Xocalıda köç üçün nəzərdə tutulan evlərdən oğurluq olub.
Lent.az-ın xəbərinə görə, hadisə Xanyurdu kəndində qeydə alınıb.
Burada təmir və tikinti işlərini həyata keçirən şirkətdə usta işləyən 49 yaşlı Şamil Manafov (şərti adla) iki evdən ümumilikdə 1564 manat dəyərində olan iki kombi aparatını oğurlayıb.
Kombi aparatlarının yerində olmadığını görən şirkət əməkdaşları hadisə ilə bağlı polisə xəbər veriblər. Araşdırma zamanı aparatların Şamil Manafov tərəfindən oğurlandığı üzə çıxıb. Nəticədə o saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində çoxlu borcu olduğu üçün bu cinayətləri törətdiyini deyib. O, əməlindən peşman olduğunu və vurduğu ziyanları ödədiyini bildirib.
Zərərçəkmiş şirkətin nümayəndəsi də həmçinin dəymiş zərərin ödənildiyini, şikayət və tələblərinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə Şamil Manafov 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.