837
06:45
20 Mart 2020

Fransada koronavirusa yoluxanların sayı 11 minə çatıb

Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı təxminən 2 min nəfər artaraq 11 minə çatıb, 372 nəfər virusun qurbanı olub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon açıqlamasında bildirib.

“Fransada epidemiya artmaqda davam edir. Bu gün 10995 təsdiqlənmiş yoluxma halı qeydə almışıq. Xəstəxanaya yerləşdirilənlərdən 1122 nəfər ağır vəziyyətdədir”, - deyə Salomon brifinq zamanı qeyd edib. Onun sözlərinə görə, hazırda 4461 nəfər xəstəxanadadır.

Son sutka ərzində ölkədə virusdan ölənlərin sayı 100 nəfər artaraq 372 nəfər təşkil edib.

Bundan əvvəl 9134 yoluxma halının və 264 ölüm faktının qeydə alındığı bildirilmişdi.