Britaniya Kraliçası pandemiya ilə əlaqədar vətəndaşlara müraciət edib
06 aprel 2020 02:22 (UTC +04:00)

Britaniya Kraliçası pandemiya ilə əlaqədar vətəndaşlara müraciət edib

 

Böyük Britaniya Kraliçası II Yelizaveta koronavirus pandemiyası ilə əlaqədar britaniyalılara müraciət edib.

APA-nın xəbərinə görə, kraliçanın müraciəti bütün yerli telekanallarda yayımlanıb.

Kraliça müharibə ruhu təcrübəsinə əsaslanaraq ölkəni koronavirus böhranının öhdəsindən gəlmək üçün "birləşməyə və qətiyyətli olmağa" çağırıb.

"Windsor" qəsrindən qeydə alınan tarixi müraciətdə kraliça deyib: "Birlikdə bu xəstəliyə qarşı mübarizə aparırıq və bir daha sizi əmin etmək istəyirəm ki, əgər birləşsək və qətiyyətli olsaq, o zaman bunun öhdəsindən gələcəyik".

Müraciətində II Yelizaveta koronavirus pandemiyası dövründə insanların bir-birindən ayrı vaxt keçirməsinin nə qədər çətin olduğunu qeyd edib: "Biz özümüzə təsəlli verməliyik ki, nə qədər uzun müddət dözsək, daha yaxşı günlər geri qayıdacaq - yenidən dostlarımızın yanında olacağıq, yenidən ailələrimizlə birgə olacağıq, yenidən görüşəcəyik".

Dame Vera Lynnın İkinci Dünya Müharibəsinə həsr olunmuş məşhur "Biz yenidən görüşəcəyik" mahnısında səsləndirilən sözləri təkrarlayan kraliça, "Bizim kim olduğumuzun qüruru keçmişimizlə bağlı deyil, o, bu günümüzü və gələcəyimizi müəyyənləşdirir", deyə əlavə edib.

93 yaşlı monarx bu çətin zamanda işinə davam edənlərə və öz həyatını riskə atanlara təşəkkür edib: "Mən Milli Səhiyyə Sistemimizdə çalışan hər kəsə, həmçinin öz günlük işlərini dayanmadan davam etdirənlərə təşəkkür edirəm. Siz evlərinizdən kənarda gündəlik vəzifələrini fədakarcasına davam etdirən vacib rollara sahibsiniz.

Əminəm ki, xalq da mənim kimi sizin gördüyünüz işləri təqdir edir və sizin hər saat gördüyünüz işlərin bizi daha normal yaşama yaxınlaşdıracağına əmindirlər".

COVID-19 pandemiyasının dünya miqyasında olduğunu qeyd edən kraliça: “Əvvəllər biz çətinliklərlə üzləşsək də, bu tamamilə fərqlidir.

Bu dəfə elmin böyük nailiyyətlərindən və şəfa verməklə bağlı instinktiv mərhəmətimizdən istifadə edərək, dünyanın bütün millətləri ilə ortaq bir səylə birləşirik.

"Biz uğura çatacağıq - və bu uğur hər birimizə məxsus olacaq", deyə o vurğulayıb.

Evdə qalanlara, yaşlıları, zəifləri qoruyanlara təşəkkür edən kraliça müharibə təcrübəsini xatırldadıb: "Bu 1940-cı ildə bacımın köməyi ilə hazırladığım ilk müraciəti xatırladır. Biz, uşaqlar evlərindən təxliyə edilən və öz təhlükəsizliyi üçün yola salınan uşaqlara müraciət etmişdik. Bu gün bir çoxları o zamankı kimi yaxınlarından ayrılmağın ağrılı hissini  yaşayırlar. Ancaq o vaxtkı kimi indi bilirik ki, bunu etmək ən doğru hərəkətdir.

Mən inanıram ki, gələcək illərdə hər kəs bu çağırışa necə cavab verməsi ilə fəxr edəcək. Və bizdən sonra gələnlər deyəcəklər ki, bu nəslin britaniyalıları hər kəs kimi güclü idi. Tərbiyə, sakit, xoş xasiyyətlilik, qətiyyət və həmrəylik xüsusiyyətləri bu ölkəni hələ də xarakterizə edir".

Qeyd edək ki, bu, Kraliça II Yelizavetanın 68 illik hakimiyyəti dövründə fövqəladə və mürəkkəb zamanlarda etdiyi oxşar xarakterli beşinci müraciəti idi. Müraciət həm də Millətlər Birliyinin 54 ölkəsində yayımlanıb. 

# 919
avatar

Oxşar yazılar