2272
19:36
02 İyun 2020

"Bir sual, bir cavab" - "Tik-tok"da reklam yaymaq nə dərəcədə doğrudur?

Lent.az -ın "Bir sual, bir cavab" rubrikasında bu günün mövzusu son vaxtlar geniş vüsət alan İnstagram” və “Tik-tok” sosial şəbəkələrində reklamlarla bağlıdır.

Xüsusilə, əksəriyyətin “Tik-tok” çəkərək məşhurlaşması reklam yayımlamaq istəyən şirkətləri cəlb edir. Bundan əlavə, ən çox rast gəlinən hallardan biri də müxtəlif üsullarla izləyici kütləsi yığan və əsasən, dəyərlərə zidd paylaşımlar edən səhifələrin başlıca reklam daşıyıcısına çevrilmələridir. Görəsən, “Tik-tok”çuların və milli dəyərlərə zidd paylaşımlar edən səhifələrin hansısa məhsulu reklam etməsi ümumilikdə reklamın səviyyəsinə zərər vururmu?

Rubrikamızın sualına tanınmış reklam və marketinq üzrə ekspert Sabit Məmmədov aydınlıq gətirib. Onun sözlərinə görə, həmin şəbəkələrdə yayımlanan bəzi reklamlar şirkətlərin imicinə mənfi təsir edir:

“Bəzən reklamı lazımi hədəflərinə çatdırmaq üçün müəyyən vasitələrdən istifadə edirlər. Bu zaman insan çoxluğunun olduğu nöqtələr əsas götürülür. Bu, həm auditor çöl reklamları, həm ənənəvi televiziya və radio, həm də digital media ola bilər. Bəzən həmin reklamlar elə uyğunsuz paltformalarda paylaşılır ki, bu da şirkətin imicinə mənfi təsir edir. Ancaq elə hədəf qrupları da var ki, müəyyən məhsulu məhz orada paylaşmaq uyğundur. Təbii, elə reklamlar, elə məhsullar və markalar da var ki, onları həmin dəyərlərə zidd olan yerlərdə yayımlamaq doğru deyil. Elə məhsullar da var ki, onu daha ciddi auditoriyaya göstərirlər. Məsələn, ciddi oxucu auditoriyası olan saytlar yayımlayacağı reklamlara diqqət yetirməlidirlər. Elə reklamlar yayımlana bilər ki, onlar nəinki milli dəyərlərə zidd olar, hətta insanın əhvalını da korlayar.

Spirtli içki, dərman, faizlər var deyə bank reklamlarını götürməyən telekanallar var. İnstaqram, tik-tok sosial şəbəkələrində reklam yayımlanması bir sıra məqsədlər daşıyır. Əksər hallarda əgər reklamın hədəfi adlarını çəkdiyimiz ünvanlar deyilsə, bu şirkət və məhsul üçün anti-reklama gətirib çıxara bilər. Dövlət Reklam Agentliyi bu tip reklamları auditora buraxmır. Hər bir çöl reklamı DRA-nın senzurasından keçir. Milli Teleradio Şurası da həmin reklamların televiziya və radiolarda yayımlanmasına icazə vermir”.