12:21
11 Aprel 2020

"Koronavirus hər şeyi korladı..." - Sloveniyalı voleybolçu ilə MÜSAHİBƏ

“Azərreyl”in sloveniyalı voleybolçusu Moytsa Penenin apasport.az saytına müsahibəsi

- Koronavirus pandemiyası ilə bağlı çempionatlar dayandırılıb. Bu sırada Azərbaycan Super Liqası da istisna deyil. Yarışda fasilə yaranması sizə psixoloji baxımdan necə təsir etdi?
- Mənim üçün ən qəribə olan odur ki, çempionatın heç başlamadığını hiss edirəm. Çünki liqa yalnız dekabrın sonunda start götürüb. Həm də bu, çempionatdan daha çox bir turnirə bənzəyir. Nəhayət ki, yarış başlayanda hər şey komandamız üçün əla gedirdi. Biz bir oyun da uduzmamışıq. Koronavirus dünyaya yayılanda isə bizim üçün hər şeyi dağıtdı... Çox qəzəblənirəm. Mövsümün ən yaxşı hissəsində, ən gərgin matçların keçirildiyi vaxtda koronavirus hər şeyi korladı. Bizim mövsümlə bağlı hədəfimizə çatmağa – çempionatın qalibi olmağa yaxşı imkanlarımız var idi. Lakin indi bu çempionluq cibimizdə deyil.

- Azərbaycan klublarında forma geyinən bütün legionerlər vətənlərinə yollanıblar. Ölkəmizdə siz və komanda yoldaşınız Mbayanq Sek qalıb. Gecikməyinizə nə səbəb oldu?
- Azərbaycan Voleybol Federasiyası mövsümün dayandırılmasını elan edən vaxt Avropada vəziyyət çox gərgin idi. Mən əslən İtaliya ilə qonşu olan Sloveniyadanam. Ona görə də vəziyyət Sloveniyada da gündən-günə pisləşirdi. Klubla razılıq əsasında burda qaldım. Birincisi, təcili şəkildə yola çıxmaq istəmədim. Çünki böyük insan kütlələri yolda idi və aeroportlar dolu idi ki, sosial məsafəni qorumaq mümkün olmazdı. Bu üzdən bir-iki həftə burada gözləmək istədim ki, vəziyyət sakitləşsin. Həmin an özümü burada təhlükəsizlikdə hiss etdim və hələ də bu qərarımda qalıram. İndi aeroportlar tamamilə bağlıdır və evimə geri qayıtmaq mümkünsüzdür. Amma gec-tez bunu edəcəyəm.

- Dediyiniz kimi, ölkənizlə müqayisədə burada infeksiya daha az yayılıb. Qərarınız düzgündür.
- Bəli, həmin vaxt yoluxanların sayı az idi. Yəqin ki, Azərbaycanda 5 nəfər olardı. 5 dəfə az əhalisi olan Sloveniyada isə 200 nəfər idi. Buna görə də hesab edirəm ki, düzgün qərar vermişəm.

- Valideynlərinizlə, yaxınlarınızla əlaqə saxlayırsızmı? Bir-birinizə hansı tövsiyələri verirsiz?
- Əlbəttə, əlaqə saxlayırıq. Anam heç nəyə baxmayaraq geri dönməyimi istəyir. Digərləri isə mənə burda qalmağı, kütləvi nəqliyyatla səfərlərdən uzaq qaçmağı tövsiyə edir.

- Azərbaycanda karantin tətbiq edilib. Vaxtınızı necə keçirirsiz, qaydalar çətinlik yaratmır ki?
- Çox sadə tövsiyə var ki, bu da sosial məsafə, sağlam həyat tərzi, kifayət qədər yatmaq, bədəninizin və immunitetinizin qayğısına qalmaqdan ibarətdir. Evdə qal! Düzünü deyim ki, özümü karantində o qədər də pis hiss eləmirəm. İnternet dövrünə kiminsə bundan çox əziyyət çəkdiyini düşünmürəm. Siz dostlarınızla qrup şəkildə zəngləşə bilərsiniz, kitab oxumağa vaxtınız var, onlayn kurslara gedir, sevimli seriallarınıza baxırsınız... Hər cür imkanlar var. Məsələ yalnız ondadır ki, siz onları qəbul edirsiniz, ya yox. Bu da mənim etdiklərimdir. Dilləri sevirəm. İndi rus dili öyrənmək imkanlarım mövsümün gedişindəki ilə müqayisədə çoxdur. Evdə məşq edib, özümü formada saxlamağa çalışıram. Yeganə buraxdığım məqam küçədə qaçmaqdır. Bir az yaradıcı yanaşma işlədərək heç kimin istifadə etmədiyi yanğınsöndürmə pilləkənindən istifadə etmək olar. Əlində olan imkanlarla etməli olduğunu gerçəkləşdirirsən. Oxumaq, filmlər, təhsil məsələləri və belə şeylər...

- Super Liqanın nə vaxt bərpa olunacağı sual altındadır. Əgər oyunlar davam edərsə, fiziki baxımdan problem yaranmayacaq ki?
- Bildiyim qədər, bu il liqa başa çatıb. Əgər davam etdirilsə, bizim vəziyyət başqa cür həll olunacaq. Lazımi hazırlıq olmadan meydana çıxa, oynaya bilməzsiniz. Bu zədə baxımından ciddi riskdir. Ona görə öz qayğımıza qalıb evdə fərdi məşq etməliyik. Bu, tam lazım olan deyil, amma heç nədənsə yaxşıdır. Mənim işim idmandır. Ona görə də bunu evdən işləmək hesab edirəm.

- Yəqin ki, kifayət qədər boş vaxtınız olur. Bundan istifadə edərək, daha nələri öyrənmisiz?
- Dediyim kimi, günümü evdə keçirirəm. Faydalı nə ilə isə məşğul oluram, daha məhsuldar olmağa çalışıram. Səhərlər məşq edirəm, profilaktikaya riayət edirəm. Sonra kitablar mütaliə edir, xəbərləri oxuyuram. Çalışıram koronavirusla bağlı xəbərlərə nəzər yetirməyim. Onlar məndə depressiya yaradır. Dillər öyrənir, dostlarımla ünsiyyətdə oluram. Özü üçün yemək hazırlamaqda usta olacağam. Filmlərə baxıram. Niyə də yox? Günəşli havada terrasda sakitləşmək də lazımdır.

- Bu il keçirdiyiniz 7 oyunun hamısında xal itirmədən qalib gəlmiriz. Mövsümü necə dəyərləndirərdiz?
- Bunu uğur kimi qiymətləndirərdim. Biz mövsümlə bağlı vəzifənin öhdəsindən gəlmək üçün əla yoldayıq. Mövsümün gedişində dəyişiklik olmayan yeganə komandayıq. Əvvəldən bir yerdə olmağımız bizim üstünlüyümüzdür. Çünki komandada hamı bir-birinə uyğunlaşır. Mən həmçinin fərdi inkişaf da görürəm. Ümumilikdə, komandamız inkişaf etdi və əminəm ki, mövsüm bizim xeyrimizə başa çatacaq.

- Çempionatları yarımçıq dayandırılan bir sıra ölkələrdə mövsümün başa çatdığı elan olunub. Məsələn, Macarıstanda hansısa kluba medal verilməyib, Polşada isə əksinə, qalib müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının hansı qərarı sizi razı salar?
- Bu, çətin məsələdir. Mən nə desəm, kiminsə yerinə danışmış olaram. Şəxsən mənim üçün biz çempionuq. Komanda sabit çıxış edir və oyundan oyuna daha güclü olurdu. Son matça qədər qələbə ilə bağlı problemimiz olmayıb. Heç bir oyunda 3:2 hesabı ilə qalib gəlməmişik. Digər komandalar oyunçu alsalar, qələbə çətin olacaq. Lakin bu voleybolçular qələbə üçün onlara yetərli olacaqmı? Mən “Azərreyl”lə bağlı müsbət və nikbin düşüncəmi hələ də qoruyuram.

- Turnir cədvəlinə başçılıq edən “Azərreyl” cəmi 7 oyunun nəticəsinə əsasən çempion elan olunsa, bunu necə qarşılayacaqsız?
- Əlbəttə, mən xoşbəxt olardım və sevinərdim. Hərçənd bunu meydanda sübut etmək istəyərdim. Axı mövsümün ən yaxşı hissəsi yaxınlaşırdı.

- "Abşeron"la cəmi 3 xal fərqiniz var. Onlar da öz aranızdakı görüşdə bu fərqi aradan qaldıra bilər. Ən azı bu komandanın da çempionluq şansı var. Razısızmı?
- “Abşeron” komanda kimi inkişaf edib. Amma unutmayın ki, biz də bunu edirik. Bizi kiminləsə müqayisə edə bilməzsiniz. Çünki biz artıq lider idik. Fikrimcə, set, ya oyun uduza bilərik, amma mövsümü əldən vermərik. Mən buna qəlbən inanıram.

- Adətən voleybol mövsümü aprelin sonunda başa çatır. Azərbaycan ən azı ayın 20-dək karantin olacağından oyunların bərpası inandırıcı görünmür. Müqavilənizin vaxtının az qaldığını nəzərə alsaq və federasiya oyunların davam etdirilməsi qərarını versə, “Azərreyl”də qalacaqsızmı?
- Əgər hər şey plan üzrə getsə və oyunlar tez başlasa, mövsümün bərpası daha inandırıcıdır. Amma bu, federasiyanın əlində deyil. Onlar liqanı təşkil edir. Söhbət koronavirus və karantindən gedirsə... Biz hamımız başa düşürük ki, bu, heç vaxt rast gəlinməmiş unikal bir vəziyyətdir. Ona görə də hansı halda nəyin baş verəcəyini deyə bilmərəm. Fəaliyyətimizi baş verənlərə əsasən uyğunlaşdıracağıq.

- Həmin vaxt komanda maaşlarınızın azaldarsa, buna reaksiyanız necə olacaq?
- Bu baş vermədi. “Azərreyl” peşəkar kimi yanaşdı. Çünki mənim işim bunu etməkdən ibarətdir.

Dİgər xəbərlər