1784
18:45
25 Mart 2020

Azərbaycanda ölümcül epidemiya yayanları hansı cəza gözləyir? - AÇIQLAMA

Artıq bir müddətdir Azərbaycanda və dünyanın əksər ölkələrində karantin rejimi elan olunub. Dünyanı bürüyən koronavirusun daha çox yayılmasının və artan ölüm hallarının qarşısının alınması üçün bir sıra qaydalar tətbiq olunub. Ancaq şübhəsiz ki, bu və ya digər xəstəliyin virusunu daşıyan, ancaq bundan xəbəri olmayanlar da var. Yaxud istər Azərbaycanda, istərsə də dünyada karantindən yayınıb sərbəst həyata davam etmək istəyənlər də olur.

Görəsən, Azərbaycan qanunvericiliyi insanları ölümcül xəstəliklərə yoluxduran şəxslərə qarşı hansı cəzaları nəzərdə tutur?

“Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Lent.az -a bildirib ki, xəstəliklərə qarşı tətbiq olunan rejimin pozulmasına görə, İnzibati Xətalar Məcəlləsində müvafiq maddələr nəzərdə tutulub:

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyə görə, 211-ci maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir”.

Həmsöhbətimiz xəstəliyi yayaraq, insan ölümünə səbəb olanların 5 ilədək həbs ediləcəyini də vurğulayıb:

“Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək cərimə tətbiq edilir. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.