Almaniyanın dünya şöhrətli polad məmulatlarının istehsalçısı olan «Wilhelm Geldbach GmbH» Azərbaycanda fəaliyyət başlamağa hazırlaşır. Martın əvvəlində şirkətin nümayəndə heyəti Bakıda səfərdə olaraq yerli bazar, buradakı şərait və imkanlarla tanış olub, çoxsaylı görüşlər keçirib.
Almaniyanın ən qədim və məşhur sənaye müəssisələrindən və polad məmulatlarının istehsalçısı olan «Wilhelm Geldbach GmbH» şirkətinin tarixi 1903-cü ildə polad məmulatları üzrə mütəxəssis Vilhelm Qeldbaxdan başlayır. Şirkətin polad məmulatlar istehsal edən ilk zavodunda sənayedə istifadə edilən borular, boru dirsəkləri, fittinqlər və sair buraxılırdı. Sonradan çoxsaylı texnoloji yeniliklərin və ixtiraların tətbiqi ilə şirkətin istehsal etdiyi məhsulların çeşidi artıb. Hazırda yüksək keyfiyyətli məhsulları və biznes fəaliyyəti nəticəsində «Wilhelm Geldbach GmbH» dünyanın ən tanınmış sənaye ehtiyacları üçün polad məmulatları istehsalçılarından biridir. Hazırda 117 illik tarixə malik olan şirkət indiyədək artıq 4-cü nəsildir ki, Qeldbaxlar ailəsi tərəfindən idarə edilir. Ailənin ayrı-ayrı üzvləri müxtəlif vaxtlarda polad məmulatları sahəsində elmi işləri və ixtiraları ilə tanınırlar. «Wilhelm Geldbach GmbH» dünyanın ən məşhur neft-qaz və kimya sənayesi şirkətlərini polad məmulatlarla – flans və fittinqlərlə təmin edir.
Şirkətin poladdan hazırlanan boru birləşdirici məhsulları - flans və fittinqləri neft hasilatı, qazma geoloji kəşfiyyat qurğularında, sənaye müəssisələri, neft kimya zavodlarında istifadə edilir.
Məlumat üçün bildirək ki, Fitinqlər - boruların fərqli diametrə keçməsi, istiqamətini dəyişməsi, şaxələnməsi üçün istifadə edilir. Flanslar (almancadan Flansch) - boruların bir birinə və digər detallara birləşdirilməsində istifadə edilir. Bu detallar müasir sənaye müəssisələri və boru kəmərlərinin ayrılmaz hissəsidir onlarsız belə sahələrin işini təsəvvür etmək mümkün deyil.
Lent.az-a müsahibəsində nümayəndə heyətinin rəhbəri, «Geldbach Group»un Qafqaz və Orta Asiya regionu üzrə səlahiyyətli nümayəndəsi Erkan Aksu «Wilhelm Geldbach GmbH» şirkəti, onun məhsulları və Azərbaycanla bağlı planları haqqında məlumat verib.
- 117 illik tarixi olan «Wilhelm Geldbach» şirkəti «Geldbach Group»a daxildir. Hazırda şirkətimizin rəhbəri Almaniyanın ən tanınmış iş xanımlarından biridir və həyat yoldaşı mərhum Manfred Geldbax vəfat etdikdən sonra şirkətə başçılıq edir. Şirkətimiz flans və fittinqlər istehsal edir, bunlar boru bağlantılarıdır, sənaye, neft-qaz qurğuları və şirkətlərində istifadə edilir. Məhsullarımız Çində alman standartları ilə istehsal edilir. Bundan başqa, Braziliya və Almaniyada da bizim fabriklərimiz var. Yəni qısa müddətdə böyük miqdarda istehsal edə biləcək gücə sahibik. Şirkətimiz dünyanın hər yerində - Braziliya, Sinqapur, Dubay, İspaniya, Almaniya və İtaliyada fəaliyyət göstərir, illik istehsal gücümüz 300 milyon avrodan yüksəkdir. Dünyanın müxtəlif bölgələrində çalışan 1200-dən artıq işçimiz var.
- Erkan bəy, «Geldbach Group»un məhsulları hansı sahələrdə istifadə edilir?
- Gördüyümüz işin, məhsullarımızın əhəmiyyətini sizə izah edim. Kilometrlərlə uzunluğu olan borular təsəvvür edin - qaz, neft və sair fərqi yoxdur - belə borular Azərbaycanda da var, bunların içərisində çox böyük təzyiqlər olur. Tutaq ki, bu borunun bir nöqtəsində zədələnmə baş verib, boru partlayıb və sair. Ənənəvi yolla olduqda, bu boru tamamilə dəyişdirilməlidir. Amma bizim istehsal etdiyimiz ara bağlantıları imkan verir ki, bütün boru deyil, onun yalnız zədələnmiş hissəsi əvəz edilsin. Nəticədə həm bərpa xərcləri, həm də qəzanın arandan qaldırılmasına sərf edilən müddət yüz dəfələrlə azalır. Yəni problemi anındaca həll etmək imkanımız var.
- Bu proses necə baş verir?
- Belə neft qaz kəmərləri milyonlarla metr uzunluqda olur. Yəni hadisə baş verərkən onların böyük hissəsinin dəyişdirilməsi tələb olunur. Bizim qurğular vasitəsilə isə bu boruları addım-addım qısaldıb tələb olunanda dəyişdirmək şansı yaradırıq. Yəni kəmər çəkilərkən, bu qurğular 30 metr, 50-100-150 metrdən bir yerləşdirilir, bu məsafə borudan, boru ilə hansı məhsulun daşınmasından və sair asılıdır. Bu qurğular əvvəlcədən boruya yerləşdirilir və hər hansı zədə baş verəndə, borunun məhz bu yerdəki hissəsi çıxarılır və yenisi ilə əvəz edilir. İlk baxışdan sadə proses kimi görünə bilər, amma təsəvvür edin ki, bu hadisə çox mühüm sahə sayılan neft sektorunda, hər hansı neft kəmərində baş verib. Burada vaxt itkisi böyük məsrəflərə səbəb olur. Borunun dayanması zaman hər saniyədə minlərlə dollar itirilir. Bizim məhsullar isə qəzanın tez və mümkün qədər itkisiz aradan qaldırılmasına imkan verir. Etiraf edək ki, 20-30 metrlik borunu itirmək 100 milyon dollar itirməkdən daha yaxşıdır.
Bu qurğuların nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün onu qeyd etmək kifayətdir ki, «Saudi Aramco»nun bircə borusunun partlaması nəticəsində şirkətin əsas zavodu işini dayandırmalı olmuşdu və şirkət bir gecəyə 500 milyard dollar itirdi.
- Məhsulların çeşidi və istifadə edilən materiallar hansılardır?
- Doğrudan da bizim özəlliyimiz təkcə məhsulu operativ çatdırmaq deyil, həm də yüksək keyfiyyətdir. Dediyim kimi, şirkətimiz flans və fittinqlər istehsal edir, bunlar boru bağlantılarıdır, sənaye, neft-qaz qurğuları və şirkətlərində istifadə edilir. Biz «Carbon steel», «Stainless steel», «Allou steel», «Low-temp steel», «Duplex steel», tələb olunduqda isə alüminiumdan məhsullar istehsal edirik. Bizimlə çalışacaq və məhsullarımızı istifadə edəcək insanlara məlumat üçün bildirmək istəyirik ki, ən kiçik, həm də çox böyük ölçülü məhsullar istehsal edirik. Yəni flanslarda 0,5 düymdən tutmuş 96 düymədək, fittinqlərdə isə 0,5-72 düymlük məhsullar buraxırıq.
- Əsas məsələ, məhsullarınızın keyfiyyəti hansı səviyyədədir. Fabrikinizin Çində olması keyfiyyətə necə təsir edir?
- «Geldbach Group»un məhsullarının keyfiyyəti və standartları barədə danışmaq artıqdır, bu sahədə çalışan istənilən şirkət «Geldbach» keyfiyyətindən xəbərdardır. Standartlarımız, yüksək adımız brenddir və bu sahədə bir dünya markasıyıq.
Şirkətimizin məhsulları spesifikdir, xüsusi sahələrdə, dediyim kimi, neft-qaz, kimya və digər oxşar layihələrdə istifadə edilir. Ona görə də çoxu bu barədə məlumatsız ola bilər. Amma sadə olması üçün bir misal çəkim. Gözünüzün qarşısına, alman məhsullarını, məsələn, “Mercedes” və ya BMW-ni gətirə bilərsiniz. Bu brendlər avtomobil sektorunda nə qədər keyfiyyətli və etibarlıdırsa, bizim «Geldbach» məhsulları da öz sektorumuzda o qədər çəkiyə və keyfiyyətə malikdir. Məhsulumuzun keyfiyyətinə görə, heç bir şirkətin bizimlə rəqabət aparmaq imkanı yoxdur.
- Erkan bəy, dünyada bu məhsullarla bağlı çoxsaylı standart var. Sizin məhsullarınız hansı standartlar əsasında istehsal edilir?
- Doğrudan da, hazırda dünyada standart çoxdur, onların arasında «ASME», «EN», «JİS», BS, AS, GOST və sairləri var. Biz bunların hamısına uyğun məhsul istehsal edə bilirik. Bəzi standartlar daha çox, bəziləri az istifadə edilir. Məsələn, ən çox «ASME» standartı istifadə edilir, «Britiş Standart» (BS) isə köhnədir və çox da geniş istifadə edilmir. Biz bunlar da daxil olmaqla, dünyada mövcud olan standartların hamısına uyğun məhsul buraxırıq. Hətta çertyojlar əsasında, standartdan kənar olaraq da məhsul istehsal edə bilərik - yəni özəl flans və özəl fittinqlər ola bilir. Bu çertyojları həm özümüz hazırlaya, həm də müştərilər tərəfindən verilən layihələr əsasında məhsul buraxa bilərik.
- «Geldbach Group»ın alıcıları, məhsullarınızın istifadəçiləri kimlərdir?
- «Geldbach Group» dünyanın demək olar ki, bütün aparıcı neft-qaz şirkətləri ilə əməkdaşlıq edir, qrupun məhsulları dünyanın əsas neft-qaz layihələrində istifadə olunur. Bunların arasında «Saudi Aramco», «Exxon Mobile», «Total» kimi nəhəng şirkətlər var. Bu şirkətlər həyata keçirdiyi layihələrə bizi xüsusi dəvət edirlər. Biz dünyada gəmi istehsalı, neft və qaz hasilatı, neft-qaz kəmərləri sahəsində çalışan, su, qaz sahələrində, sadə desək, yüksək təzyiqli borularla əlaqəsi olan istənilən sahədə əməkdaşlıq edirik. Harada yüksək keyfiyyətli və yüksək təzyiqə davamlı boru istifadə edilirsə, biz oradayıq. Hər sahəyə uyğun spesifikasiyalı borularla işləyirik.
- Qeyd etdiyiniz kimi, bu sahədə məhsulların keyfiyyəti ilə yanaşı, onun vaxtında çatdırılması da mühüm rol oynayır. Bu sahədə «Geldbach Group»un imkanları necədir?
- Biz həm məhsulun istehsalında, həm də çatdırılmada alman intizamı ilə çalışırıq, bu, sadəcə gəlişi gözəl söz deyil. Bizim işimizdə, hazırladığımız məhsulların istifadə edildiyi sahələrdə vaxt məsələsi çox vacibdir. Elə məhsullarla çalışırıq ki, bəzən ondan bütöv bir layihənin taleyi və qrafiki asılı olur. Ona görə də məhsullarımızı vaxtında çatdırmaq üçün geniş imkanlara malikik. Sizə neft kəmərindəki qəza ilə bağlı misal çəkdim. Bax belə hallarda məhsullarımızı ölkəyə sürətlə, tələb olunarsa, hətta təyyarə ilə də çatdırıla bilərik. Bizim fabriklər özümüzə aid olduğu üçün artıq məhsullarımız həmişə var və anbarlarda hazırdır. Dünyanın bütün yerlərində 30-a yaxın böyük anbarımız var. Bunlar Dubay, Braziliya, Almaniya, Çin, Sinqapur və sair ölkələrdədir. Yəni dünyada elə bir yer yoxdur ki, məhsullarımızı ora operativ çatdırmaq mümkün olmasın. Məsələn, Azərbaycan üçün ən yaxın anbar Dubaydadır, oradan məhsulları bir neçə saata çatdırmaq imkanımız var.
- İndi dünyada koronavirus kimi problem yaşanır, məhsul istehsalı azalır, onun çatdırılması ləngiyir və sair. Bu sizin işinizə təsir edirmi?
- Bizim şirkətin dünyanın hər yerində anbarları olduğu üçün bu proses bizim işimizə, malların çatdırılmasına mane olmur. Təbii ki, virus işimizə heç bir təsir göstərməyib demək, düz olmaz, bütün dünyada təsirini göstərir. Ola bilər ki, Çin dövləti ölkədən çıxan malları daha çox yoxlaya bilər, amma çatdırma ilə bağlı problem yoxdur, bütün dünyada mallarımız olduğu üçün bu proses bizim işə mane olmur.
- Hazırda «Geldbach Group» nə qədər ölkəyə məhsul satır?
- Açığı elə bir ölkə yoxdur ki, bizim məhsullarımız istifadə edilməsin. Embarqo səbəbindən İranı çıxmaq şərti ilə, Hindistan və Çindən tutmuş, Afrika və Misirə qədər (Misirdə böyük anbarımız da var), Banqkok və Tailandda, Avstraliyada iş görürük. Avropanın özündə, təbii ki, Almaniya, Hollandiya, İspaniya, İtaliya, Polşa, Türkiyə, bir sözlə, demək olar, bütün Avropa Birliyi ölkələrində işləyirik. Bu ölkələrdə gördüyümüz işlər bizim məhsulların keyfiyyətinin hansı səviyyədə olduğunu təsdiqləyir. İndi isə Azərbaycan bazarına daxil olmağı qərara almışıq və burada fəaliyyətə başlamağa hazırlaşırıq.
- Erkan bəy, necə oldu ki, «Geldbach Group» Azərbaycana gəlmək barədə qərar verdi?
- Birincisi, iri şirkət olaraq dünyada bütün potensial bazarları araşdırırıq. Son vaxtlar Azərbaycan xüsusilə diqqətimizi cəlb edib. Çünki əvvəla, biz Almaniya vətəndaşı olsaq da, türkük və Azərbaycan bizim üçün Türkiyə qədər doğmadır, ölkənizin uğurlarını, iqtisadi vəziyyətini də daima izləyirəm.
İkincisi, bir qədər əvvəl Azərbaycan prezidenti İlham Əliyevin xarici şirkətlərə, iş adamlarına və investorlara Azərbaycana investisiya etmək barədə çağırışını eşitmişik. Bu çağırışa qoşulmaq istədik, «Bu ölkənin inkişafına niyə bizim də bir qatqımız olmasın?» deyə düşündük. Həm də araşdırdıq və öyrəndik ki, ölkənizdə bizim məhsullar üçün böyük bir bazar var və bu bazarın içərisində olmaq istədik. Öz keyfiyyətimizə və ustalığımıza güvənərək burada böyük işlər görə biləcəyimizi düşündük.
- Azərbaycanla bağlı planlarınız necədir?
- Azərbaycan çox qədimdən neft ölkəsidir, burada indi də dünyanın iri şirkətləri ilə böyük neft layihələri reallaşdırılır. Eləcə də, Dövlət Şirkəti olan SOCAR özü də ölkədə iri layihələr həyata keçirir. Bizim məqsədimiz gələcəkdə bu layihələrdə iştirak etmək, tələb olunarsa, Azərbaycanda iri regional anbarımızı yaratmaq və əgər işlər qaydasında gedərsə, gələcəkdə burada istehsal qurmaq niyyətindəyik.
- Bakıya səfər zamanı burada hansı görüşləri keçirmisiniz?
- İndiki səfərimizin məqsədi bazarı araşdırmaq, çalışa biləcəyimiz sahələri və partnyorları müəyyən etməkdir. Burada çoxsaylı görüşlər keçirmişik, şirkət və fabrik-zavod rəhbərləri ilə görüşmüşük. Azərbaycanla bağlı planlarımıza pozitiv baxırıq, xüsusilə də, Bakı ilə bağlı fikirlərimiz çox müsbətdir. Azərbaycana daxil olmağımız müəyyən müddət davam edəcək. Azərbaycan ümumiyyətlə inkişaf etməkdə olan bir ölkədir, üstəlik, burada limanın da olması, ölkəyə və burada iş qurmaq istəyən iş adamları üçün əlavə üstünlükdür.
Biz Azərbaycanda işə başlamaqla buradan digər türk respublikalarına da keçməyi düşünürük. Necə deyirlər, bura bizim üçün mərkəz olacaq və burada olmaqla digər ölkələrin neft layihələrinə də qatılmaq niyyətindəyik. Çünki şirkətimiz, şirkətin rəhbərliyi də burada işləmək barədə qərar verib.
Digər tərəfdən «Geldbach Qroup»un Azərbaycanda fəaliyyətə başlaması Azərbaycan üçün də olduqca müsbət bir yenilikdir.
Çünki Azərbaycana gəlməyimizlə bu sahəyə də bir standart gətirmiş oluruq. Ki, belə keyfiyyətli və tanınmış məhsul istehsalçıları buraya gəlir və ölkədə işləyəcək. Yəni söhbət təkcə ticarətdən deyil, həm də istehsal sahəsi yaratmaqdan gedir.
- Erkan bəy, təmsil etdiyiniz «Geldbach Qroup», bir ailə şirkətidir. 117 ildir bir ailə tərəfindən idarə olunur. Bu qədər uzun ömürlüyük nəyin hesabınadır? Şirkət, bu ailə, buna necə nail olub?
- Çox mühüm məsələni qeyd etdiniz. Baxın, 117 il inkişaf etmək, ailə şirkəti olaraq qalmaq və bütün dünyada tanınmaq və sair - Avropada yüksək keyfiyyət olmadan bunu etmək mümkün deyil. Mən bayaq «Saudi Aramco» və «Exxon» haqqında danışdım, bu şirkətlər öz layihələrinə bizi xüsusi olaraq, xüsusi bir hüquqla cəlb edirlər və bizim keyfiyyətlə çalışmaq istəyirlər.
Yəni bütün bunlar işə ciddi yanaşmaq və məhsulun keyfiyyətinin hesabına baş verir. Əlbəttə, kommersiya qurumlarının məqsədi ilk növbədə gəlir əldə etməkdir, amma «Geldbach Qroup» üçün keyfiyyət ön yerdədir. Bircə keyfiyyətsiz məhsul şirkətin bütün reputasiyasını korlaya bilər. Ona görə də bizim şirkət alman səliqəsi, keyfiyyəti və intizamı ilə çalışır. Sadəcə bir məsələni qeyd edim ki, Avropa Birliyinin çox sərt standartları var, bu məkanda iş görərək məhsul istehsal etmək asan deyil, amma bizim üçün belə problem yoxdur. Standartlarımızı yüksək tutduğumuz və keyfiyyətimiz sayəsində dünyanın bütün ərazilərində işləmək bizim üçün rahatdır.