571
16:06
15 Aprel 2020

“İlham Əliyev ilk növbədə vətəndaşların sağlamlığının vacibliyini vurğuladı” – Deputatdan MÜSAHİBƏ

Milli Məclisin deputatı Hikmət Babaoğlu 2020-ci ilin birinci rübünün yekunlarına dair dünən prezident İlham Əliyev tərəfindən keçirilən videokonfransla bağlı Lent.az -a müsahibə verib.

- Hikmət müəllim, koronavirusla mübarizə çərçivəsində Azərbaycan dövlətinin əsas məqsədi nədir? Ölkənin sosial-iqtisadi və siyasi durumu mövcud vəziyyətdən itkisiz çıxmağa imkan verəcəkmi?

-2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda prezident İlham Əliyev cari ilin birinci rübündə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində meydana çıxan reallıqlardan danışdı və məlum oldu ki, bütün çətinliklərə, koronovirus pandemiyasının gətirdiyi təhlükələrə baxmayaraq, Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə həm iqtisadi fəallıq həm də vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm uğurlar əldə edib. Ancaq bu iki mühüm faktorun öncəliyinə gəldikdə isə prezident İlham Əliyev ilk növbədə vətəndaşların sağlamlığının vacibliyini xüsusi vurğulayaraq bildirdi ki, əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq və insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Düşünürəm ki, bu mövqe Azərbaycan vətəndaşlarının sağlamlığı və səhhətinin daima prezident İlham Əliyevin diqqət mərkəzində olmasından xəbər verməklə elə sosial dövlət siyasətinin də əsaslarını təşkil edir.

- Azərbaycanda koronavirusa qarşı mübarizə aparmaq və hazırkı dövrdə əhalinin sosial təminatının müdafiəsi üçün görülən işləri necə qiymətləndirirsiniz?

- Hazırkı mürəkkəb vəziyyətdə dövlətimizin həyata keçirdiyi sosial siyasət sayəsində həm vətəndaşlarımızın sağlamlığının qorunması təmin edilir, həm də onların sosial ehtiyacları qarşılanır. Bu mənada Azərbaycan nümunəvi təcrübə yaratmağı bacaran bir ölkədir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda koronovirus pandemiyasına qarşı Azərbaycan effektiv mübarizə aparan ölkələr sırasındadır. Videokonfrans-müşavirədə qeyd edildi ki, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat həcmindədir. Bu olduqca böyük məbləğdir və kifayət qədər effektiv nəticələr əldə etməyimizə səbəb olacaq. Ancaq digər istiqamətlər üzrə əlavə maliyyə mənbələri nəzərdə tutulur ki, bunlar da tibbi avadanlıqların və digər tibbi vasitələrin təmin olunmasına xidmət edəcək. Başqa bir istiqamət isə sosial təminatı zəif olan vətəndaşlarımıza birdəfəlik yardımların ödənilməsidir ki, bu da bu ilin birinci rübündə bütün sosial ödənişlər üzrə 2,3 milyon vətəndaşımıza 1,5 milyard manat məbləğində sosial ödənişlərin həyata keçirilməsidir. Bundan əlavə, kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi müvafiq sosial təbəqəyə mənsub olan vətəndaşlarımızın təhsil haqlarının dövlət tərəfindən qarşılanması haqqında qərarlar qəbul edilib ki, bütün bunlar vətəndaşlarımızın yaranmış vəziyyətdə maksimum sosial müdafiələrinin təmin edilməsinə hesablanıb.

- Ölkə prezidenti ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tapşırıqlar verdi. Sizcə, hazırkı durumdan çıxdıqdan sonra sosial islahatlar davam edəcək?

- Müşavirədə mövcud məhdud şərtlərdə iqtisadi inkişafımızın bundan sonrakı mərhələdə təmin edilməsi istiqamətlərində də xüsusi tövsiyələr və göstərişlər verildi. Bunlardan biri də ərzaq təhlükəsizliyimizi təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində idi ki, prezident elə müşavirədəcə bu problemin həlli ilə müvafiq maliyyə mənbəyini göstərməklə xüsusi tapşırıqlar verdi. Azərbaycan prezidenti qeyd etdi ki, 2020 –ci il də sosial – siyasi islahatlar ili olacaq. Doğurdan da hər kəsə bəllidir ki, bu günə qədər həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir ki, bu da islahatların davamlılığını zəruri edir. Ona görə də cari ildə də islahatlar tendensiyasının davam etdiriləcəyinin şahidi olacağıq.

- Videokonfransda həmçinin prezident müxalifətin hazırkı durumda göstərdiyi fəaliyyətdən də danışdı...

- Videokonfrans-müşavirədə dövlət başçımızın toxunduğu ən mühüm məsələlərdən biri də belə mürəkkəb şəraitdə koronovirus pandemiyasından da sui-istifadə etmək istəyən marginal radikal qrupların antimilli fəaliyyətlərinin ifşası ilə bağlı oldu. Haqlı olaraq belə radikal qruplaşmaların hakimiyyətə deyil dövlətimizə və millətimizə qarşı müxalifətdə olduqlarını bildirdi. Doğurdan da dünyanın heç bir yerində öz xalqının ən çətin vaxtlarında belə onun maraqlarına zərbə vuracaq müxalifət yoxdur. Bunu edənlər xalqın düşmənləridir. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı milli birlik və həmrəylik nümayiş etdirərək öz prezidenti ilə birgə hərəkət etməklə bütün dünyanı təhdid edən koronovirus təhlükəsi və onun gətirdiyi iqtisadi və maddi çətinliklərinin də öhdəsindən layiqincə gəlməyi bacaracaq.