalır ki, bu hal Yer kürəsinə müəyyən dərəcədə təsir edə bilir. Maksimum zamanı Günəşin səthində yüksək enerjili alışmalar həddindən artıq çox olur. Əsas da qamma, rentgen, ultrabənövşəyi şüalanmaların enerjisi ciddi artır və bu da Yerin ekosisteminə birbaşa təsir edə bilir. Günəşin fəaliyyəti ilə iqlimin qlobal dəyişikliyi arasında birbaşa nəzəri əlaqələr var. Günəş daxilində yaranan irimiqyaslı burulğanlar həm onun mərkəzində nüvə-sintez prosesinin sürətinə, həm də onun səthində optik parametrlərin dəyişməsinə gətirir. Bu isə Günəşin şüalandırdığı enerjinin artıb-azalması deməkdir. Günəşdən gələn enerji isə Yerin həm iqlimini, həm həyatını idarə edir. Əgər gələn enerji artır-azalırsa, bu iqlimə hökmən təsir edir. Amma burda söhbət 500-1000 illik zaman ölçüsünə malik qlobal dəyişikliklərdən gedir. İqlimdə qlobal dəyişikliklər tək Günəşlə bağlı deyil. Atmosferə atılan parnik qazlar, Yerin təkibində olan vulkan və qeyzerlər, materiklərin sürüşməsi, Yerin fırlanma oxunun və orbit müstəvisinin dəyişməsi və s. amillər iqlim amilinə təsir edə bilir. Qısamüddətli dəyişmələr isə Günəşlə deyil, Yerin öz atmosferi ilə bağlı geofiziki proseslərdir.”.

 

# 2149
avatar

Aygün İbrahimli

Oxşar yazılar